Qırğız Respublikasının prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri ölkələrarası münasibətlərdə olduqca önəmlidir. Qırğızıstanla Azərbaycan arasında tarixi və qırılmaz əlaqələr mövcuddur. Münasibətlərin inkişafında sözsüz ki, bu amil mühüm yer tutur. Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının prezidenti Sadır Japarovun ölkəmizə rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi birgə bəyanatda ölkələrimiz arasında olan tarixi əlaqələrdən, qarşıda duran hədəflərdən, birgə həyata keçiriləcək layihələrə və bir çox məsələlərə dair vacib mesajlar verildi.
Bunu Siyasətinfoya YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
“Azərbaycanla Qırğız Respublikası arasında qarşılıqlı fəaliyyət gündəliyi zəngindir. Dövlətlərarası Şuranın ikinci iclası uğurla keçirilib. İki ölkə arasında imzalanmış sənədlər qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi, ticarət dövriyyəsinin artması və bütün istiqamətlər üzrə əməkdaşlığa dair praktiki müstəvidə özünü təsdiq edir. İki ölkə arasında hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənə formalaşıb. Sözsüz ki, hər bir görüş qarşılıqlı fəaliyyətin, ünsiyyətin gücləndirilməsi, eləcə də ikitərəfli və çoxtərəfli əməkdaşlığın mühüm aspektləri baxımından önəmlidir” – deyə o qeyd edib.
Deputat bildirib ki, Azərbaycanı Mərkəzi Asiya ilə çoxəsrlik əməkdaşlıq, dostluq, qarşılıqlı fəaliyyət bağları birləşdirir: “Mərkəzi Asiya və Xəzər regionları, Xəzər və Cənubi Qafqaz regionlarının bir hissəsi olan Azərbaycan enerji resursları, nəqliyyat yolları, ticarət baxımından böyük əhəmiyyətə malikdir. Bu xüsusda hər iki ölkə iqtisadi-ticari sahədə fəal əməkdaşlıq edir və bu istiqamətdə böyük hədəflər mövcuddur. Sözsüz ki, Qırğızıstan Prezidentinin təşəbbüsü ilə Ağdam rayonunda orta məktəbin tikintisi qardaş dəstəyidir. Azərbaycan üçün bu böyük əhəmiyyət kəsb edir. Bununla yanaşı ölkəmiz Qırğızıstanda bərpaolunan enerji üzrə investisiya layihələrində maraqlıdır. Həm Qırğızıstanda, həm də Azərbaycanda irimiqyaslı nəqliyyat layihələri, dəmir yolunun tikintisi həyata keçirilir. Xəzər, Mərkəzi Asiya vasitəsilə Avropaya marşrutu təkcə məsafə nöqteyi-nəzərindən deyil, həm də kommersiya cəlbediciliyi baxımından əlverişlidir”.
Millət vəkili qırğız xalqının böyük oğlu Çingiz Aytmatovun Bakıdakı abidəsinin açılışının böyük mədəni hadisə olduğunu söyləyib: “Bütün bunlar iki ölkə arasında fəal qarşılıqlı fəaliyyəti davam etdirmək niyyətinin bariz nümunəsidir. Eyni zamanda Azərbaycanla Qırğızıstan arasında imzalanan sənədlər, “Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Birgə Bəyannaməsi” və digər əldə edilmiş razılaşmalar zəruri münasibətlərin xarakterini göstərən mühüm amildir. Prezident İlham Əliyev Bakıda görkəmli qırğız yazıçısı, qırğız xalqının böyük oğlu Çingiz Aytmatovun abidəsinin açılışının iki ölkə arasında dostluğun, qardaşlığın, birliyin rəmzi olacağını söyləyib. Sözsüz ki, bütün Türk dünyası öz layiqli nümayəndəsi ilə fəxr edir”.
Sevinc Hüseynova hesab edir ki, Azərbaycan hər zaman Qırğızıstanla münasibətlərə böyük önəm verir: “Azərbaycan və qırğız xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub. Qırğızıstanda 20 minə yaxın azərbaycanlı yaşayır ki, onların da əksəriyyəti Mərkəzi Asiyaya sürgün edilən repressiya qurbanlarının ailə üzvləridir. Həmvətənlərimiz Bişkek, Karabalta, Kant, Sokuluk, Oş şəhərlərində və ətraf rayonlarda yığcam halda məskunlaşıblar. Bu bir faktdır ki, Azərbaycanla Qırğızıstan arasındakı uğurlu dövlətçilik münasibətlərinin əsası məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Azərbaycanla Qırğızıstan arasında diplomatik münasibətlər 1993-cü il yanvarın 19-da qurulub. Ulu Öndər 1995-ci ilin avqustunda Türkdilli Dövlət Başçılarının III Zirvə Görüşü və “Manas” eposunun 1000 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün ilk dəfə Qırğızıstana səfər edib. 2007-ci ildə Azərbaycanın Qırğızıstanda səfirliyi, 2008-ci ildə Qırğızıstanın Bakıda səfirliyi fəaliyyətə başlayıb”.