Keçmiş ATƏT-in Minsk Qrupunun həmsədri kimi ABŞ onilliklər ərzində vasitəçi olsa da heç vaxt konkret olaraq Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsi tələbi ilə çıxış etməyib. 30 ilə yaxın Ermənistan tərəfindən həyata keçirilən etnik təmizlənmənin qurbanı olmuş azərbaycanlı qaçqın və məcburi köçkünlərə humanitar yardımla bağlı da rəsmi Ağ ev heç bir addım atmayıb. Eyni zamanda ABŞ beynəlxalq öhdəliklərə uyğun olaraq Azərbaycanın Ermənistan tərəfindən işğalda saxlanılan ərazilərinin azad olunması ilə bağlı da hər hansı təşəbbüs göstərməyib.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin erməni silahlılarından boşaldılması ilə bağlı 4 qətnaməsinin icrası nədənsə 30 ildə ABŞ-ın yadına düşməyib: “Eyni zamanda hər zaman ölkələrin ərazi bütövlüyü və suverenliyi ilə bağlı çağırışlar edən ABŞ Azərbaycan ərazilərinin işğaldan azad edilməsinə, Ermənistan silahlı qüvvələrinin çıxarılmasına, o cümlədən qondarma rejiminin ləğvinə dair heç bir mövqe sərgiləməyib”.
Deputat vurğulayıb ki, bütün bunların əksinə Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etməsi ABŞ kimi bəzi dövlətləri, erməni lobbisinin təsirində olan dairələri ciddi narahat edib: “Qarabağdan erməni əsilli sakinlərin könüllü şəkildə, heç bir təsir və təzyiqlə üzləşmədən çıxması sonrası Qərb dövlətləri bu məsələni Azərbaycana qarşı siyasi təzyiq vasitəsi kimi istifadə etməyə çalışır. Bu mənada ABŞ Dövlət Departamenti rəsmilərinin Azərbaycan əleyhinə bəyanatları təəsüf doğurur. Çünki bu kimi yanaşmalar heç bir məntiqə və fakta əsaslanmayan, erməni lobbisinin istək və arzularının ifadəsi kimi önə çıxır”.
Millət vəkili hesab edir ki, zaman etibarı ilə ABŞ Ermənistanı yanlış istiqamətə yönəldib: “Bir vaxtlar separatçıların qeyri-qanuni fəaliyyətinin müdafiəsi məqsədilə onlara dəstək verilib. Separatçıların ABŞ-a səfər etmələri üçün imkan yaradılması və maliyyə vəsaiti ayırmaqla Azərbaycan ərazilərində qanunsuz rejimin saxlanılmasına olan münasibət unudulmayıb. Əgər ABŞ Azərbaycana, beynəlxalq sülh və təhlükəsizliyə qarşı təhdidlərə fərqli münasibət göstərsəydi ölkəmizə dəstək verərdi. Çünki ABŞ-ın da iştirak etdiyi vasitəçilik cəhdlərinin nəticə verməməsi Ermənistanın işğalçı siyasətinin davam etməsinə imkan yaratdı. Məhz bu amillər Azərbaycanı öz torpaqlarını hərbi yolla azad etmək zərurəti yaratdı. Əslində ABŞ keçmiş münaqişənin sülh yolu ilə həlli istiqamətində fəaliyyətsizliyinə görə öz məsuliyyətini dərk etməlidir”.
Məlahət İbrahimqızı vurğulayıb ki, bu gün sülhün və sabitliyin təmin edilməsinə qarşı Ermənistanın təcavüzkar siyasətini cəsarətləndirmək yolverilməz yanaşmadır: “Bütün bunların fonunda isə Azərbaycanla təhdid dili ilə danışmaq qəbuledilməz haldır. Ölkəmizə qarşı hər hansı davranış heç bir fayda verməyəcək”.