Ermənistan tərəfi sülhdən danışa-danışa təxribatlarını davam etdirir. Son iki gündə Naxçıvan, Kəlbəcər, Gorus istiqamətində Ermənistan tərəfindən hərbi təxribatın həyata keçirilməsi qarşı tərəfin sülhdə maraqlı olmadığını göstərir. 2020-ci ilin 44 günlük Vətən Müharibəsi və 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən bir günlük lokal antiterror tədbirləri ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin edilib. Amma görünən odur ki, Ermənistan və onun Fransa kimi havadarları bu reallıqla barışmaq istəmir.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Azərbaycanın tarixi sərhədlərində şanlı üçrəngli bayrağımız dalğanır: “Ölkəmiz bölgədə qalıcı sülhün təmin edilməsi üçün ardıcıl olaraq addımlar atır. Ermənistan, Fransa və digər dağıdıcı mövqedə olanlar isə bölgədə yenidən qarşıdurma, gərginlik yaratmaq niyyətini gizlətmir. Azərbaycanın sülh təkliflərinə baxmayaraq Ermənistan təxribatçı mövqe sərgiləyir”.
Millət vəkili hesab edir ki, Ermənistanın son davranışları sülh prosesinə zərbədir: “30 ilə yaxın Azərbaycan torpaqlarını işğalda saxlamış dövlət yenidən öz köhnə ampulasındadır. Amma bütün bunlara baxmayaraq İrəvan üçün onun başlatdığı təxribatlar heç də uğurlu sonluq gətirməyəcək. Hərbi müstəvidə başlanacaq növbəti qarşıdurmanın bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşməklə yanaşı qarşı tərəf növbəti dəfə daha ciddi zərbə alacağını dərk etməlidir”.