Son vaxtlar Ermənistan tərəfi sülh prosesini pozan təxribatlarını davam etdirir. Siyasi müstəvidə danışıqları manipuliyasiya edən, sülh müzakirələrindən mümkün qədər yayınan Ermənistan havadarlarının diqtəsi ilə hərəkət etməyə çalışır. Sözsüz ki, II Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda formalaşmaqda olan sülh prosesinə Ermənistanın bu davranışları zərbə hesab edilir.
Bunu Siyasətinfioya Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, sonuncu dəfə Londondakı mötəbər görüşdə cənab Prezident İlham Əliyevlə dialoqdan yayınan Ermənistanın baş naziri Nikol Paşinyanın bu davranışları da onların sülh prosesinə olan mövqeyini ifadə edir: “Qarşı tərəf havadarlarının və erməni lobbisinin diktəsi ilə artıq hansı addımı atacağını yəqin edə bilmir. Bu isə nəticədə onların özlərinə ziyan olacaq bir prosesdir. Çünki Cənubi Qafqazda sülhün bərqərar edilməsi hər kəs üçün faydalıdır. Amma görünən odur ki, özünün dağıdıcı mahiyyətindən uzaqlaşa bilməyən Ermənistan hələ də köhnə ab-havadadır”.
Deputat bildirib ki, son günlərdə Ermənistanın Kəlbəcər istiqamətində ağır silahlar və Tovuz istiqamətində kvadrokopter tətbiq etməklə təxribatlar törətməsi onların növbəti məkirli niyyətinin ifadəsidir: “Sözsüz ki, Ermənistan tərəfindən bu kimi təxribatların törədilməsi birinci hal deyil. Onlar məhz formalaşmaqda olan sülh prosesini pozmaq üçün davamlı olaraq belə təxribat xarakterli addımlar atır. Görünən isə odur ki, ABŞ-ın Ermənistanda keçirdiyi hərbi təlimlər, Fransanın Ermənistanı öldürücü silahlarla təchiz etməsi və Avropa İttifaqı tərəfindən “Avropa Sülh Fondu” adı altında Ermənistana ilkin mərhələdə on milyon avro dəyərində hərbi yardımın göstərilməsi işğalçı Ermənistanı bu kimi təxribatlar törətməyə “həvəsləndirir”.
Aqil Məmmədov vurğulayıb ki, Ermənistanın Azərbaycana qarşı bu kimi təxribat xarakterli addımları onların növbəti müharibəyə hazırlaşdırılmasına dəlalət edir: “Ermənistan və onun havadarları Cənubi Qafqaz regionunda yeni müharibə ocağı yaratmaq kimi niyyətlərindən əl çəkmir. Sözszüz ki, qalib Azərbaycan ordusu erməni tərəfinin bu kimi təxribatlarına hər zaman olduğu kimi ən sərt şəkildə adekvat cavab verib. Ermənistanın davamlı təxribatlarına cavab olaraq Azərbaycan Müdafiə Nazirliyi də bununla bağlı qarşı tərəfə xəbərdarlıq edib. Ona görə də, regionda vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin və onun havadarlarının üzərinə düşəcək”.