30 il erməni işğalından sonra tarixi torpaqlarımızda canlanma yaranıb və bu ərazilərimizə həyat qayıdır. Erməni barbarlığının 30 ilə yaxın viran qoyduğu ərazilərimizdə ötən üç il ərzində görülən işlər geniş xarakterə malikdir. Bu gün azad edilmiş torpaqlarımızda vacib görüşlər, beynəlxalq tədbirlər keçirilir. Prezident İlham Əliyevin 29 sentyabr 2023-cü il tarixində Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı da tarixi ərazilərimizdə yaranmış yeni reallığın açıq təzahürü hesab edilir.
Bunu Siyasətinfo-ya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib
O qeyd edib ki, dövlətimizin başçısı Forumda Şərqi Zəngəzurun Azərbaycanın bütün Qarabağ bölgəsi kimi, sıfırdan yenidən inşa edildiyini bildirib: “Məhz bunun göstəricisi olaraq Zəngəzur beynəlxalq tədbirə ev sahibliyi edir. 2-ci Milli Şəhərsalma Forumunda 53 ölkədən 200-ə yaxın xarici qonağın iştirak etməsi bu reallığın göstəricisidir. Məhz azad edilmiş ərazilərdə baş tutan forumda iştirak edən ölkələr arasında olan dostluğun yeni bir mərhələyə yüksəlməsi də proqnozlaşdırılan hədəflərdəndir. Fakt odur ki, Azərbaycan sıfırdan yeni şəhər və kəndlər inşa edir. Müasir texnologiyaların tətbiq edilməsi və keçmiş köçkünlər üçün daha yaxşı şərait yaradılır. Zəngilanın azad edilən ilk şəhərlərimizdən olduğu üçün artıq zəngilanlıların bir qismi öz evlərinə qayıdıb. Ağalı “ağıllı kəndi”ndə ötən bahar aylarında həyat yenidən canlanmaya başlayıb. Orada sakinlər xoşbəxt yaşayırlar. Heç zaman öz Vətənini görməyən gənc nəsil belə bu torpaqlara qayıdıb. Zəngilan hazırda özünün yeni dövrünü yaşayır. Artıq Zəngilan şəhərinin baş planı təsdiq edilib. Həyata keçirilən sürətli quruculuq-bərpa işləri fonunda 2025-ci ilə qədər Zəngilan şəhərinin ilk sakinləri öz doğma ocaqlarına qayıtmaları mümkün olacaq. Zəngilanın mühüm nəqliyyat qovşağı olması bir sıra məsələlərdə burada işlərin daha intensiv icrasını imkan yaradıb. Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından mühüm amil oldu”.
Millət vəkili özünün füsünkar təbiəti ilə Zəngilanın çox yaxın zamanlarda xarici turistlərin daha çox diqqətini cəlb edəcəyini söyləyib: “Meşələri, çayları, gölləri və misilsiz ekosistemi olan Zəngilan bizim ən böyük sərvətlərimizdəndir. Bölgənin formalaşn yol infrastrukturu bu amillərə əhəmiyyətli dərəcədə təsir edəcək. Paytaxt Bakıdan bütün istiqamətlərdə 2000 kilometrdən çox yeni magistral yollar inşa olunur. Sovet dövründə mövcud olan dəmir yolu xətti bərpa edilib. İşğal dövründə həmin dəmir yolları Ermənistan qüvvələri tərəfindən sökülmüşdü. Bu gün isə Horadizdən Zəngilana çəkilən dəmir yolunun inşası fəal fazadadır və tezliklə bu nəqliyyat dəhlizinin mühüm hissəsi hazır olacaq. Bununla Azərbaycanın əsas hissəsi Naxçıvanla birləşdirəcək. Həmin dəmir yolunun isə İran və Türkiyədən keçərək nəhayət Avropaya çatması nəzərdə tutulub. Zəngilanda pilot kənd təsərrüfatı layihəsi də Böyük Qayıdışın tərkib hissəsi kimi icra edilən “Dost Aqropark”ı Azərbaycan və Türkiyə şirkətlərinin birgə müəssisəsidir. Bu layihə isə bölgəyə qayıdan insanların iş və məşğulluq məsələlərində böyük dəstək olacaq. Bütün bunlarla yanaşı bu gün azad edilmiş ərazilərimizdə tarixi, mədəni, dini abidələr də bərpa edilir. Zəngilan məscidi ermənilər tərəfindən barbarcasına məhv edilmişdi. 30 ilə yaxın erməni işğalı zamanı Azərbaycan ərazilərində 67 məsciddən 65-i məhv edilib, 2-si isə yarı dağıdılmış vəziyyətdə qalmışdı. Artıq ərazilərimizdə məscidlər, tarixi abidələrlə yanaşı müasir texnologiyalara əsaslanan “ağıllı şəhər” və “ağıllı kənd”lər inşa olunur. Ən müasir şəhərsalma nümunələrindən geniş istifadə edilir. Bu məqsədlər üçün II Qarabağ müharibəsi başa çatdıqdan sonra indiyədək bərpa işlərinə Azərbaycan büdcəsindən 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib. Növbəti il üçün planlaşdırılan minimum büdcənin 2,4 milyard ABŞ dolları həcmində olacağı proqnozlaşdırılır. Azərbaycan heç bir maliyyə dəstəyi, heç bir maliyyə yardımı almadan bu işləri icra edir. Yalnız iki qardaş ölkə Özbəkistan və Qazaxıstan məktəb və incəsənət mərkəzininin tiktintisini hədiyyə edib. Sözsüz ki, həyata keçirilən ardıcıl işlər nəticəsində 8 şəhər və 92 kəndin baş planı artıq təsdiqlənib, 30 kəndin təməli qoyulub. Məhz Böyük Qayıdış Proqramı və onun icrası nəticəsində Laçın və Füzuli şəhərlərinə, Ağalı, Talış və Zabux kəndlərinə keçmiş məcburi köçkünlərin qaydışı təmin edilib. Bakıdan, Sumqayıtdan, Gəncədən, Mingəçevirdən, digər şəhərlərdən kəndlərə axın baş verir”.
Deputat vurğulayıb ki, Ermənistanın Azərbaycana qarşı 30 il ərzində etnik təmizləmə, işğal və ərazilərin məhvi siyasəti 1 milyondan çox azərbaycanlının öz evlərindən didərgin düşməsi ilə nəticələnmişdi: “Vaxtilə isə 200 mindən çox azərbaycanlı hazırkı Ermənistan ərazisindən tarixi ata-baba torpaqlarından zorla deportasiya olunmuşdu. Forumda ölkəmizin başçısı 1992-ci ildən 2020-ci ilə qədər Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına sülh yolu ilə son qoymaq üçün aparılan danışıqların mahiyyətində toxunub. Bildirilib ki, keçmiş ATƏT-in Minsk Qrupunun üzvlərinin fəaliyyətsizliyi, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin kağız üzərində qalmışdı. Bütün bunlar isə Ermənistanın işğal faktının 30 ilə yaxın uzanması ilə nəticələnmişdi. Beynəlxalq hüququn normalarını və qaydalarını kobud şəkildə pozan Ermənistan isə bu dövr ərzində Cenevrə Konvensiyasına əsasən, cinayət törətməkdə davam edirdi. Beynəlxalq birlik isə Ermənistanın işğal təcavüz, hərbi cinayətlərinə göz yumur, bu ölkəyə qarşı sanksiya tətbiq etmir, ictimai şəkildə qınaq belə təşkil olunmurdu. Azərbaycan dövləti isə hər zaman danışıqlar masasında konstruktiv idi və ölkəmiz 28 il ərzində ədalətin bərpa edilməsinə inamını qoruyub saxlayırdı. Ermənistan isə əksinə münaqişəni dondurmaq istəyirdi”.
Məlahət İbrahimqızı Prezident İlham Əliyev Forumda Ermənistanın hazırkı rəhbərinin 2019-cu ildə Xankəndidə “Qarabağ Ermənistandır və nöqtə” ifadəsinin Azərbaycan üçün qırmızı xətt olduğunu bir daha diqqətə çatdırdı: “Amma bütün bunlara baxmayaraq II Qarabağ müharibəsindən sonra da Ermənistan rəhbərliyi növbəti dəfə ziddiyyətli bəyanatlar verir Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etməklə yanaşı bu ilin sentyabrın 2-də qondarma rejimin rəhbərinə “müstəqilliklə bağlı təbrik məktubu” göndərir. Həmçinin Ermənistanın Azərbaycan ərazisində saxlamış olduğu qanunsuz silahlılar və separatçı-xunta rejimi təxribatlara əl atır, hərbiçilərimizin, polislərimizin, dinc vətəndaşlarımızın həlak olmasına, yaralanmasına səbəb olan terror aktları icra edir ki, bu da növbəti mərhələdə işğal və təcavüz siyasətinin yeni mərhələsi idi. Məhz bu baxımdan da lokal antiterror tədbirləri 24 saatdan az müddətdə həyata keçirildi və nəticədə Azərbaycan öz ərazisi üzərində suverenliyini təmin etdi. Artıq ərazilərimizdə “boz” zonalar, qeyri-qanuni strukturlar yoxdur və torpaqlarımızda separatçılığa son qoyulub. Qarabağın erməni əhalisinin hüquqları isə təmin ediləcək. Onların dini, təhsil, mədəni, bələdiyyə və digər hüquqları ilə bağlı ən yükəsk səviyyədə təminat verilib. Atılacaq bu addımlar Azərbaycanın iştirakçısı olduğu konvensiyalara, ölkə Konstitusiyasına və beynəlxalq öhdəliklərə uyğun təmin ediləcək”.