İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında artıq bərpa quruculuq prosesi geniş vüsət alıb. Dövlətin müəyyənləşdirmiş olduğu bərpa və inkişaf konsepsiyasına uyğun olaraq ərazilərdə zəruri işlər aparılır. 30 ilə yaxın Ermənistan tərəfindən barbarlığa məruz qalan ərazilərimizdə bütün infrastruktur, dini, tarixi, mədəni abidələrlə yanaşı ərazinin təbii relyefinə, eko-sisteminə ciddi zəbrə vurulub. Hazırkı mərhələdə Azərbaycan dövləti bu ərazilərin minalardan və çirklənmiş hərbi sursat qalıqlarından təmizlənmməsi ilə yanaşı ekoloji tarazlığını da bərpa edir. Eyni zamanda bu ərazilərə qayıdacaq və əbədi olaraq yaşayacaq insanların məşğulluğu üçün də bütün imkanlar və hədəflər nəzərdən keçirilir.
Bunu Siyasətinfoya Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri, iqtisadçı ekspert Səkinə Babayeva deyib.
O qeyd edib ki, Böyük Qayıdış konsepsiyasi vaxtilə bu ərazilərdən qaçqın və məcburi köçkünə çevrilmiş insanların geri donuşu ilə bitmir: “Burada həmçinin insanların sosial təminatı, davamlı iş və digər zəruri ehtiyaclarının qarşılanması əsas prioritetlərdən biri kimi qəbul edilib. Bəhz bu kontekstdə II Qarabağ müharibəsindən sonra Azərbaycan konfliktsonrası reabilitasiyanın ümumi metodoloji prinsiplərinin hazırlanması konsepsiyasını həyata keçirir. Burada ərazilərin konfliktəqədərki və konfliktsonrası vəziyyətinin müqayisəli qiymətləndirilməsi aparılır. Dövlət idarəetmə, icma özünüidarəetməsinin spesifikası, ərazilərdə həyat təminatı sistemlərinin formalaşması prosesi dəyərləndirilir”.
İqtisadçı hesab edir ki, ərazilərdə infrastrukturun bərpası, iqtisadiyyatın dirçəldilməsi üzrə tədbirlər planı hazırlanıb: “Eyni zamanda Böyük Qayıdışa dair Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də burada daha geniş spektorda tətbiq ediləcək. Bu əslində növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş milli prioritetlərdən biri olaraq müəyyən edilib”.
Ekspertin fikrincə, Böyük Qayıdış proqramının hərtərəfli təminatı vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasında mühüm amildir: “Bu eyni zamanda azad edilmiş ərazilərin qısa zamanda ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında bir vasitə olacaq. Çünki işğaldan azad edilmiş ərazilərə qayıdan insanların təhlükəsiz yaşayışı təmin edilməklə yanaşı buranın ölkəmizin abad guşələrindən birinə çevrilməsi də başlıca amil kimi qarşıya qoyulub. Müasir həyatın əsası olan layiqli yaşayış burada bütün sahələr üzrə təmin olunacaq. Bu mənada dövlət-özəl tərəfdaşlığının inkişafı çərçivəsində həyata keçirilən layihələr iş təminatına xüsusi ilə buraya qayıdacaq ailələrin sosial durumuna, qadınların məşğulluğuna təminat yaradacaq”.
Səkinə Babayeva vurğulayıb ki, bu prinsiplərin icrası ilə işğaldan azad olunan ərazilərin Azərbaycanın böyük gələcəyinə tam inteqrasiyasını təmin etmək mümkün olacaq: “Dayanıqlı məskunlaşma, iqtisadi fəaliyyətə reinteqrasiya üçün də vacib addımlar atılır. Sözsüz ki, ərazilərdə cəmiyyətin sağlam, müasir və abad yaşayış mühitinə çevrilməsi, dayanıqlı məskunlaşma üçün müasir prinsiplərə əsaslanan komfortlu yaşayış mühiti yaradılması prosesi həyata keçirilir. Çünki təhlükəsiz və əlverişli həyat şəraitinin yaradılması vətəndaşların əbədi məskunlaşması üçün böyük əhəmiyyət daşıyır”.