2024-cü il fevralın 7-də Azərbaycanın ictimai-siyasi həyatında növbəti əlamətdar gün kimi tarixə düşəcək. Hər zaman olduğu kimi keçiriləcək seçkilərin bu dəfə də demokratik, şəffaf, o cümlədən beynəlxalq norma və qaydalara uyğun baş tutacağına əminik.
Növbədənkənar prezident seçkilərinin Azərbaycanın güclü və inkişaf etmiş ölkə kimi tərəqqisinə növbəti möhtəşəm təkan olacağı da şübhəsizdir.
Hər zaman olduğu kimi bu seçkidə də xalqımızın seçimi bəllidir. Azərbaycan xalqı qarşıdan gələn prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə növbəti dəfə öz dəstəyini birmənalı şəkildə ifadə edəcək. Qalib xalqın, Qalib Liderinin seçimi məhz Ona böyük sevgi və dəstəklə müşahidə olunacaq.
Sözsüz ki, müasir, qalib Azərbaycanın sürətli inkişaf etməsi və güclənməsi, regional və qlobal miqyasda söz sahibinə çevrilməsi məhz Ulu öndər Heydər Əliyevin davamçısı Prezident İlham Əliyevin qətiyyətli, praqmatik siyasətinin nəticəsində mümkün olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin nəticəsi olaraq Azərbaycan iri strateji layihələrin mərkəzi, sivilizasiyalararası dialoqun aparıldığı, davamlı və sistemli inkişaf edən ölkə kimi dünyada böyük və nüfuzlu ölkə kimi tanınır. Bütün bunlar isə hər bir azərbaycanlı üçün böyük qürur və fəxarətlə qeyd edilən məqamlardır.
Azərbaycan bu gün həm yeni siyasi ənənələr, həm mədəniyyət formalaşdırır. Ölkəmiz həmçinin intensiv olaraq modernləşən bir məkan kimi xarakterizə olunur. Bütün bunlar isə paralel olaraq bir-birini tamamlayaraq dövlətin və cəmiyyətin inkişaf perspektivlərini müəyyənləşdirir.
Ölkəmiz bu gün regional mərkəzə çevrilib. Dövlətimizin strateji mövqelərinin möhkəmlənməsi qarşıdan duran vəzifələrin icrasını təmin etməyə imkan verib. Sözsüz ki, infrastrukturun şaxələndirilməsi, yeni iş yerlərinin yaradılması və iqtisadi təhlükəsizliyin daha yüksək səviyyəyə çatmasına imkan verib.
44 günlük Vətən Müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuz işğalçıları doğma torpaqlarımızdan qovub çıxardı. 30 illik işğal faktı bitdi. Ermənistanın təcavüzünə son qoyuldu. Bütün bunlar xalq-iqtidar birliyinin gücü sayəsində mümkün oldu. Qarabağ münaqişəsini həll etməklə Prezident İlham Əliyev Müzəffər Ali Baş Komandan kimi öz adını ən yeni tariximizə qızıl hərflərlə yazdırdı. Sözsüz ki, tarixi ədalətin, beynəlxalq hüququn bərpası yeni reallığın təzahürüdür.
İkinci Qarabağ müharibəsindən sonra regionda yeni bir reallıq yaranıb. Bu reallığın müəllifi qalib və güclü Azərbaycandır. Artıq işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri aparılır, keçmiş məcburi köçkünlər doğma evlərinə qayıdır. Böyük Qayıdış konsepsiyasına uyğun olaraq Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur. Bütün bunlar Azərbaycanın gücü və öz imkanları hesabına həyata keçirilir.
7 fevral tarixində baş tutacaq növbədənkənar prezident seçkilərinin xüsusi əhəmiyyəti ondan ibarətdir ki, bu seçkilər bütöv, qalib, suveren Azərbaycan ərazisində keçiriləcək. Xalqımız bu seçkilərdə də öz Liderinə, Müzəffər Qalib Ali Baş Komandana öz birmənalı dəstəyini ifadə edəcək. Xalqımız bütünləşmiş Azərbaycanın gələcəyinə səs verəcək.
Nübar Ələkbərova
YAP Abşeron rayon təşkilatının fəalı