Ümummilli Lider Heydər Əliyevin uzaqgörən strategiyasına əsasən həyata keçirilən siyasi kurs Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsini, ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətlərinin formalaşmasını təmin edib. Ulu Öndərin həyata keçirdiyi praqmatik xarici siyasət kursunun mühüm istiqamətlərindən birini enerji resurslarından səmərəli istifadə olunması və bu kontekstdə Azərbaycanın etibarlı strateji tərəfdaşa çevrilməsi təşkil edirdi. İlk növbədə 1994-cü il sentyabrın 20-də Bakıda “Gülüstan” sarayında dünyanın 8 ölkəsindən 11 iri neft şirkəti ilə “Əsrin müqaviləsi” adlanan beynəlxalq saziş imzalandı. Bununla da Azərbaycanın iqtisadi müstəqilliyinin və dünya iqtisadi sisteminə inteqrasiyasının möhkəm təməli qoyuldu.
Bunu Siyasətinfoya YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi və qətiyyəti sayəsində imzalanmış “Əsrin müqaviləsi”ndən başlanan enerji siyasəti Azərbaycanın regional və qlobal miqyasda enerji təhlükəsizliyinin təminatına müstəsna töhfələr bəxş etməsini şərtləndirməklə yanaşı, ölkəmizin gücünü və nüfuzunu artıran faktor kimi çıxış etdi: “Ölkəmiz miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli strateji layihələrin mərkəzi oyunçusuna çevrildi. Eyni zamanda Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu uğurlu xarici siyasət sayəsində Azərbaycan qısa zaman kəsiyində regionun güclü və nüfuzlu aktoruna çevrildi, qlobal miqyasda milli dövlətlərin etibarlı strateji tərəfdaşı kimi qəbul edildi. Bütün bu nailiyyətlər torpaqlarımızın beşdəbirinin işgal altında və bir milyondan çox vətəndaşımızın qaçqın və məcburi köçkün olduğu bir şəraitdə qazanıldı. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən rasional xarici siyasət strategiyasının mühüm prioritetlərindən birini də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi təşkil edirdi. Məhz Ümummilli Lider Heydər Əliyevin əhəmiyyətli səyləri və gərgin əməyi sayəsində bu problemin həllinə yönəlik məqsədyönlü, sistemli və davamlı addımlar atılmağa başlandı. Münaqişənin ATƏT çərçivəsində həll edilməsi üçün təşkil edilən Minsk qrupunda, həmçinin qurumun bir sıra zirvə toplantılarında məsələnin mahiyyətini dünya ictimaiyyətinin diqqətinə çatdıran Ulu Öndər Heydər Əliyev dünya dövlətlərini münaqişəyə yanaşmada diqqətli olmağa və məsələnin tezliklə beynəlxalq hüquq normalarına müvafiq surətdə həll edilməsi işində yaxından iştiraka dəvət etdi. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu praqmatik, çoxvektorlu və rasional xarici siyasət kursu ölkəmizin dostlarının və tərəfdaşlarının sayını artırdı, Azərbaycan nüfuzlu dövlətə çevrildi. Milli mənafelərin təmininə hesablanmış bu məqsədyönlü siyasət coğrafi ölçüləri baxımından kiçik Azərbaycanın dünyanın siyasi xəritəsində güclü dövlətlərlə müqayisəsinə şərait yaratdı”.
Millət vəkili hesab edir ki, Ulu Öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun Prezident İlham Əliyev tərəfindən yaradıcı sürətdə uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünkü yüksəlişə və dinamik inkişafa nail olub: “Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Dövlət başçısının rəhbərliyi ilə daxili və xarici siyasət sahəsində görülən işlər, əldə edilən nailiyyətlər Azərbaycan dövlətinin qüdrətinin artmasında ifadə olunur. Ötən müddət ərzində Azərbaycan iqtisadi inkişafına, ictimai-siyasi sabitliyinə, beynəlxalq müstəvidə nüfuzuna və mövqeyinə görə güclü, qüdrətli bir dövlətə çevrilib. Ən mühüm məqam isə budur ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasəti layiqincə həyata keçirən Prezident, Ali Baş Komandan İlham Əliyevin ötən illər ərzində bütün müstəvilərdə, o cümlədən iqtisadi inkişaf, ordu quruculuğu, diplomatiya və digər sahələrdə əldə etdiyi uğurlar onun rəhbərliyi ilə müzəffər ordumuzun yaratdıgı və yazdıgı Qələbə salnaməsinin əsasını qoydu. 30 ilə yaxın işğal altında olan torpaqlarımız 44 günlük Vətən müharibəsində azad edildi və 24 saatlıq antiterror tədbirləri ilə ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olundu”.
Deputat bildirib ki, əldə olunmuş Qələbə təkcə Azərbaycanın deyil, bütün bölgənin inkişafi üçün yeni imkanlar açdı: “Cənubi Qafqaza əsirlərdən sonra sülhün, əməkdaşlıgın və təhlükəsizliyin bərqərar olunmasının bünövrəsi qoyuldu. Bu gün Azərbaycan istər region dövlətləri, istərsə də qlobal miqyasda etibarlı tərəfdaş, müttəfiq kimi sarsılmaz etibara, hörmətə malikdir. Azərbaycanın qardaş Türkiyə ilə sıx münasibətləri bu gün dünya üçün böyük örnəkdir. Azərbaycan və Türkiyə eyni mövqedən çıxış etməklə bölgədə və qlobal miqyasda sülhə əməkdaşlığa, qarşılıqlı hörmət və ehtirama əsaslanan strategiya nümayiş etdirir. Ölkəmizin dost Pakistan, Çin, İsrail, Rusiya, Serbiya, Macarıstan və digər dövlətlərlə qurmuş olduğu ən yüksək əlaqələri qarşılıqlı hörmət və ehtirama əsaslanır. Bu bir reallıqdır ki, Azərbaycan Avropa İttifaqına daxil olan 9 dövlətlə strateji əməkdaşlığa malikdir. Çin-Azərbaycan münasibətləri bu gün özünün ən yüksək mərhələsini yaşayır ki, bütün bu əməkdaşlıq formullarının əsası məhz ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Prezident İlham Əliyevin praqmatik siyasəti sayəsində isə Azərbaycanın dost və tərəfdaşlarının sayı durmadan artır. Bütün bunlar isə Azərbaycan beynəlxalq miqyasda nüfuz və mövqelərinin daha da möhkəmlənməsinə xidmət edir”.