Azərbaycanla İraq arasında uğurla inkişaf edən əlaqələrin əsası 30 mart 1992-ci ildə qoyulub. Məhz həmin ildə İraqın Bakıdakı diplomatik nümayəndəliyi baş konsulluq səviyyəsindən səfirlik statusuna keçib. Eyni zamanda ötən dövr ərzində ölkələrimiz arasındakı əlaqələr müntəzəm şəkildə inkişaf edib. 2016-cı ilin oktyabrında Azərbaycanın Bağdad şəhərində səfirliyinin fəaliyyətə başlaması bu əlaqələrin bariz nümunəsi hesab edilir.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
“Azərbaycan və İraq beynəlxalq təşkilatlarda bir-birinə dəstək verir. BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı kimi təşkilatlarda qarşılıqlı dəstək nümayiş etdirir. Azərbaycan və İraq bir-birinin ərazi bütövlüyü və suverenliyini dəstəkləyir. Bu baxımdan İraq prezidenti Əbdüllətif Camal Rəşidin ölkəmizə səfəri olduca əhəmiyyətli idi. İraq prezidentinin Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyevlə görüşü, verilən bəyanatlar vacib əhəmiyyət kəsb edir” – deyə o qeyd edib.
Deputat iki ölkə liderinin görüşündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tam təmin etməsi ilə nəticələnən regionda yaranmış yeni reallıq və Azərbaycan-Ermənistan arasındakı sülh danışıqlarının hazırkı vəziyyəti ilə bağlı verilən məlumatlara diqqət çəkib: “İraq prezidentinin bu səfəri diplomatik əlaqələr tarixində Azərbaycana ilk rəsmi səfəri idi. Məhz bu kontekstdə İraq prezidenti ilə birlikdə verilən bəyanatda da ölkəmizin başçısı Azərbaycanın 2020-ci ildə öz ərazi bütövlüyünü təmin etdiyini vurğuladı. Ölkəmizin başçısı 30 ilə yaxın Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalda saxlanılmasına baxmayaraq beynəlxalq birliyin heç bir təsirli addım amadığını qeyd edib. Prezident İlham Əliyev Azərbaycan ərazilərinin müxtəlif beynəlxalq vasitəçilik səylərinə baxmayaraq, Ermənistan tərəfindən işğalda saxlamaq niyyətinin olduğunu söyləyib. Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən Müharibəsi ilə özünün beynəlxalq səviyyədə tanınmış ərazilərini hərbi yolla azad etdiyi vurğulanıb”.
Millət vəkili bildirib ki, Azərbaycan bu gün özünün ərazi bütövlüyü və suverenliyini təmin etməklə yanaşı sülh prosesinə sadiqdir: “Ölkəmizin hərbi-siyasi üstünlüyünə baxmayaraq Ermənistana sülh təklif edir ki, bölgədə sabitlik, əməkdaşlıq, inkişaf təmin edilsin. Ermənistan isə ənənəvi siyasətinə sadiq qalaraq Azərbaycanın sülh təklifinə konkret cavab verməkdən boyun qaçırır. Ermənistanın sülh prosesindən boyun qaçırmasına imkan yaradan ölkələr var ki, bu sırada Fransanın hazırda Cənubi Qafqazla bağlı destruktiv siyasət apardığı müşahidə olunur. Fransa özünün qaranlıq keçmişinə, müstəmləkələrdə apardığı soyqırım və hərbi cinayətlərinə baxmayaraq məkirli siyasətini davam etdirir. Rəsmi Paris Cənubi Qafqazda öz məkirli maraqları naminə Ermənistandan alət kimi yararlanmağa çalışır. Bütün bunların fonunda Azərbaycan özünün sülh konsepsiyasına uyğun olaraq beynəlxalq əlaqələrə xüsusi önəm verir ki, bu kontekstdə ölkəmizlə İraq arasındakı münasibətlər intensiv xarakterə malikdir”.