Ermənistan bölgədə yenidən gərginliyin yaranmasında maraqlıdır. Hərbi təlimlər adı altında Azərbaycanla sərhəddə ordu cəmləşdirən Ermənistanın sülhə olan münasibəti bir daha öz təsdiqi tapır. Bu günlərdə Naxçıvan istiqamətində növbəti dəfə hərbi təxribata əl atan Ermənistan əslində yaranacaq yeni gərginlik fonunda sülhün daha uzaq vaxta qədər təxirə düşməsinə zəmin yaradır.
Bunu Siyasətinfoya Milli Məclisin deputat Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Ermənistan daxilində revanşizmin yenidən baş qaldırmasında bir çox qüvvələr maraqlıdır: “Burada sözsüz ki, xarici faktorlar daha qabarıq görünür. Ermənistanın davamlı olaraq silahlanmasına çalışan Fransa nəyin bahasına olur-olsun bölgədə öz maraqlarını təmin etməkdə iddialıdır. Hindistan və Yunanıstanın isə Ermənistana hərbi yardımlar göndərməsi fərqli siyasi mahiyyət daşıyır”.
Deputat bildirib ki, aprelin 5-də Brüsseldə ABŞ-Avropa İttifaqı və Ermənistan arasında gözlənilən görüş əslində bölgədə maraqlı qüvvələrin öz niyyətini pərdələmək məqsədi daşıyır: “İddia edirlər ki, bu görüşdə Cənubi Qafqaza və Ermənistanın təhlükəsizliyinə dair heç bir məsələ müzakirə olunmaycaq. Sözsüz ki, bu məsələlərin əsl mahiyyətini mümkün qədər gizlətmək məqsədinə hesablanmış açıqlamadır. Hər addımda Ermənistanın təhlükəsizliyini önə çəkən bu qüvvələr üçün yaranmış real fürsətdən hansı məqsədlər üçün yararlanacağı diqqət mərkəzindədir”.
Məlahət İbrahimqızı hesab edir ki, Ermənistan və ona havadarlıq edən qüvvələrin atmaq istədikləri bütün addımlar sülh prosesinə ən böyük zərbədir: “Həmin qüvvələr II Qarabağ müharibəsindən sonra yaranmış yeni reallığa adekvat siyasət sərgiləsə, Cənubi Qafqazda sülhün təhlükəsizliyin etibarlı təminatına töhfə vermiş olarlar. Bunun əksinə olacaq istənilən addım alət rolunda istifadə edilən Ermənistan üçün daha böyük faciələrə yol açacaq”.