Beynəlxalq Əmək Təşkilatına (BƏT) üzv ölkələrin hökumət nümayəndələri və sosial tərəfdaşların iştirakı ilə Cenevrədə (İsveçrə) Beynəlxalq Əmək Konfransının 111-ci sessiyası keçirilib.
Sessiyada Azərbaycan təmsil edən nümayəndə heyətinin tərkibində Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və digər qonaqlar iştirak edib.
Tədbirin açılış mərasimində BƏT-in Baş direktoru Jilbert Hunqbon iştirak edib və etdiyi məruzəsində bir sıra məsələlərin aktuallığına toxunub.
Sessiyada həmçinin mürəkkəb siyasi-iqtisadi proseslərin regional və qlobal miqyasda mənfi təsirlərinə baxmayaraq, Azərbaycanda yüksək inkişaf tempinin davam etdiyini, ölkədə son 5 ildə sosial ödənişlərdəki ciddi artımları, habelə sosial sektorda həyata keçirilən böyük rəqəmsallaşma proqramının nəticələrini, artıq 140-dan çox sosial xidmətin elektronlaşdırıldığını diqqətə çatdırılıb.
Eyni zamanda DOST konsepsiyasının nailiyyətlərindən, “Əmək və Məşğulluq” altsisteminin mühüm faydalarından bəhs olunub. İşğaldan azad edilmiş ərazilərimizdə aparılan quruculuq işləri barədə məlumat verilib.
Azərbaycanın 2019-cu ildən Qoşulmama Hərəkatının sədri olmaqla pandemiyaya qarşı mübarizədə qlobal səylərin güclənməsi üçün uğurlu təşəbbüslərindən bəhs olunub. COVID-19 pandemiyasından sonra üzv ölkələrdə səmərəli məşğulluq tədbirlərinin və xüsusən həssas qruplarla bağlı sosial müdafiənin gücləndirilməsinin, BƏT-lə sıx əməkdaşlığın önəmi vurğulanıb.
BƏT-in 111-ci sessiyası çərçivəsində Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatı əmək nazirlərinin iclası da keçirilib. 40-dan çox ölkənin yüksək vəzifəli nümayəndələrinin və BƏT-in Baş direktoru J.Hunqbonun iştirak etdiyi iclasda ölkəmizin Qoşulmama Hərəkatının sədri kimi pandemiyaya qarşı qlobal mübarizdə fəal iştirakını vurğulanıb. Ölkəmizin bu istiqamətdə uğurlu təşəbbüsləri, o cümlədən bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışı üçün qətnamələrin qəbulu ilə bağlı təşəbbüsləri qeyd olunub. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə Görüşündə COVID-19-dan sonra Qlobal Bərpa üzrə BMT-nin Yüksək Səviyyəli Panelinin yaradılması təklifinin də irəli sürüldüyü, Azərbaycanın habelə Hərəkatın institusional inkişafına güclü dəstəyi, bütün bu addımların Hərəkatın beynəlxalq nüfuzunu xeyli gücləndirdiyi qeyd edilib.
İclasda Qoşulmama Hərəkatına üzv ölkələrdə əmək və məşğulluq məsələlərinə dair müzakirələr aparılıb və Hərəkatın əmək nazirlərinin Bəyannaməsi qəbul olunub.