Fransa ev sahibliyi etdiyi Yay Olimpiya Oyunlarından öz çirkin məqsədləri üçün istifadə edir. Azərbaycana qarşı məkirli niyyətindən əl çəkməyən rəsmi Paris sülhə xidmət edən Olimpiya Oyunlarının mahiyyətini belə kobud şəkildə pozur. Yay Olimpiya Oyunlarının açılışı zamanı yaşananlar bunu bir daha sübut etdi.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, Paris Yay Olimpiya Oyunlarının açılışı zamanı bərbad təşkilatçılıq nəticəsində ayrıseçkilik, diskriminasiya, mühacirlərin zorla mərkəzdən uzaqlaşdırılması, qarət və digər xoşagəlməz hallar yaşanıb: “Başqa ölkələrin daxili işlərinə müdaxilə etməyə sanki adətkar olmuş Emmanuel Makron öz ölkəsində olanlar fonunda gülünc vəziyyətə düşüb. Fransa daxili intriqalarını belə sülh oyunlarında gizlədə bilməyib”.
Deputat hesab edir ki, Azərbaycana və Türkiyəyə qarşı düşmənçilik siyasəti aparan, islamafobiyanı körükləyən, dini, milli, irqi ayrıseçkilik edən rəsmi Paris min illiklərə dayanan sülh oyunlarını belə sadə qaydada təşkil etməyi bacarmadı. Makron hakimiyyətinin mahiyyəti, onun xalqları müstəmləkədə saxlamaq, separatizmi dəstəkləmək, suveren ölkələrin hüquqlarına müdaxilə etməyi özünün əsas istiqaməti kimi müəyyənləşdirdiyi iyrənc mexanizmlər bir daha özünü biruzə verdi”.
Aqil Məmmədov hesab edir ki, Olimpiya hərəkatının məqsədi insan ləyaqətinin qorunmasına xidmət edir: “Çox təəsüf ki, 2024-cü il Paris Olimpiya Oyunlarını “sülh və ümid anı” kimi təqdim edən Fransanın kolonial və neokolonial siyasəti bu amillərə ziddir. Bu xüsusda Makron hakimiyyətinin məkirli siyasətinə xidmət edən “France2” telekanalının səsləndirdiyi qəbuledilməz ifadələr, Azərbaycana qarşı yer alan əsassız iddialar qətiyyətlə rədd olunur. Azərbaycana qarşı səslənən bu absurd və riyakarlıqdan qaynaqlanan iftiralar Beynəlxalq Olimpiya Komitəsinin idman və Olimpiya Oyunları vasitəsilə təşviqinə çalışdığı prinsiplər və dəyərlərə əksdir. Azərbaycan haqlı olaraq Fransanın rəsmi dövlət kanalında səsləndirilmiş və Olimpiya Oyunlarının siyasiləşdirilməsinə xidmət göstərən qərəzli fikirləri ölkəmizə qarşı aparılan növbəti qarayaxma kampaniyasının tərkib hissəsi hesab edir. Bu kimi məkirli kampaniyalar Fransanın ermənipərəst mövqeyinə əsaslanır. Bütün bunların fonunda Yay Olimpiya oyunlarında ölkəmizə qarşı aparılan bu “təbliğata” görə məsuliyyət rəsmi Parisin üzərinə düşür. Azərbaycan Olimpiya Oyunlarının ev sahibi Fransanın rəsmi şəkildə bu hallara görə üzrxahlıq edəcəyini gözləyir”.