Qırğız Respublikasının prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri ölkələrarası münasibətlərin xarakterini göstərən mühüm amildir. Qırğızıstanla Azərbaycan arasında tarixi və qırılmaz bağlar var. Bu amil münasibətlərin inkişafında mühüm önəm kəsb edir. Azərbaycan Prezident İlham Əliyevin və Qırğız Respublikasının prezidenti Sadır Japarovun ölkəmizə rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi birgə bəyanatda da tarixi əlaqələrdən, bu günki səviyyədə olan münasibətlərdən bəhs edilib.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Azərbaycanla Qırğız Respublikası arasında qarşılıqlı fəaliyyət gündəliyi kifayət qədər genişdir: “Dövlətlərarası Şuranın ikinci iclası uğurla keçirilib. İmzalanmış sənədlər qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi, ticarət dövriyyəsinin artması və bütün istiqamətlər üzrə əməkdaşlığa dair praktiki müstəvidə özünü aydın şəkildə göstərir. Həmçinin hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənə formalaşıb. Hər bir görüş qarşılıqlı fəaliyyətin, ünsiyyətin gücləndirilməsi, eləcə də ikitərəfli və çoxtərəfli əməkdaşlığın mühüm məsələlərinin həlli baxımından əhəmiyyətlidir. Sözsüz ki, Azərbaycanı Mərkəzi Asiya ilə çoxəsrlik əməkdaşlıq, dostluq, qarşılıqlı fəaliyyət bağları birləşdirir”.
Millət vəkili bildirib ki, bu gün Mərkəzi Asiya və Xəzər regionları, Xəzər və Cənubi Qafqaz regionlarının bir hissəsi olan Azərbaycan enerji resursları, nəqliyyat yolları, ticarət baxımından böyük əhəmiyyət kəsb edir. Bütün bunlar ona dəlalət edir ki, hər iki ölkə iqtisadi-ticari sahədə fəal əməkdaşlıq edir və bu istiqamətdə böyük hədəflərə malikdir. Bu xüsusda Qırğızıstan Prezidentinin təşəbbüsü ilə Qırğızıstan Ağdam rayonunda orta məktəbin tikintisini öz vəsaiti hesabına həyata keçirməsi qardaş dəstəyi hesab olunur. Azərbaycan üçün bu böyük əhəmiyyətə malikdir. Həmçinin Azərbaycan Qırğızıstanda bərpaolunan enerji üzrə investisiya layihələrində maraqlıdır. Həm Qırğızıstanda, həm də Azərbaycanda irimiqyaslı nəqliyyat layihələri, dəmir yolunun tikintisi həyata keçirilir. Xəzər, Mərkəzi Asiya vasitəsilə Avropaya marşrutu təkcə məsafə nöqteyi-nəzərindən deyil, həm də kommersiya cəlbediciliyi baxımından əlverişlidir”.
Deputat mədəniyyət sahəsində də ölkələrimiz sıx təmasda olduğunu Azərbaycanda Qırğızıstan Mədəniyyəti Günləri keçiriləcəyini söyləyib: “Qırğız xalqının böyük oğlu Çingiz Aytmatovun Bakıdakı abidəsinin açılışı isə böyük mədəni hadisə idi. Bütün bunlar iki ölkə arasında fəal qarşılıqlı fəaliyyəti davam etdirmək niyyətinin bariz nümunəsidir. Eyni zamanda Azərbaycanla Qırğızıstan arasında imzalanan sənədlər, “Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Birgə Bəyannaməsi” və digər əldə edilmiş razılaşmalar zəruri münasibətlərin xarakterini göstərən mühüm amildir. Prezident İlham Əliyev Bakıda görkəmli qırğız yazıçısı, qırğız xalqının böyük oğlu Çingiz Aytmatovun abidəsinin açılışının iki ölkə arasında dostluğun, qardaşlığın, birliyin rəmzi olacağını söyləyib. Sözsüz ki, bütün Türk dünyası öz layiqli nümayəndəsi ilə fəxr edir. Azərbaycan hər zaman Qırğızstanla münasibətlərə böyük önəm verir. Azərbaycan və qırğız xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub”.
Məlahət İbrahimqızı vurğulayıb ki, iki ölkənin möhkəm təməllər üzərində qurulan münasibətləri yüksələn xətlə inkişaf edir: “Qırğızıstanda 20 minə yaxın azərbaycanlı yaşayır ki, onların da əksəriyyəti Mərkəzi Asiyaya sürgün edilən repressiya qurbanlarının ailə üzvləridir. Həmvətənlərimiz Bişkek, Karabalta, Kant, Sokuluk, Oş şəhərlərində və ətraf rayonlarda yığcam halda məskunlaşıblar. Bu bir faktdır ki, Azərbaycanla Qırğızıstan arasındakı uğurlu dövlətçilik münasibətlərinin əsası məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Azərbaycanla Qırğızıstan arasında diplomatik münasibətlər 1993-cü il yanvarın 19-da qurulub. Ulu Öndər 1995-ci ilin avqustunda Türkdilli Dövlət Başçılarının III Zirvə Görüşü və “Manas” eposunun 1000 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün ilk dəfə Qırğızıstana səfər edib. 2007-ci ildə Azərbaycanın Qırğızıstanda səfirliyi, 2008-ci ildə Qırğızıstanın Bakıda səfirliyi fəaliyyətə başlayıb. Qarşıdakı dönəmdə isə əlaqələrin daha geniş spektorda inkişafı üçün tərəflərin daha sıx əməkdaşlıq edəcəyi əminlik mövcuddur”.