SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi 70-ci illərin ortalarından başlayaraq yenidən gündəmə gəldi. Bununla yanaşı keçmiş SSRİ konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılmasına başlanılmışdı. Ona görə də, belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq böyük cəsarət tələb edirdi. Hətta 30-ci illərdə dil məsələsini qabardanlar Sibirə sürgün olunur, ağır cəzalara məhkum edilirdi. O dövr milli respublikaların rəhbərləri belə ana dili məsələsini gündəmə gətirə bilmirdilər.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, amma Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bütün məhrumiyyətlərə və çətinliklərə baxmayaraq ana dili məsələsində öz mövqeyini qətiyyətlə qorumağa müvəffəq oldu: “Bu mənada dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etməyə nail olmuşdu. Məhz Onun gərgin əməyi, böyük cəsarəti sayəsində Azərbaycan dilinə dövlət dili statusunun verilməsi təmin edildi”.
Deputat bildirib ki, 1978-ci il aprelin 2-də Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasında dövlət dilinin Azərbaycan dili kimi qəbul edilməsi ulu öndər Heydər Əliyevin tarixi xidmətlərinin nəticəsi idi: “Yenidən öz müstəqilliyini bərpa edən Azərbaycanın 1995-ci ildə Konstitusiyası hazırlanarkən dövlət dilinin məhz ana dili kimi təsbit edilməsi ulu öndərin təşəbbüsü ilə reallaşmış oldu. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapıb”.
Millət vəkili hesab edir ki, Ulu Öndər Heydər Əliyevin hələ sovetlər dönəmində böyük uzaqgörənliklə Azərbaycan dilini qorumasına çalışıb: “Ana dilimiz məhz tarixi sınaqlardan çıxaraq müstəqil dövlətin əsas atributu kimi bu günümüzə qədər qorundu. Ulu Öndər Heydər Əliyevin 2001-ci il 18 iyun tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanı da bu mənada mühüm əhəmiyyət kəsb edir. Çünki bu tarixi Fərman müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyıb. Ulu Öndərin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu xalqımızın öz ana dilinə milli kimliyinə olan münasibətinin və dəyərinin bariz nümunəsidir”.
Aqil Məmmədov vurğulayıb ki, Azərbaycanda dövlət dili haqqında Azərbaycan Respublikasının Qanunu 2002-ci il 30 sentyabr tarixində qəbul edilib: “Qanuna əsasən Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayılır. Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır. Sözsüz ki, ana dilimizi qorumaq üçün böyük addımlar atan Ümummilli Liderin siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Prezident İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli Sərəncamı bu mənada mühüm əhəmiyyət kəsb edir. Bununla yanaşı Prezident İlham Əliyevin Azərbaycan dilinin qorunması, təbliğ edilməsi baxımıdan imzalamış olduğu Fərman və Sərəncamları ana dilimizin inkişafına öz mahiyyətini saxlamasına xidmət edən başlıca prinsiplər kimi qəbul edilir. Prezident İlham Əliyevin 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir. Sözügedən Fərmandan irəli gələn vəzifələrin icrası çərçivəsində Nazirlər Kabinetinin müvafiq qərarı ilə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradılıb”.