“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna və digər normativ hüquqi aktlara təklif edilən əlavə və dəyişikliklər məhz ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədardır.”
Siyasetinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
Onun sözlərinə görə, əhalinin əsas ərzaq ehtiyaclarının ödənilməsi barədə müddəaların hüquqi əsası 1985 –ci ildə qəbul edilmiş BMT “İstehlakçıların hüquqlarının müdafiəsinə dair” Rəhbər Prinsiplərində təsbit edilən əsas tələbatların ödənilməsi hüququnun təmin edilməsindən irəli gəlir. Bu gün ayrı-ayrı ölkələrdə ərzaq təhlükəsizliyinin təmin edilməsi sabitlik mühiti yaratmaq üçün vacib şərtdir: “Ölkənin ərzaq təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsidir. 6 dekabr 2016-cı il tarixində Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənmiş Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində ölkənin ərzaq təhlükəsizliyinin dayanıqlılığının təmin edilməsi üçün institutsional potensialın gücləndirilməsi strateji hədəf kimi elan edilib. Bu hədəfə çatmaq üçün prioritetlər müəyyənləşdirilib. Həmin siyasətin davamı olaraq “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd olunub ki, işğaldan azad olunmuş ərazilərdən yeni torpaqların əkin dövriyyəsinə cəlb edilməsi, dünya miqyasında əhalinin gündəlik tələbatına daxil olan bir sıra ərzaq və qeyri-ərzaq məhsullarının qiymətinin artım dinamikası da nəzərə alınmaqla, Azərbaycan Respublikasında ərzaq təhlükəsizliyi tədbirləri üçün 625,2 milyon manat vəsait proqnozlaşdırılıb ki, bu da 2022-ci illə müqayisədə 38,6 faiz çoxdur.”
Deputat hesab edir ki, əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, bu sahədə dövlətin vəzifələri, dövlət ərzaq ehtiyatları və ərzaq bazarının dövlət tənzimlənməsi kimi müddəalar bu sahədə mövcud boşluqların aradan qaldırılmasına yardım edəcək. K.Nurullayeva layihədə ümumi müddəaların əks olunduğunu bildirib. Onun sözlərinə görə, ərzaq ehtiyatları ilə əlaqədar prioritetlərin müəyyən edilməsi, məhsulların və anbarların yaradılması və istismarı, həmin ehtiyatların mümkün qısa müddətdə yenilənməsi, istehlak bazarına mənfi təsirlərinin qarşısının alınması, istifadə müddəti keçmiş məhsulların dövriyyədən çıxarılması və başqa bu kimi prosesin bütün mərhələlərinin normativ tənzimlənməsi üçün çoxsaylı yeni qərar layihələrinin hazırlanaraq müzakirəyə təqdim edilməsi vacibdir.