Prezident İlham Əliyev 2023-cü il 20 sentyabr tarixində xalqa müraciətində II Qarabağ müharibəsi, son antiterror tədbirləri, sülh və birgəyaşayışa dair çox mühüm mesajlar səsləndirdi. 19 sentyabr erməni silahlı birləşmələrinin törətdikləri terror aktı nəticəsində iki mülki şəxs olmaqla 6 Azərbaycan vətəndaşının mina terrorunun qurbanı olduğunu bildirən ölkəmizin başçısı II Qarabağ müharibəsi başa çatandan bu günə qədər 300-dən çox Azərbaycan vətəndaşı mina terrorunun qurbanı olub və ya ağır xəsarət aldığını vurğuladı. Bu acı reallıq erməni terrorizminin bitmədiyini göstərir. Terror aktlarını davam etdirmək məqsədilə 2021-ci ildə Ermənistanda istehsal olunmuş minalardan istifadə olunub. Laçın sərhəd-buraxılış məntəqəsi formalaşana qədər Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz olaraq minalar daşınıb.
Bunu Siyasətinfo-ya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
Onun fikrincə, beynəlxalq birlik tərəfindən tanınan Azərbaycan ərazisində davamlı olaraq terror-təxribat faktlarının müşahidə edilməsi, mina terroru, azad edilmiş ərazilərə belə minaların basdırılmasına dövlətimizin sərt reaksiyası qaçılmaz idi: “Azərbaycanın Ordusunun 19 sentyabrda başlatmış olduğu lokal xarakterli antiterror tədbirlərinin məqsədi məhz bu terror hallarının qarşısının birdəfəlik alınmasına hədəflənmişdi. Azərbaycan Ordusu cəmi 1 günə öz üzərinə düşən vəzifələri uğurla icra etdi. Terrorçular cəzalandırıldı və bir daha Ermənistana göstərildi ki, onların istənilən təxribatına layiqli cavab veriləcək. Həyata keçirilən antiterror tədbirlərinin nəticəsində Azərbaycan öz suverenliyini bərpa etdi. Ali Baş Komandanın xalqa müraciətində vurğuladığı kimi “Ordumuz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərdi”. Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri aparılan bir ərazidə qısa müddət ərzində hərbi uğur əldə edildi. Ermənistanın Azərbaycan ərazisində qanunsuz olaraq saxladığı silahlı birləşmələrin böyük bir hissəsi tamamilə məhv edildi. Onlara məxsus hərbi texnika məhv edildi və sıradan çıxarıldı. Əməliyyat zamanı heç bir mülki şəxsə və obyektə zərər ziyan yetirilmədi”.
Deputat 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistan qanunsuz silahlı birləşmələrini və texnikasını Azərbaycan ərazisindən çıxarmadığını bildirib: “Prezident İlham Əliyev xalqa müraciətində də vurğulayıb ki, “aparılmış qısamüddətli lokal xarakterli antiterror tədbirləri nəticəsində, düşmənin silah və texnikalarının böyük hissəsi sıradan çıxarıldı. Antiterror tədbirləri zamanı şəhidlərimiz olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralı əsgər və zabitlərimizə şəfa arzulayırıq”. Sözsüz ki, antiterror tədbirlərinin uğurlu gedişatı Ermənistan dövlətini və onun himayəsi altında fəaliyyət göstərən qanunsuz xunta rejimini təşvişə salıb. Cəmi bir gün davam etmiş döyüşlərin nəticəsində qanunsuz silahlı birləşmələr Azərbaycanın şərtlərini qəbul etməyə hazır olduqlarını bildirib. Məhz bunun nəticəsində bir neçə dəfə erməni tərəfinin pozuculuğu ilə təxirə düşmüş reinteqrasiya tədbirlərinin müzakirəsi ilə bağlı görüşə razılıq verilib. Beləliklə reinteqrasiya məsələlərini müzakirə etmək üçün Qarabağda yaşayan erməni icmasının nümayəndələri Yevlax şəhərində görüşməyə hazır olduqlarını bildirib. Prinsip etibarilə Azərbaycan şərtləri tam qəbul olunub. Artıq qanunsuz erməni silahlı birləşmələrinin mövqelərdən çıxarılma prosesi başlanıb. Bununla yanaşı qanunsuz hərbi birliklərin istifadəsində olan silahlar da təhvil verilir. II Qarabağ müharibəsindən sonra Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində qalmasının qanunsuz olduğu bəyan edilmiş və buna son qoyulması tələb edilmişdi. Prezident İlham Əliyevin xalqa müraciətində vurğuladığı kimi “Qarabağ Azərbaycan ərazisidir və bunu bütün dünya tanıyır, o cümlədən Ermənistan rəhbərliyi artıq bunu başa düşüb. Əgər vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyirdisə, indi “Qarabağ Azərbaycandır” deyir və nəinki deyir, hətta bizim ərazimizin ölçülərini də dilə gətirməyi unutmur”.
Millət vəkili xunta rejiminin girovluğunda olan Qarabağın erməni əsilli sakinlərinin bundan sonra sülh, birgə yaşayış və qarşılıqlı münasibət əsasında Azərbaycan ərazisində yaşamaq hüququ əldə etməsinin mümkünlüyü dilə gətirib: “Prezident İlham Əliyev də xalqa müraciətində bildirib ki, “Azərbaycan xalqı və dövləti bu 10 illiklərdə başına gətirilən bütün müsibətlərə baxmayaraq heç vaxt erməni xalqını günahlandırmayıb. Xocalı soyqırımında, şəhərlərimizin, kəndlərimizin dağıdılmasında, qəbirlərin qazılmasında günahkar olanlar kriminal rejimin ünsürləri və onların başında duranlar olub. Təbii ki, onlar da bu qanlı əməllərinə görə cəzalanır və bundan sonra da cəzalanacaqlar”. Bütün bunlara baxmayaraq Azərbaycan erməni əsilli sakinləri birgəyaşayışa dəvət edir. Yevlax şəhərində Qarabağ icmasının nümayəndələri ilə təşkil olunan görüş də bununla bağlı olub. Burada Azərbaycan dövləti gələcəklə bağlı baxışlarını çatdırıb. Qarabağda yaşayacaq ermənilərin təhsil, mədəniyyət, din, bələdiyyə seçkisi ilə bağlı hüquqların öz təsbitini tapmasının mümkünlüyü ifadə olunub. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı dövlətdir. Ölkəmizdə heç vaxt dini, milli zəmində ayrı-seçkilik olmayıb və bundan sonra da olmayacaq”.
Məlahət İbrahimqızı Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulduğunu Xankəndidə, Ağdərədə, Xocavənddə, Əsgəranda yeni bir həyatın başlanacağına əminliyini ifadə edib: “İnşallah ki, 300 minlik Qərbi Azərbaycanlılar da özünün tarixi ata-baba yurduna qayıdar. Çünki Qərbi Azərbaycandan vaxtilə deportasiya edilmiş soydaşlarımızın nəhayət ki, pozulmuş hüquqlarının bərpası bu gün həm Azərbaycanın, həm də beynəlxalq ictimaiyyətin gündəmindədir. Xankəndidə və ətraf ərazilərdə Azərbaycan özünün suverenliyini bərpa etməsi ilə 300 minlik Qərbi Azərbaycanlının hələ də pozulmuş hüquqları bərpa olunacağına ümidlərı daha da gücləndirir. İndiki tarixi reallıq Qərbi Azərbaycanlıların da uzun 10 illiklər pozulmuş hüquqlarının bərpasına imkan yaradacağına ümidvarıq. Güclü Azərbaycan, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti sayəsində Qərbi Azərbaycanlılar da nəhayət öz tarixi torpaqlarına, yurdlarına qayıdacağı günü səbirsizliklə gözləyir. Bu gün Qarabağda, Şərqi Zəngəzurda canlanan həyat Qərbi Azərbaycanda da sönmüş ocaqların alovlanması ilə daha möhtəşəm olacaq. Azərbaycan dövlətinin gücü və imkanları buna çatır.