Bu gün 30 il erməni işğalından sonra tarixi torpaqlarımıza həyat qayıdır. Ərazilərimizin Ermənistan silahlı qüvvələrindən azad edilməsindən ötən üç il ərzində görülən işlər geniş xarakterə malikdir. 30 ilə yaxın Azərbaycan ərazilərində ancaq talançılıq və barbarlıqla məşğul olan ermənilərin viran qoyduğu torpaqlarımızda Azərbaycan dövlətinin gücü və imkanları ilə müasir infrastruktur, qurulur, inzibatı-sosial binalar inşa edilir. Artıq azad edilmiş torpaqlarımızda bir sıra vacib görüşlər beynəlxalq tədbirlər təşkil edilir. Prezident İlham Əliyevin 29 sentyabr 2023-cü il tarixində Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı da bu mənada mühüm reallıqları özündə ehtiva edirdi.
Bu fikirləri Siyasətinfo-ya açıqlamasında YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib
Onun fikrincə, ölkə başçısı çıxışında yaranmış yeni reallıq fonunda bütün Qarabağın inkişaf tendensiyasına toxunub: “Dövlətimizin başçısı vurğulayıb ki, Şərqi Zəngəzur Azərbaycanın bütün Qarabağ bölgəsi kimi, sıfırdan yenidən inşa edilir. Artıq Zəngəzur beynəlxalq tədbirə ev sahibliyi edir. 2-ci Milli Şəhərsalma Forumunda 53 ölkədən 200-ə yaxın xarici qonağın iştirak etməsi bu reallığın açıq təzahürüdür. Sözsüz ki, Forumda iştirak edən ölkələr arasında olan dostluğun yeni bir mərhələyə yüksəlməsi arzuolunandır. Azərbaycan sıfırdan yeni şəhər və kəndlər inşa edir. Ona görə də müasir texnologiyaların tətbiq edilməsi və keçmiş köçkünlər üçün daha yaxşı şəraitin yaradılması təmin edilir. Forumda da bildirildi ki, Zəngilan azad olunmuş ərazilərin ilk bölgəsidir. Artıq Zəngilanlıların bir qismi öz evlərinə qayıdıb. Ağalı “ağıllı kəndi”nə ötən bahar aylarında həyat qayıdıb. Orada sakinlər xoşbəxt yaşayırlar. Heç zaman öz Vətənini görməyən gənc nəsil belə bu torpaqlara qayıdıb. Çünki Azərbaycan xalqı öz köklərinə dərindən bağlıdır. Bütün keçmiş məcburi köçkünlər səbirsizliklə gözləyirdilər ki, torpaqlarımız azad edilsin və onlar öz yurd-yuvalarına qayıtsın. Çünki onlar bu imkandan 30 il ərzində Ermənistan tərəfindən məhrum edilmişdi”.
Millət vəkili artıq Zəngilanın şəhərinin baş planının təsdiq edildiyini bildirib: “Həyata keçirilən sürətli quruculuq-bərpa işləri fonunda 2025-ci ilə qədər Zəngilan şəhərinin ilk sakinləri öz doğma ocaqlarına qayıdacaqları proqnozlaşdırlır. Zəngilanın mühüm nəqliyyat qovşağı olması bir sıra məsələlərdə burada işlərin daha intensiv icrası üçün başlıca zəmin yaradır. Çünki Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir və ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından mühüm faktor olub. Bu baxımdan da gələcəkdə Zəngilanda xarici turistlərin sayı da əhəhmiyyətli dərəcədə çox olacaq. Meşələri, çayları, gölləri və misilsiz ekosistemi olan Zəngilan bizim ən böyük sərvətlərimizdən biridir. Bütün bunlarla yanaşı bölgənin yol infrastrukturu surətlə şaxələnir. Paytaxt Bakıdan bütün istiqamətlərdə 2000 kilometrdən çox yeni magistral yollar inşa olunur. Sovet dövründə mövcud olan dəmir yolu xətti bərpa edilib. İşğal dövründə həmin dəmir yolları Ermənistan qüvvələri tərəfindən sökülmüşdü. Bu gün isə Horadizdən Zəngilana çəkilən dəmir yolunun inşası fəal fazadadır və tezliklə bu nəqliyyat dəhlizinin bu mühüm hissəsi hazır olacaq. Bu, Azərbaycanın əsas ərazisini Naxçıvanla birləşdirəcək layihədir. Həmin dəmir yolunun isə İran və Türkiyədən keçərək nəhayət Avropaya çatması nəzərdə tutulub. Həmçinin Zəngilanda pilot kənd təsərrüfatı layihəsi həyata keçirilir. “Dost Aqropark” adlanan bu layihə Azərbaycan və Türkiyə şirkətlərinin birgə müəssisəsidir və həmin aqropark artıq fəaliyyətdədir. Bu baxımdan da Zəngilan gələcəkdə Azərbaycanın qida təhlükəsizliyinə töhfə verəcək. Böyük Qayıdış Proqramının tərkib hissələrindən birinin də məşğulluqla bağlı olduğunu nəzərə alsaq bu amilin müsbət təsiri olacaq”.
Deputat erməni işğalı zamanı bütün tarixi, mədəni, dini abidələr kimi Zəngilan məscidinin də barbarcasına məhv edildiyini bildirib: “30 ilə yaxın erməni işğalı zamanı Azərbaycan ərazilərində 67 məsciddən 65-i məhv edilib, 2-si isə yarı dağıdılmış vəziyyətdə qalıb. Artıq ərazilərimizdə məscidlər, tarixi abidələrlə yanaşı müasir texnologiyalara əsaslanan “ağıllı şəhər” və “ağıllı kənd”lər inşa olunur. Ən müasir şəhərsalma nümunələrindən geniş istifadə edilir. Bu məqsədlər üçün II Qarabağ müharibəsi başa çatdıqdan sonra indiyədək bərpa işlərinə Azərbaycan büdcəsindən 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib. Növbəti il üçün planlaşdırılan minimum büdcənin 2,4 milyard ABŞ dolları həcmində olacağı proqnozlaşdırılır. Azərbaycan heç bir maliyyə dəstəyi, heç bir maliyyə yardımı almadan bu işləri icra edir. Yalnız iki qardaş ölkə Özbəkistan və Qazaxıstan məktəb və incəsənət mərkəzininin tiktintisini hədiyyə edib. Sözsüz ki, həyata keçirilən ardıcıl işlər nəticəsində 8 şəhər və 92 kəndin baş planı artıq təsdiqlənib, 30 kəndin təməli qoyulub. Məhz Böyük Qayıdış Proqramı və onun icrası nəticəsində Laçın və Füzuli şəhərlərinə, Ağalı, Talış və Zabux kəndlərinə keçmiş məcburi köçkünlərin qaydışı təmin edilib. Bakıdan, Sumqayıtdan, Gəncədən, Mingəçevirdən, digər şəhərlərdən kəndlərə axın baş verir. Bu gün artıq öz doğma yurdlarına qayıtmaq istəyən insanlardan ibarət növbə yaranıb. Onlar Bakıdan, ölkəmizin ikinci böyük şəhəri Sumqayıtdan, Gəncədən və digər bölgələrimizdən, şəhərlərdən kəndlərə qayıtmaq istəyir. Çünki 30 ilə yaxın insanlarımız bu həsrətlə yaşayıb. Ermənistanın Azərbaycana qarşı 30 il ərzində etnik təmizləmə, işğal və ərazilərin məhvi siyasəti 1 milyondan çox azərbaycanlının öz evlərindən didərgin düşməsi ilə nəticələnib. 200 mindən çox azərbaycanlı hazırkı Ermənistan ərazisindən tarixi ata-baba torpaqlarından zorla deportasiya edilib”.
Təftiş Komissiyasının sədri Forumda Prezident İlham Əliyev tərəfindən 1992-ci ildən 2020-ci ilə qədər Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına sülh yolu ilə son qoymaq üçün aparılan danışıqların da mahiyyətində toxunduğunu bildirib: “Keçmiş ATƏT-in Minsk Qrupunun üzvlərinin fəaliyyətsizliyi, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin kağız üzərində qalması Ermənistanın işğal faktının 30 ilə yaxın uzanmasına səbəb oldu. Bu müdətdə isə Ermənistan beynəlxalq hüququn normalarını və qaydalarını kobud şəkildə pozur, Cenevrə Konvensiyasına əsasən, cinayət törədirdi. Ancaq beynəlxalq ictimaiyyət bu ölkəyə qarşı sanksiya tətbiq etmir, onları heç kim ictimai şəkildə belə qınamırdı. Ona görə də, II Qarabağ müharibəsinin başlaması təkcə Ermənistanın işğal siyasəti ilə bağlı deyil, bu məsələni həll etməyə mandatı olan ölkələrin bunu gözardı etməsi ilə də bağlı idi. Azərbaycan isə hər zaman danışıqlar masasında konstruktiv idi və ölkəmiz 28 il ərzində ədalətin bərpa edilməsini gözləyirdi. Bunun əksinə olaraq Ermənistan münaqişəni dondurmaq istəyirdi. Bu səbəbdən də 44 günlük müharibə qaçılmaz oldu”.
Sevinc Hüseynova Forumda həmçinin ölkəmizin başçısı Ermənistanın hazırkı rəhbərinin 2019-cu ildə Xankəndidə “Qarabağ Ermənistandır və nöqtə” ifadəsinin Azərbaycan üçün qırmızı xətt olduğunu vurğuladı: “II Qarabağ müharibəsindən sonra da Ermənistan rəhbərliyi ziddiyyətli bəyanatlar səsləndirir. Ermənistan rəhbərliyi Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etməklə yanaşı bu ilin sentyabrın 2-də qondarma rejimin rəhbərinə “müstəqilliklə bağlı təbrik məktubu” göndərir. Eyni zamanda Ermənistanın Azərbaycan ərazisində saxlamış olduğu qanunsuz silahlılar və separatçı-xunta rejimi təxribatlara əl atır, hərbiçilərimizin, polislərimizin, dinc vətəndaşlarımızın həlak olmasına, yaralanmasına səbəb olan terror aktları icra edirdi. Bu baxımdan da lokal antiterror tədbirləri 24 saatdan az müddətdə həyata keçirildi və nəticədə Azərbaycan öz ərazisi üzərində suverenliyini təmin etdi. Artıq ərazilərimizdə “boz” zonalar, qeyri-qanuni strukturlar yoxdur və torpaqlarımızda separatçılığa son qoyulub. Qarabağın erməni əhalisinin hüquqları isə təmin ediləcək. Onların dini, təhsil, mədəni, bələdiyyə və digər hüquqları ilə bağlı ən yükəsk səviyyədə təminat verilib. Bütün işlər Azərbaycanın iştirakçısı olduğu konvensiyalara, ölkə Konstitusiyasına və beynəlxalq öhdəliklərə uyğun həyata keçiriləcək”.