Sentyabrın 25-də qardaş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana növbəti səfəri baş tutub. Naxçıvan Beynəlxalq Hava Limanında qardaş Türkiyə dövlətinin başçısını cənab Prezident İlham Əliyev çox böyük səmimiyyət və hörmətlə qarşılayıb. Sözsüz ki, çox hörmətli R.T.Ərdoğanın Azərbaycana, ölkəmizin ayrılmaz hissəsi olan Naxçıvana səfəri mühüm tarixi əhəmiyyətə malikdir. Bu səfərin açıqlanan proqramı da iki qardaş ölkə arasında əməkdaşlığın, əlaqələrin və bölgədə yeni yaranmış reallığın ifadə hesab olunur.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, çox hörmətli qardaş Türkiyə prezidentinin Naxçıvan səfəri xüsusi tarixi əhəmiyyət kəsb etməklə yanaşı vacib mesajları özündə ehtiva edir: “Bölgədə yeni yaranmış tarixi situasiyada iki qardaş ölkənin bərabər addımlaması olduqca önəmlidir. Bu amil Cənubi Qafqazda yeni bir şəraitin formalaşdığının təzahürüdür. II Qarabağ müharibəsində olduğu kimi ondan sonrakı dövrdə də Azərbaycan və Türkiyə birlikdə hərəkət edir. Tarixi Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksələn əlaqələr özünün pik həddinə çatıb. Prezident İlham Əliyev və qardaş Türkiyə Prezidenti Rəcab Rayyib Ərdoğan arasındakı səmimi dostluq və qardaşlıq münasibətləri iki qardaş ölkə arasında qarşıya qoyulan strateji hədəflərin daha asanlıqla aşılmasına imkan yaradır. Ulu Öndər Heydər Əliyevin “bir millət, iki dövlət” fəlsəfəsinə uyğun olaraq Azərbaycan və Türkiyə bu gün bütün beynəlxalq platformalarda eyni mövqeni bölüşür”.
Millət vəkili hesab edir ki, R.T.Ərdoğanın Naxçıvan səfəri tarixi reallıq Qars müqaviləsinin yüz illinin tamam olması fonunda baş tutub: “Bu mühüm bir mesajı ifadə edir. Zəngəzur dəhlizi ilə bağlı məsələlərin gündəmdə olduğu bir şəraitdə bu yolun ən mühüm hissəsi olacaq Naxçıvandan iki qardaş ölkə Liderinin sərgiləmiş olduğu siyasi mövqe ümumilikdə region üçün yeni imkanlar deməkdir. Qardaş Türkiyə ilə Naxçıvan arasında hələ Ulu Öndər Heydər Əliyevin dövründə formalaşmış sarsılmaz əlaqələr tarixi “Ümid” körpüsünün inşası bu günümüzə və gələcəyimizə hədəflənən bir yol xəritəsi idi. Məhz cənab Ərdoğanın Naxçıvana səfərində də İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması bu ənənələrinin davamı hesab edilir. Azərbaycan-Türkiyə arasında bu müstəvidə sənədlərin imzalanması mühüm tarixi hadisədir. Eyni zamanda Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Qars-Naxçıvan dəmir yolu layihəsinə dair Niyyət Protokolu”nu imzaladılar. Bu da yeni nəqliyat bağlarının yaranmasına, formalaşmasına təkan verəcək başlıca amildir. Həmçinin Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi”nin imzalanması iki qardaş ölkənin hər zaman bir-birinin yanında olduğunu göstərən faktorlardanr biridir. Bununla yanaşı “Azərbaycan Respublikasında və Türkiyə Respublikasında bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin ötürülməsi sahəsində Azərbaycan Respublikasının Energetika Nazirliyi və Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu” bütün sahərlədə qarşılqılı faydalı əməkdaşlığın dada da genişlənməsini ehtiva edir. Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin açılışında iştirak edən ölkə başçıları burada yaradılan şəraitin hər iki qardaş dövlətin hərbi sahədə əməkdaşlığının perspektivlərindən xəbər verir”.
Deputat Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın mətbuata verdiyi bəyanatların əhəmiyyətinə toxunub: “Ölkəmizin başçısı iki il bundan əvvəl uzun zaman davam edən işğaldan sonra azad edilmiş Şuşa şəhərində imzalanan Şuşa bəyannaməsi – müttəfiqlik bəyannaməsi bizim münasibətlərimizi yeni müstəviyə qaldırdığını bildirib. Dövlətimizin başçısı qeyd edib ki, bu gün əlaqələr ən yüksək zirvədədir və biz indi bütün istiqamətlər üzrə əlaqələrimizin çox fəal dövrünü yaşayırıq. Prezident qeyd edib ki, əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfər zamanı imzalanmış sənədlər Türkiyə-Azərbaycan əlaqələrinin inkişafına xidmət göstərəcək. İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi qardaşlıq münasibətlərimizin tarixində önəmli hadisədir və bizim əlaqələrimizə yeni təkan verəcək, Naxçıvanın enerji təhlükəsizliyini daha böyük ölçüdə təmin edəcək. Ölkəmizin başçısı bildirib ki, beş gün bundan əvvəl Azərbaycan Qarabağda suverenliyini tam bərpa etdi. Qanunsuz erməni hərbi birləşmələri təslim olub və şərtləri qəbul edib. Onlara humanitar yardımlar, o cümlədən ərzaq məhsulları, dərmanlar göndərildi. Bir neçə gün bundan əvvəl Qarabağ ermənilərinin nümayəndələri ilə Azərbaycan dövlət strukturlarının nümayəndələri arasında Yevlax şəhərində görüş keçirildi. Bu gün ikinci görüş keçirilir. Qarabağda yaşayan erməni əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiya prosesinin uğurla gedəcəyinə əminik. Prezident qeyd edib ki, Qarabağdakı ermənilər Azərbaycan vətəndaşlarıdırlar”.
Qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Naxçıvan tarix boyu daşıdığı strateji əhəmiyyətlə bu gün də Azərbaycanla əlaqələrimizdə mühüm yer tutur. O qeyd edib ki, Şuşa Bəyannaməsi iki ölkə arasında münasibətləri müttəfiqlik səviyyəsinə yüksəldib. Azərbaycanlı qardaşlarımızın Türkiyədə baş verən zəlzələ ilə bağlı göstərdikləri dəstəyi heç zaman unutmayacağıq. Türkiyə Prezidenti deyib ki, Naxçıvan iqtisadiyyat, enerji xətləri baxımından böyük potensiala malikdir. Xəzərdən keçən Orta Dəhlizin önəmi koronavirus pandemiyası və bölgəmizdəki savaşlar zamanı daha da artıb. İğdır-Naxçıvan kəməri bölgənin də enerji təhlükəsizliyinə böyük töhfə verəcək”.