II Qarabağ müharibəsi başa çatdıqdan sonra qalib ölkə olmasına baxmayaraq Azərbaycan Ermənistana sülh təklifi göndərib. Bu sülh təklifində nəzərdə tutulan şərtlər beynəlxalq hüququn hamılıqla tanınmış normalarına uyğun olaraq suverenlik və ərazi bütövlüyünə qarşılıqlı hörmət olunmasını özündə ehtiva edir. Həmçinin bir-birinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiq edilməsi və diplomatik münasibətlərin qurulmasını əhatə edən beş əsas prinsip burada öz əksini tapıb. Bununla da Azərbaycan hər zaman olduğu kimi müharibədən qalib ayrılan ölkə olaraq da növbəti dəfə Ermənistanla sülh danışıqlarının təşəbbüskarı kimi çıxış edib.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, bununla yanaşı Azərbaycan nəhayət bölgədə qalıcı sülhün təminatı üçün Ermənistanla müxtəlif məkanlarda danışıqlar aparır: “Çünki indiki real situasiyada bölgədə qalıcı sülh sazişinin imzalanması üçün tarixi şans yaranıb. Bu yeni bir reallıqdır. Yeni reallığın müəllifi qalib, güclü Azərbaycandır. Prezident İlham Əliyevin sülh konsepsiyası məhz bundan sonra bütövlükdə Cənubi Qafqazda yeni bir şəraitin yaranmasını özündə ehtiva edir. Bu mənada Ermənistan və ona havadarlıq edənlər bölgədə yaranacaq yeni canlanmaya, inkişafa, sabitliyə, əməkdaşlığa dəstək vermək niyyətində olduqlarını sülh prosesinə töhvə verməklə təsdiq etmiş ola bilərlər”.
Deputat hesab edir ki, ötən ilin sonlarına yaxın Azərbaycanla Ermənistan arasında sülh və danışıqlar müstəvisində bir sıra müsbət tendensiyalar müşahidə edildi: “Azərbaycan Prezident Administrasiyası ilə Ermənistan baş nazirinin aparatının 2023-cü dekabrın 7-də yaydığı mühüm birgə açıqlama buna əyani misaldır. Çünki məhz bu razılaşma əsasında saxlanılan 34 erməni həbçi ilə iki Azərbaycanlı hərbçi qarşılıqlı şəkildə təhvil verilib. Eyni zamanda Azərbaycan Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini, Ermənistan isə Azərbaycanın COP29-a ev sahibliyi etmək üçün namizədliyini dəstəklədiyni bəyan edib. Sözsüz ki, bu iki ölkə arasında heç bir vasitəçi olmadan birbaşa ikitərəfli danışıqlar aparmaqla əldə edilən nəticə idi”.
Millət vəkilinə görə, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” qəzetinə müsahibəsində də məhz bu istiqamətdə atılan addımların mahiyyəti dolğun şəkildə izah edilib: “2023-cü ilin sentyabrın 19-20-də keçirilən antiterror tədbirlərindən və Azərbaycanın suverenliyinin tam bərpasından sonra Azərbaycanla Ermənistan arasında gərginliyin əsas mənbəyi olan Qarabağ məsələsi artıq gündəmdə deyil. Bütün bunlar ona dəlalət edir ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanmasına ciddi maneə qalmayıb. Yaxşı olardı ki, Ermənistan tərəfi yaranmış tarixi şansdan istifadə edərək reallığı düzgün dəyərləndirib sülh istiqamətində addım atmaqda cəsarət sərgiləsin. Bu Ermənistanın gələcəyi üçün olduqca vacib, prinsipial bir məsələdir”.