Qədim türk dilində “çay üstündə qala” adlanan Kəlbəcər rayonu ərazisində Tərtər çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Eyni zamanda Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar olunub. Həmin daş abidələr Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərə təsadüf edir. Azərbaycanın ən yüksək dağ rayonu olan Kəlbəcərə inzibati status 1930-cu ildə verilib. Ermənistanın Kəlbəcəri işğalına qədər rayonun əhalisi 53 478 nəfər, ərazisi isə 3054 kv km təşkil edib.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
“1993-cü il 2 aprel tarixində Ermənistan tərəfindən Kəlbəcər rayonu işğal olunub. Erməni işğal zamanı 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb. Ermənistanın işğal nəticəsində Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur olub. Təcavüz nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika və s. talan edilmiş, dağıdılıb. Ermənistan hərbi cinayət törədərək BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildə rayonda qanunsuz məskunlaşdırma aparıb” – deyə o qeyd edib.
Millət vəkili bildirib ki, BMT Təhlükəsizlik Şurasının 30.04.1993-cü il tarixli 822 saylı Qətnaməsində işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunub: “Amma Ermənistan qətnaməni icra etməkdən boyun qaçırıb. Məhz bu baxımdan Kəlbəcərin azad olunması effektiv hərbi strategiyanın nəticəsi hesab olunur. 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu bir güllə atılmadan Azərbaycana təhvil verilməsi Vətən müharibəsində əldə edilən Qələbənin nəticəsidir”
Deputat bildirib ki, Üçtərəfli bəyanata əsasən, 2020-ci ilin noyabrın 25-də Kəlbəcərin təhvil verilməsi tarixi hadisə idi: “Bununla da Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad olunub. Kəlbəcərin ermənilərdən boşaldılması işğalçının eybəcər siması və barbarlığının, erməni vandalizminin növbəti nümayişi oldu. Kəlbəcəri tərk edən qeyri-qanuni sakinlər rüsvayçı hərəkətləri və barbar davranışları ilə yadda qaldı. Azərbaycanlılara qalmaması üçün evlərə, bağlara od vuranlar öz vəhşi xislətlərini nümayiş etdirdilər. Beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verən bu vəhşiliklər bir daha erməni vandalizmini dünya birliyinə nümayiş etdirdi. Çünki işğal olunmuş ərazilərdə ekologiyaya ziyan vurulması və mülki obyektlərin dağıdılması beynəlxalq konvensiyalara əsasən hərbi cinayət hesab olunur”.
Məlahət İbrahimqızı bu gün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün azad edilmiş torpaqlarımız kimi Kəlbəcərin də yenidən qurulduğunu söyləyib: “Cənab Prezident İlham Əliyev tərəfindən 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edilib. Döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Silahlı Qüvvələrimizin 9455 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub. Bununla yanaşı Tarixi Qələbə günlərinin əbədiləşdirilməsinə xidmət edən təşəbbüs kimi Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis olunub. Məhz bu Sərəncamla 25 noyabr Kəlbəcər şəhəri günü kimi qeyd edilir. Hazırda digər azad edilmiş ərazilərimiz kimi Kəlbəcərdə işğaldan sonra özünün yeni mərhələsini yaşayır. Böyük Qayıdış konsepsiyasına uyğun olaraq Kəlbəcərdə böyük quruculuq-bərpa işləri həyata keçirilir. Kəlbəcərin Yanşaq, Zallar, Zar kəndində yeni yaşayış evlərin inşası planlaşdırılır. Rayonun enerji potensialı dəyərləndirilərək Tərtər çayı üzərində “Çıraq-1”, “Soyuqbulaq”, Qararxac çayı üzərində “Çıraq-2” Kiçik Su Elektrik stansiyaları “AzərEnerji” ASC tərəfindən yenidən qurulub. Həmçinin Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisinin sürətlə davam edir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin Kəlbəcərə səfəri burada bir sıra açılışların edilməsi təməlqoyma mərasimləri bu rayonun da qısa zamanda Böyük Qayıdış konsepsiyasına uyğun bərpa edələcəyinə əminlik yaradır”.