Azərbaycan Ordusu, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə II Qarabağ müharibəsi zamanı düşmən üzərində qazanılan hərbi-siyasi qələbə ilə otuz illik Vətən həsrətinə son qoydu. Ölkəmizin beynəlxalq səviyyədə tanınan əraziləri işğaldan azad edilərək, suveren ərazi bütövlüyümüz bərpa edildi. Bu sözsüz ki, Azərbaycan tarixində milsiz hadisə idi. Ölkəmiz post-münaqişə dövründə də qarşıya qoyulan bütün hədəfləri ardıcıllıqla təmin edir.
Bunu Siyasetinfoya YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində 23 aprel 2023-cü il tarixində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması tarixi hadisə idi: “Fəxarət rəmzimiz üçrəngli, ay-ulduzlu dövlət bayrağımız sərhəddə dalğalandırıldı. Bununla da Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu. Amma buna baxmayaraq Azərbaycan-Ermənistan sərhədində “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılmasını həzm edə bilməyən Ermənistan tərəfi və onu himayə edən qüvvələr, ölkəmizi guya Ermənistanla sərhəddə vəziyyəti gərginləşdirməkdə, Qarabağ bölgəsində humanitar böhran yaratmaqda təqsirləndirir. Rəsmi İrəvan bu cür cəhdlərlə Azərbaycanın daxili işlərinə müdaxilə etməklə yanaşı, uzun illərdən bəri ölkəmizə qarşı həyata keçirilən təcavüzkar siyasətinə fərqli don geyindirməyə çalışır”.
Deputat bildirib ki, “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması ölkəmizin suveren hüquqları çərçivəsində atılmış legitim addımdır: “Laçın ölkəmizin ərazisində olduğundan burada həyata keçiriləcək tədbirlər, o cümlədən sərhəd-buraxılış məntəqəsinin yaradılması da müstəsna olaraq ölkəmizin daxili işidir. Eyni zamanda sərhədimizin toxunulmazlığının təmin olunması məsələsi ölkəmizin milli təhlükəsizliyi ilə yanaşı, qanunun aliliyinin də tələbidir. Dövlət təhlükəsizliyinin pozulmasına yönəlik təhdidlərə qarşı suveren ərazimizdə sərhəd-buraxılış məntəqəsinin yaradılması beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq tam qanuni addımdır. Sərhəd-buraxılış məntəqəsinin strateji əhəmiyyəti olduqca böyükdür. “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması yaxın gələcəkdə Qarabağda qanunsuz yerləşdirilmiş erməni silahlı birləşmələrinin çıxarılması, həmçinin separatçıların tərksilah olunması baxımından böyük önəm daşıyır. Prezident İlham Əliyev 1 may 2023-cü il tarixində ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı qeyd etdi ki, “Azərbaycan-Ermənistan sərhədində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycanın suveren hüquqları çərçivəsində və bütün beynəlxalq qaydalara uyğun olaraq təmin edilib. Məqsəd hərəkətin məhdudlaşdırılması deyil, əksinə nəzarətin təmin edilməsidir və artıq bu məntəqə vasitəsilə gediş-gəliş həyata keçirilir. Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinin hüquqlarının Azərbaycanın Konstitusiyası və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq sənədlər çərçivəsində təmin olunacaqdır”.
Millət vəkili hesab edir ki, “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması böyük Şuşa Zəfərindən sonra əldə edilmiş ən böyük və əhəmiyyətli hərbi-siyasi qələbə kimi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı: “Laçın” sərhəd-buraxılış məntəqəsinin açılması 30 il əvvəl azərbaycanlılara qarşı XX əsrin faciəsini törətmiş şəxsin saxlanılmasına səbəb oldu. Xaçaturyan Vaqif Çerkezoviçin saxlanılmasını bu xüsusda qeyd etmək olar. Bu baxımdan da Laçın postunun yaradılması İkinci Qarabağ müharibəsində əldə olunmuş tarixi Qələbədən sonra regionda yaranmış yeni reallığının tərkib hissəsidir. Bu post həmçinin ərazidən təbii sərvətlərin qanunsuz çıxarılmasının qarşısını alır. Təbii ki, “Laçın” sərhəd-buraxılış məntəqəsinin beynəlxalq legitimliyi mövcuddur. Beynəlxalq Ədalət Məhkəməsinin 2023-cü il 6 iyul tarixli yekdil qərarı Ermənistanın nəzarət-buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı müvəqqəti tədbir görmək tələbini rədd edərək, Ermənistanın “Laçın” keçid məntəqəsinin qanunsuz olması ilə bağlı iddialarını qəti şəkildə təkzib edib. Bununla erməni tərəfinin absurd iddiaları beynəlxalq hüquq müstəvisində alt-üst edilib. Amma buna baxmayaraq rəsmi İrəvanın riyakarlığı və məkrli xisləti davam edir. Fakt odur ki, Ermənistan həqiqətən də bölgənin sadə sakinlərini düşünsəydi, heç vaxt Ağdam-Xankəndi yolundan Qarabağ bölgəsinə yüklərin çatdırılmasına etiraz etməzdi”.
Sevinc Hüseynovaya görə, “Laçın” sərhəd-buraxılış məntəqəsi ilə bağlı Erməni manipulyasiyalarının strateji hədəfi tamam başqadır: “Humanitar” bəhanələrlə edilən manipulyasiyalar vasitəsilə Ermənistan hərbi təxribatlar üçün süni səbəblər yaradır. Hadisələrin gedişatı və erməni siyasətinin xisləti onu aşkar edir ki, Xankəndidə vəziyyətin pisləşməsi rəsmi İrəvanın marağındadır. Bütün bunlara baxmayaraq “humanitar böhran” amili üzərində qurulmuş ucuz erməni təbliğatı sözsüz ki, iflasa uğrayacaq. Ona görə də, “Laçın” sərhəd-buraxılış məntəqəsi ətrafında aparılan oyunlar bilavasitə Azərbaycana qarşı yönəlmiş informasiya müharibəsinin təzahürü kimi başa düşülür”.