Azərbaycan regionda sülhün və təhlükəsizliyin başlıca təminatçısıdır. Ermənistan və onun havadarları isə işğalın, təcavüzün, separatizmin təşviqində maraqlıdır. Azərbaycanın post-münaqişə dövründə atmış olduğu addımlar isə bölgənin kənar təsirlərdən tamamilə xilas olmasına hədəflənib. Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması isə Azərbaycan ərazisində boş, nəzarətsiz, boz zona axtaranlar üçün son zərbə olub. Təəsüf ki, Azərbaycanın öz ərazisində və sərhədlərinin suverenliyi daxilində atdığı addımlara Ermənistan və onun himayədarları blokada və bölgədə hümanitar vəziyyətin pisləşməsi adı qoymaqla bundan öz çirkin məqsədləri üçün siyasi manipuliyasiya etməyə çalışır. Prezident İlham Əliyevlə ABŞ Dövlət katibi Antoni Blinken arasındakı telefon danışığı də məhz Ağdam-Xankəndi və Laçın-Xankəndi yolları ətrafında olan məsələlərin müzakirəsi ilə bağlı olub.
Bunu Siyasetinfoya YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, ölkə başçısı tərəfindən Azərbaycanın haqlı mövqeyi açıq şəkildə ifadə edilib: “Ölkəmizin başçısı bildirib ki, Ermənistan və onun Azərbaycanın Qarabağ bölgəsində yaratdığı separatçı rejim Ağdam-Xankəndi yolunun açılmasına imkan vermir. Bu açıq qərəzli bir yanaşmadır. Fakt odur ki, erməni tərəfi bu yoldan istifadənin qarşısının alınması üçün süni əngəllər törədir. Bununla yanaşı Ermənistan məqsədli şəkildə Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə bu yoldan yüklərin daşınmasını istəmir. Bu isə onu göstərir ki, Ermənistanın Ağdam-Xankəndi yolundan istifadədən imtinası açıq şəkildə siyasi manipulyasiyadır. Ona görə də, ərazidə guya humanitar böhranın yaranması ilə bağlı iddialar şou xarakterlidir”.
Millət vəkilinə görə, Ağdam-Xankəndi yolu açıldıqdan sonra Azərbaycanın gömrük və sərhəd-nəzarət rejimi qaydaları tətbiq edilməklə Laçın-Xankəndi yolundan istifadə mümkündür: “Azərbaycan dövlətinin iradəsi də məhz bunu ehtiva edir. Bu səbəbdən də Azərbaycanla razılaşdırmadan Ermənistanın “Laçın” sərhəd-keçid məntəqəsinin qarşısına humanitar təyinatlı olduğu iddia edilən yükləri gətirməsi məntiqsizdir. Bu ölkəmizin daxili işlərinə müdaxilədir. Heç bir dövlət o cümlədən Azərbaycan özünün ərazi bütövlüyünə və suverenliyinə bu hörmətsizliyi qəbul edə bilməz. Azərbaycan Prezidenti Ermənistanın bu siyasətinin sülh müqaviləsi üzrə danışıqlara ciddi zərər vurduğunu ifadə edib. Dövlətimizin başçısı həmçinin Azərbaycan Qızıl Aypara Cəmiyyətinin xətti ilə həmin əraziyə ərzaq yüklərinin çatdırıldığını, lakin qanunsuz separatçı rejimin bundan məqsədli şəkildə imtina etdiyini ABŞ Dövlət katibinin diqqətinə çatdırıb”.
Məlahət İbrahimqızı telefon danışığında həmçinin Prezident İlham Əliyev Qarabağın erməni əhalisinin nümayəndələri ilə reinteqrasiya məsələlərinin müzakirəsinin mümkünlüyünün bir daha vurğuladığını bildirib: “Qarabağın erməni əsilli sakinləri ilə bu cür müzakirələrin aparılması üçün paytaxt Bakı və ölkəmizin digər şəhərləri təklif edilib. Amma onlar bundan da məqsədli şəkildə imtina edib. Bütün bunlara baxmayaraq Azərbaycanın bölgədə sülh və əməkdaşlıq, ərazisində yaşayan erməni əsilli sakinlərlə qarşılıqlı dialoq əsasında normal şəraitdə yaşamaq niyyəti onun mövqeyinin açıq ifadəsi hesab edilir. Azərbaycan Prezidenti ilə telefon danışığında ABŞ Dövlət katibi Antoni Blinken də öz növbəsində sülh müqaviləsinin imzalanmasının zəruriliyini önə çəkib. ABŞ-ın Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində səylərini bundan sonra da davam etdirəcəyini bildirib. Blinken həmçinin Bakı ilə Xankəndi arasında birbaşa təmasları dəstəklədiklərini söyləyib”.