Prezident İlham Əliyev 31 dekabr 2023-cü il tarixində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində geridə buraxdığımız il və qarşıda duran vəzifələrdən bəhs etdi. 2023-cü ildə ölkəmizin həyatında baş verən önəmli hadisələrdən danışıldı. Sözsüz ki, dövlət suverenliyimizin bərpası 2023-cü ildə Azərbaycan xalqının yaddaşında əbədi həkk olunan mühüm hadisələrdən biri oldu. Bununla da ərazilərimizdən Ermənistana məxsus qanunsuz silahlı birləşmələr və separatçı qüvvələr tamamilə çıxarıldı. 2023-cü ildə birgünlük antiterror tədbirləri nəticəsində Azərbaycanın dövlət suverenliyini tam təmin olundu.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin bildirdiyi kimi “2020-ci ildə II Qarabağ müharibəsi başa çatanda bizim Bayrağımız Şuşada və azad edilmiş digər ərazilərdə qaldırılanda biz hamımız yaxşı bilirdik ki, işimiz yarımçıq qalıb”. Çünki Vətən Müharibəsindən sonrakı ötən üç ildə Ermənistandan 10 noyabr 2020-ci ildə imzalamış olduğu kapitulyasiya sənədinə riayət etməsi, götürdüyü öhdəliklərin icrası etməsi tələb edilirdi. Bütün öhdəliklərdən hər zaman olduğu kimi boyun qaçıran Ermənistan növbəti dəfə təxribatlara əl atır, separatizmi təşviq edir, bunun fonunda Azərbaycan ərazisində qanlı mina terrorunu davam etdirirdi. Azərbaycan tərəfindən dəfələrlə bu hallara son qoyulması üçün Ermənistana və onun havadarlarına müraciət edilsə də heç bir nəticəsi olmamışdı. Belə olan halda Azərbaycan öz ərazisində terrorizmə və separatizmə qarşı mübarizədə legitim hüquqa və beynəlxalq birliyin prinsiplərinə uyğun addım atmaq məcburiyyətində qaldı. Nəticədə, 2023-cü ilin 19-20 sentyabr tarixlərində bir günlük lokal antiterror tədbirləri ilə Azərbaycan öz ərazisi üzərində suverenliyini və konstitusiya quruluşunu tam təmin etdi. Azərbaycan Ordusu peşəkarlıq, qəhrəmanlıq göstərərək bütün şəhidlərimizin, Xocalı qurbanlarının qisasını döyüş meydanında aldı. Azərbaycan ərazisində uzun müddət kök salmış terror yuvası məhv edildi. 2023-cü ilin aprel ayında Azərbaycan-Ermənistan sərhədinin Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsi qurulmaqla Azərbaycanın ərazi bütövlüyü tam bərpa edilmişdisə, bir günlük lokal antiterror tədbirləri ilə ölkəmizin suverenliyi tam təmin olundu”.
Deputat bildirib ki, II Qarabağ müharibəsindən sonra 30 ilə yaxın ermənilər tərəfindən viran qoyulan Qarabağ və Şərqi Zəngəzur bu gün böyük tikinti meydançasına çevrilib: “Şəhərlər, kəndlər yenidən qurulur. Artıq ötən il 5 minə yaxın keçmiş köçkün öz doğma torpaqlarına qayıdıb. Soydaşlarımız öz doğma yurlarında bayram edir. Laçında, Füzuli şəhərinda, Zabuxda, Talış kəndidə Ağalıda və digər bərpa edilmiş yaşayış məntəqələrimizə keçmiş məcburi köçkünlərin geri dönüşü təmin edilib. Böyük Qayıdış konsepsiyasına uyğun olaraq bütün keçmiş məcburi köçkünlərin öz əzəli yurdlarına dönüşü təmin ediləcək. Cənab Prezident İlham Əliyev 2024-cü ildə Kərkicahan, Malıbəyli, Turşsu kəndləri tam bərpa edilib keçmiş köçkünlərin sərəncamına veriləcəyini, eyni zamanda, Xocalı və Xankəndi sakinlərinin də öz evlərinə qayıdacağını bildirdi. Bu sözsüz ki, uzun on illiklər xalqımızın gözlədiyi ən qürurverici bir xəbər oldu. Reallıq odur ki, ermənilər 30 il ərzində Azərbaycan ərazilərində bütün yaşayış məntəqələrini, tarixi binaları, məscidləri yerlə-yeksan edib, xalqımıza qarşı soyqırım və ekololji terror həyata keçirb. Çox təəsüf ki, Azərbaycana qarşı soyqırım, ekoloji terror həyata keçirən Ermənistana bu cinayətlərinə görə, Qərbdən heç bir reaksiya verilməyib. Sözsüz ki, bu ikili standartların təzahürü olaraq ortaya çıxır. Xalqımız son 30 ildə bu kimi ikilistandartları çox görüb. Bütün bunlara baxmayaraq xalq-dövlət olaraq milli birlik fonunda ölkəmiz ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən inkişaf strategiyası və cənab Prezident İlham Əliyev tərəfindən daha böyük hədəfləri aşmaq iqtidarındadır. Bu amil bütün sahələrdə olduğu kimi iqtisadi sahədə də uğurlarının əsas təminatçısı hesab edilir. Eyni zamanda ordu quruculuğu sahəsində qarşıda duran bütün hədəflərə nail olunub. Müharibədən sonra da Azərbaycan Ordusunun daha da gücləndirilməsi istiqamətində zəruri addımlar atılıb. Silahlı Qüvvələrimiz üçün yeni silahlar, hərbi texnika alınıb və yeni kontraktlar imzalanıb. Bütün bunlarla yanaşı Azərbaycanın beynəlxalq nüfuzu gündən-günə artır. 2023-cü ilin dekabr ayında dünyanın ən böyük beynəlxalq konfransının Azərbaycanda keçirilməsi haqqında bütün dünya ölkələri yekdil qərar qəbul edib. COP29-un gələn il Azərbaycanda keçirilməsi ölkəmizə dünya ictimaiyyəti tərəfindən göstərilən böyük hörmət və rəğbətin göstəricisidir. Bu eyni zamanda, ölkəmizin yaşıl enerjiyə keçidinə olan böyük qiymət hesab edilir”.
Millət vəkili 2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” kimi qeyd edilməsi, Dahi Liderin zəngin həyat və fəaliyyətinə bir daha nəzər salınması üçün bir çox vacib görüşlərin, tədbirlərin keçirildiyini bildirib: “Ölkəmizdə Ulu Öndərin 100 illiyini böyük təntənə ilə qeyd edildi. 2023-cü il oktyabrın 15-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən Ağdərədə, Əsgəranda, Xocavənddə, Xocalıda, Xankəndidə şanlı üçrəngli bayrağımızın ucaldılması, noyabrın 8-də Xankəndinin mərkəzi meydanında Zəfər paradının keçirilməsi Ulu Öndərin xatirəsinə ən böyük hörmətin əlaməti idi. Məhz bu tarixi uğurlar hər bir soydaşımız, dünya azərbaycanlıları üçün böyük qürurverici hadisə oldu. Tarixi Zəfərimiz fonunda II Qarabağ müharibəsindəki qələbə, antiterror tədbirləri zamanı bütün azərbaycanlılar haqlı olaraq bir yumruq halında birləşdi. Bu mənada “Dəmir yumruq” birliyimizin rəmzinə çevrildi”.
Məlahət İbrahimqızı hesab edir ki, Azərbaycan xalqı ötən əsrin sonlarında olduğu kimi II Qarabağ müharibəsində Müzəffər Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşməklə dünyaya nümunə göstərmiş oldu: “1990-cı ilin 20 yanvar faciəsi zamanı da xalqımız bütün təhlükələrə, maneələrə, çətinliklərə baxmayaraq şəhidlərimizə böyük sevgi və ehtiramını nümayiş etdirdi. Ulu Öndər Heydər Əliyev 20 yanvar hadisələrinin səhərisi günü Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək Bakıdakı qanlı qırğına öz etirazını bildirib. Məhz ulu öndər Heydər Əliyev bu hadisələrin dünya ictimaiyyətinə çatdırılmasına misilsiz xidmətlər göstərdi. Bütün çətinliklərə və təhlükələrə rəğmən Ulu Öndər Heydər Əliyevin o dövr cənab İlham Əliyevlə birlikdə xalqımıza qarşı törədilmiş bu qanlı terror hadisəsinin əsl mahiyyətinin beynəlxalq ictiamiyyətə çatdırması, günahkarların cəzalanmasını tələb etməsi olduqca önəmli idi. Bu həmçinin bu böyük cəsarət tələb edirdi. Ulu öndər Heydər Əliyevin o vaxt verdiyi bəyanatlar xalqımıza böyük ümidlər yaratmışdı. Bu dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlılara inam verdi. Vətənə qayıdan ümummilli lider 1991-ci ilin 16 dekabrında Naxçıvan Ali Məclisinin sədri kimi dünya Azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə – Azərbaycan Respublikasının Ali Sovetinə müraciət etdi. Dekabrın 25-də Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının həmrəyliyi günü elan olunması barədə qanun qəbul edib. Həmin tarixdən etibarən bütün azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edir. Məhz bu tarixi reallıq fonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi 70-dən çox ölkədə yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, birlik və həmrəylik yaratmaq üçün mühüm önəm kəsb edir. 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya azərbaycanlılarının I Qurultayı keçirildi. Ümummilli Lider Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə xaricdəki soydaşlarımızla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (hazırda Diasporla İş üzrə Dövlət Komitəsi) yaradıldı. Həmin il dekabrın 27-də isə “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanunun qəbul olundu. Prezident İlham Əliyevin “Dünya azərbaycanlılarının II qurultayının keçirilməsi haqqında” 2006-cı il 8 fevral tarixli Sərəncamı və həmin il martın 16-da Bakıda keçirilən növbəti mötəbər toplantı xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi istiqamətində yeni addım oldu. Prezident İlham Əliyevin 2018-ci 6 iyul tarixli Fərmanı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondu yaradılıb. Bütün bunlar diaspor fəaliyyətinin daha da təkmilləşdirilməsinə, güclənməsinə hesablanıb. Ötən il Dünya Azərbaycanlılarının Şuşada keçirilmiş V Qurultayının xalqımızın tarixində mühüm hadisə oldu. Bu bir reallıqdır ki, tarixi qələbədən sonra da bu istiqamətdə addımlar davamlı atılmalı, xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi siyasəti daha da güclənməlidir. Bütün bu amillər məhz 50 milyonluq dünya Azərbaycanlıları “Azərbaycançılıq” ideologiyası ətrafında sıx birləşməsinə hesablanıb”.