Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin martın 18-də Xankəndi şəhərində Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib. Cənab Prezidentin Xankəndidə bayram tonqalını alovlandırması tarixi hadisə idi. Uzun on illiklər Azərbaycan xalqının ən ümdə arzusu məhz Ermənistanın işğalında olan ərazilərimizin azad olunması orada şad günlərin, bayram təqvimlərinin qeyd olunması, tonqalların qalanması olub. 2020-ci ilin 44 günlük Vətən Müharibəsi ilə Azərbaycan dövləti 30 ilə yaxın davam edən ədalətsizliyə son qoydu. Ərazi bütövlüyümüz təmin edildi. Ermənistanın işğal faktı başa çatdı. Düşmən 30 ildə Azərbaycan xalqının başına gətirdiyi bütün müsibətlərə görə döyüş meydanında cavab verməli oldu. Rəşadətli Ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şəhidlərimizin, günahsız soydaşlarımızın qisasını aldı. Şəhidlərimizin qanı yerdə qalmadı. 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən lokal antiterror tədbirlərində isə Azərbaycan ərazisində kök salmış separatizm yuvası darmadağın edildi.
Azərbaycan xalqı artıq 4 cü ildir ki, bütün bayramları, o cümlədən milli bayramımız olan Novruzu tamam başqa bir ab-havada qeyd edir. 2021-ci ildə Şuşada yandırılan bayram tonqalı cənab Prezident tərəfindən bu dəfə Xankəndidə alovlandırıldı. Bu sözsüz ki, xalqımız, hər bir vətəndaşımız üçün qürurverici, hisslər, tarixi anlar kimi yaddaşlara həkk olundu.
Artıq dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalını qalayan cənab Prezident İlham Əliyev Novruz Bayramı münasibəti ilə xalqımıza ən xoş arzularını da məhz bu tarixi torpaqlarımızdan çatdırıb. Dövlətimizin başçısının da qeyd etdiyi kimi “altı ay bundan əvvəl cəmi bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində biz öz suverenliyimizi tam bərpa etdik. Bu gün Azərbaycanın ərazi bütövlüyü tamamilə təmin edilmişdir. Azərbaycan xalqı İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı nəticəsində böyük qəhrəmanlıq göstərib. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin, igid əsgər və zabitlərimizin fədakarlığı, peşəkarlığı, qəhrəmanlığı nəticəsində bu gün biz bu torpaqlarda qururuq, yaradırıq, bu torpaqlara həyat qayıdır”.
Qarabağ və Şərqi Zəngəzurda Böyük Qayıdış konsepsiyasına uyğun olaraq bərpa-quruculuq işləri davamlı olaraq aparılır. Artıq keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdır. Bu proses bu ildə uğurla davam edəcək. Cənab Prezident İlham Əliyev tərəfindən qələbəmizin növbəti rəmzi kimi Xankəndi şəhərinin əsas meydanı artıq “Zəfər meydanı” adlandırılıb. Bu tariximizə, zəfərimizə olan ən yüksək qiymətin göstəricisi hesab olunur.
Nübar Ələkbərova
Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatı Novxanı 4 saylı ərazi partiya təşkilatının (Novxanı su bağlar idarəsi) sədri