Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin martın 18-də Xankəndi şəhərində Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etməsi, bayram tonqalını alovlandırması qürurverici hadisə oldu. Azərbaycan xalqının ən ümdə arzusu məhz Ermənistanın işğalında olan ərazilərimizin azad olunması orada şad günlərin, bayram təqvimlərinin qeyd olunması, tonqalların qalanması olub. 2020-ci ilin 44 günlük Vətən Müharibəsi ilə Azərbaycan dövləti 30 ilə yaxın davam edən ədalətsizliyə son qoydu.
Bunu Siyasətinfoya YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Süevinc Hüseynova deyib.
O qeyd edib ki, artıq özlkəmizin ərazi bütövlüyü təmin edilib, Ermənistanın işğal faktına son qoyulub: “Düşmən 30 ildə Azərbaycan xalqının başına gətirdiyi bütün müsibətlərə görə döyüş meydanında cavab verməli oldu. Rəşadətli Ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şəhidlərimizin, günahsız soydaşlarımızın qisasını aldı. Şəhidlərimizin qanı yerdə qalmadı. 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən lokal antiterror tədbirlərində isə Azərbaycan ərazisində kök salmış separatizm yuvası darmadağın edildi. Ölkə ərazisi üzərində konstitusiya quruluşu bərqərar olundu. Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə speratçılardan təmizləndi. Bu gün Azərbaycan xalqı artıq 4 cü ildir ki, bütün bayramları, o cümlədən milli bayramımız olan Novruzu tamam başqa bir ab-havada qeyd edir”.
Deputat bildirib ki, 2021-ci ildə Şuşada yandırılan bayram tonqalı cənab Prezident tərəfindən bu dəfə Xankəndidə qalandı: “Torpaqlarımız azad olunub və ölkəmiz bu gün regionda və qlobal miqyasda söz sahibidir. Bütün bunlar ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi doğru, düzgün strategiya və cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən praqmatik siyasət nəticəsində mümkün olub. Artıq dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalını qalayan cənab Prezident İlham Əliyev Novruz Bayramı münasibəti ilə xalqımıza ən xoş arzularını da məhz bu tarixi torpaqlarımızdan çatdırıb. Dövlətimizin başçısının da qeyd etdiyi kimi “altı ay bundan əvvəl cəmi bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində biz öz suverenliyimizi tam bərpa etdik. Bu gün Azərbaycanın ərazi bütövlüyü tamamilə təmin edilmişdir. Azərbaycan xalqı İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı nəticəsində böyük qəhrəmanlıq göstərib. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin, igid əsgər və zabitlərimizin fədakarlığı, peşəkarlığı, qəhrəmanlığı nəticəsində bu gün biz bu torpaqlarda qururuq, yaradırıq, bu torpaqlara həyat qayıdır”.
Millət vəkili Qarabağ və Şərqi Zəngəzurda Böyük Qayıdış konsepsiyasına uyğun olaraq bərpa-quruculuq işləri davam etdiyini söyləyib: “Artıq keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdır. Bu proses bu ildə uğurla davam edəcək. Cənab Prezident İlham Əliyev tərəfindən qələbəmizin növbəti rəmzi kimi Xankəndi şəhərinin əsas meydanı artıq “Zəfər meydanı” adlandırılıb. Bu tariximizə, zəfərimizə olan ən yüksək qiymətin göstəricisi hesab olunur. Çünki dövlət başçısının da qeyd etdiyi kimi Xankəndi qədim Azərbaycan torpağıdır, Pənahəli xan tərəfindən salınıb. Keçən əsrin 20-ci illərinin əvvəllərində tamamilə əsassız, heç bir hüquqi, siyasi və demoqrafik əsası olmadan burada muxtar vilayət yaradılıb və məhz ondan sonra xalqımızın problemləri başlayıb. Məhz keçən əsrin 80-ci illərinin sonlarında Ermənistan Azərbaycana qarşı müharibə elan edərək, separatçı qüvvələri dəstəkləyərək, xalqımıza qarşı soyqırım və digər qanlı cinayətlər törədib. Sözsüz ki, bu məsələdə onlara dəstək verən xarici qüvvələr bu gün də həmin dəstəklərini davam etdirir. Əslində həmin xarici qüvvələr bu qanlı məsuliyyəti onlarla bölüşür”.
Sevinc Hüseynova vurğulayıb ki, cənab Prezidentin də qeyd etdiyi kimi bu gün biz azad edilmiş Qarabağda başımızı dik tutaraq yaşayırıq: “Ölkəmizin başçısı Xankəndidə xalqımızı Novruz bayramı münasibəıti ilə təbriklərini çatdırarkən bütün bu məsələlərə toxundu. Qeyd olundu ki, bu il Xankəndiyə və digər şəhərlərə, o cümlədən Xocalıya, Şuşaya, Cəbrayıla, Kəlbəcərə keçmiş köçkünlər qayıdacaqlar, bir neçə kəndə köçkünlər qayıdacaqlar və həyat qaynayacaq. Qarabağ yenidən cənnətməkan bir diyara çevriləcək”.