Prezident cənab İlham Əliyevin dekabrın 24-də Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüşü çox mühüm rəmzi məna daşıyır. Qarabağ münaqişə həll olunana qədər ölkə başçısı öz doğum günlərində işğal olunmuş ərazilərimizdən olan məcburi köçkünlərlə, şəhid ailələrinin üzvləri ilə görüşürdü. Əslində bu görüşlər rəmzi məna daşımaqla bərabər çox böyük mesajlar da verirdi. Qərbi Azərbaycan İcmasının ziyalıları ilə keçirilən görüş də məhz bu qəbildəndir. Qərbi Azərbaycan İcması cari ilin avqust ayında əvvəlki Azərbaycan Qaçqınlar Cəmiyyətinin əsasında formalaşıb. İcma nümayəndələri ilə görüşdə Prezident İlham Əliyev tarixi faktlara əsaslanaraq çox geniş, eyni zamanda proqram xarakterli nitq söylədi. Ölkə başçısı bildirdi ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar.
Siyasetinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Cavid Osmanov deyib.
O qeyd edib ki, Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər və xəritələr təsdiqləyir: “Əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. XX əsrin əvvəllərinə təsadüf edən xəritələr də bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir. Tarix sübut edir ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb.
Xalqın tarixi yaddaşının doğma torpaqlarımıza olan sevgini hər zaman qoruyub saxladığını qeyd edən ölkə başçısı buna nümunə olaraq Zəngilan rayonunun Ağalı kəndində yaşayan insanları əyani nümunə olaraq göstərdi. Zəngilan rayonunun Ağalı kəndində yaşayan insanların böyük əksəriyyəti, eyni zamanda, uşaqlar, gənclər onlar üçün doğma olan o torpaqları heç vaxt görməmişlər. Ancaq torpaq həsrəti və Vətən sevgisi onları oraya getməyə vadar etdi.
Prezident cənab İlham Əliyev öz çıxışı ilə Qərbi Azərbaycan İcmasının ziyalıları qarşısında bir sıra mühüm vəzifələr də müəyyənləşdirdi. Ölkə başçısı vurğuladı ki, Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılmalı və Qərbi Azərbaycan İcması bu işləri daha məqsədyönlü şəkildə, nəticəyə hesablanmış tərzdə aparmalıdır. Hüquqi müstəvidə bütün lazımi tədbirlər görülməli, prosesə beynəlxalq hüquqşünaslar cəlb edilməlidir. Çünki beynəlxalq hüquqşünaslar bu qayıdış istəyini və hüququnu beynəlxalq müstəvidə necə reallaşdırmağın yolunu göstərəcəklər”.
Millət vəkilinə görə, Qərbi azərbaycanlıların qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmış toplum olduğunu bildirən Prezident İlham Əliyev bəyan etdi ki, onların hüquqları bərpa edilməli və onlar öz doğma torpaqlarına qayıtmalıdırlar: “Bunun üçün Qayıdış Konsepsiyası hazırlanmalı və bu sülhsevər konsepsiya olmalıdır. Çünki biz bunu sülh yolu ilə etmək istəyirik. Biz bütün beynəlxalq konvensiyalarda bizə məqbul olan müddəaları götürüb bunun əsasında öz hüququmuzu tələb etməliyik. Bunun üçün ilk növbədə rəsmi İrəvanın tarixi saxtakarlığı ifşa olunmalıdır. İrəvanın tarixi mərkəzi Azərbaycan xalqının tarixi irsi olub, Şəhərsalma adı altında bütün tarixi binalar, o cümlədən İrəvan qalası, Sərdar sarayı dağıdılıb. Bu ərazidə heç vaxt Ermənistan olmayıb və indiki Ermənistan bizim torpağımızdır. Ermənistan bütün başqa millətləri qovub, başqasının torpağında özləri üçün dövlət qurub. Mövcud həqiqətlərin və tarixi faktların beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması üçün Qərbi Azərbaycan İcmasının çox mötəbər bir rəqəmsal platforması olmalıdır. Orada həm tarixi həqiqətlər, həm tarixi abidələrimiz, ermənilər tərəfindən dağıdılan saraylar, məscidlər, şəhərlər, Azərbaycan tarixi irsinin silinməsi ilə bağlı olan faktlar öz əksini tapmalıdır. Bütün informasiya resursları məqsədyönlü şəkildə vahid konsepsiya və siyasət çərçivəsində iş aparılmalı və bunun əsas hədəfi qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıdışı olmalıdır.
Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüşdə Prezident cənab İlham Əliyev tarixi faktları səsləndirərək xatırlatdı ki, tarix heç zaman təhrif olunmamalıdır. Tarixən Azərbaycana qarşı bağışlanmaz səhvlər və cinayətlər törədilmişdir. Belə ki, 1918-ci ildə təzə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti özünün ilk qərarlarından birində Azərbaycanın tarixi şəhəri – İrəvanı Ermənistana faktiki olaraq bağışlamışdır. 1920-ci ildə sovet hökumətinin qərarı və erməni millətçilərinin təkidi ilə Azərbaycanın digər tarixi torpağı Zəngəzuru da Azərbaycandan ayırıb Ermənistana birləşdirdilər. Bu, Azərbaycan xalqına qarşı növbəti cinayət idi. Azərbaycan xalqına qarşı daha bir cinayət 1948-1953-cü illərdə törədilmiş, xalqımız növbəti deportasiyaya məruz qalmışdır. Sovet hökuməti xalqımıza qarşı növbəti bir cinayəti 1980-ci illərin sonlarında törətdi. Belə ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətdən getməsindən istifadə edən həm erməni millətçiləri, həm onların sovet hökumətindəki havadarları dərhal hərəkətə keçdilər. Ulu Öndər 1987-ci ilin noyabrında bütün vəzifələrdən uzaqlaşdırılandan iki həftə sonra erməni millətçiləri baş qaldırdılar. Sovet hökuməti onlara dəstək oldu və həm Qarabağda, həm ovaxtkı Ermənistan Respublikasında xalqımıza qarşı növbəti cinayət başlandı. Azərbaycanlılar tarixi diyarı olan Qərbi Azərbaycandan deportasiya edildi. Bütövlükdə 300-dən çox şəhər və kənddə yaşayan azərbaycanlıların hamısı 3 il ərzində Ermənistandan zorla çıxarıldı, qovuldu, bir çoxları öldürüldü, onlara işgəncələr verildi. Sonuncu kəndimiz Nüvədi 1991-ci ilin avqustunda deportasiyaya məruz qaldı. Bütün bunlar Sovet hökumətinin gözünün önündə baş vermiş cinayətlər olmuşdur”.
Deputat bildirib ki, tarixi faktlara əsasən Ermənistanın millətçilik, şovinizm siyasəti azərbaycanlılara qarşı davamlı olmuş, xalqımız öz əzəli torpaqlarından didərgin salınmışlar: “Bu haqda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hər zaman öz çıxışlarında danışmış və Azərbaycan həqiqətlərini yorulmadan beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmışdır. Ulu öndər çıxışlarının birində qeyd edirdi: “İndi Ermənistan adlanan ərazi, Qərbi Azərbaycan – İrəvan mahalı, Göyçə mahalı, Zəngibasar mahalı, Zəngəzur mahalı – bunlar hamısı müsəlmanlar, azərbaycanlılar yaşayan diyarlar olubdur. Təəssüf ki, bu ərazilərdən, diyarlardan müsəlmanlar çıxarılıblar, indi bu ərazilərdə bir nəfər də olsun müsəlman yoxdur. Bu da Ermənistan millətçiliyi, erməni ekstremizmi, erməni şovinizmi siyasətinin nəticəsidir.”
Ulu öndər Heydər Əliyevin siyasi dəst-xəttinə hər bir sahədə sadiq qalan Prezident cənab İlham Əliyev də hər zaman qeyd edir ki, bugünkü Ermənistan dövləti tarixi Azərbaycan torpaqları üzərində qurulmuşdur. İrəvan xanlığı, Zəngəzur mahalı bizim tarixi torpaqlarımızdır. Ölkə başçısının həyata keçirdiyi düşünülmüş siyasət nəticəsində artıq əzəli Azərbaycan torpağı olan Qarabağ və Şərqi Zəngəzur işğaldan azad olunub.
Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüşdə Prezident cənab İlham Əliyev bu ilin sentyabr ayında keçirilmiş hərbi əməliyyatların əhəmiyyətindən, eləcə də işğalda azad edilmiş ərazilərdə görülən bərpa-quruculuq işlərindən bəhs edərək qeyd etdi ki, artıq iki ildir ki, müzəffər xalq kimi yaşayırıq. Tarixi Zəfəri qazanmış xalq kimi biz dünya miqyasında doğrudan da tamamilə yeni bir vəziyyət yaratdıq. İnamını itirmiş xalqlar da bu gün inanırlar, bizə oxşamaq istəyirlər, bizim kimi hərəkət etmək istəyirlər, bizimlə məsləhətləşirlər. Ölkə başçısı vurğuladı ki, əsas məsələ ondadır ki, inamımızı itirməyək və gün gələcək, biz Qərbi Azərbaycanda da gözəl məclis keçirəcəyik və bu günü xatırlayacağıq”.