Azərbaycanda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü tarixi mesajlarla yadda qaldı. Koronavirus pandemiyası, beynəlxalq aləmdə baş verən iğtişaşlar, münaqişələrin alovlanmasına baxmayaraq ölkəmizdə nəzərdə tutulan bütün layihələr uğurla həyata keçirilib. Bununla yanaşı beynəlxalq əməkdaşlığa da mühüm önəm verilib. Ölkəmiz qlobal əhəmiyyətli tədbirlərə ev sahibliyi edib. Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü də bu baxımdan vacib əhəmiyyətə malik idi.
Bunu Siyasətinfoya Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.
O qeyd edib ki, son dövrlər Qoşulmama Hərəkatının tədbirlərinə beynəlxalq maraq artıb: “Bu da sözsüz ki, təşkilata Azərbaycanın uğurlu sədrliyi ilə bağlıdır. Çünki Qoşulmama Hərəkatı öz tarixinin heç bir mərhələsində son 4 ildə olduğu qədər aktiv bir təşkilat kimi önə çıxmamışdı. Bu baxımdan da 2019-cu ildən etibarən keçirilən toplantılarda Azərbaycan Prezidenti dünya xalqlarını narahat edən siyasi, iqtisadi, hərbi problemlərlə bağlı qlobal miqyaslı təşəbbüslərlə çıxış edir. Prezident İlham Əliyevin bu təşəbbüslərinə üzv dövlətlər tərəfindən yüksək dəstək nümayiş olunur. Azərbaycanın təşkilata sədrliyinin ilk ilində pandemiya ilə bağlı qlobal mübarizə dövrünə təsadüf etdi. Amma buna baxmayaraq təşəbbüsü öz üzərinə götürən Azərbaycan Prezidenti pandemiyanın davam etdiyi dövrdə beynəlxalq səylərin səfərbər olunmasına nail oldu. COVID–19 pandemiyasına qarşı mübarizənin təşkili ilə bağlı BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsi, “peyvənd millətçiliyinə” qarşı çıxmaqla onların bölüşdürülməsində iqtisadi cəhətdən zəif ölkələrin maraqlarının qorunması kimi məsələlərin beynəlxalq gündəliyə çıxarılması və bu proseslərdə baş verən ayrı-seçkiliyin aradan qaldırılması məhz Azərbaycanın sayəsində mümkün olub”.
Millət vəkili bildirib ki, Azərbaycan ağır pandemiya dövründə üzv ölkələrə pandemiyaya qarşı mübarizə çərçivəsində maliyyə və texniki yardımlar göstərib: “Məhz bu kontekstdə ötən 4 il ərzində Azərbaycan Təşkilata sədrlik edən ölkə kimi üzv dövlətlərin maraqlarını beynəlxalq səviyyədə qətiyyətlə qorumağı bacardı. Prezident İlham Əliyev sədrliyi və təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlamentlər Assambleyasının və Gənclər Forumunun yaradılmasına nail olunub. Hazırda isə Hərəkatın Qadınlar Platformasının yaradılması üzərində iş gedir. Bu bir reeallıqdır ki, son 4 il ərzində dünya xalqlarının BMT-dən gözlədiyi bütün zəruri addımları Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatı atmış olub. Nazirlərin görüşündə də Azərbaycan Prezidenti tərəfindən müəyyən edilmiş gündəlik və müzakirə üçün seçilmiş mövzuların aktuallığı ilə diqqət cəlb edib. “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” adı altında keçirilən nazirlər görüşündə Prezident İlham Əliyevin cəsarətli çıxışı, problemlərə qətiyyətli mövqe sərgiləməsi beynəlxalq medianın diqqət mərkəzində olub. Qoşulmama Hərəkatına üzv dövlətlərin BMT Təhlükəsizlik Şurasında təmsil olunmasının zəruriliyi, inkişaf etməkdə olan Afrika, Latın Amerikası, Yaxın Şərq və Cənub-Şərqi Asiya ölkələrinə beynəlxalq səviyyədə dəstək göstərilməsi, beynəlxalq siyasətdə ikili standartlardan imtina edilməsi, neokolonializmin hər cür təzahürünün aradan qaldırılması kimi məsələlərin zərurət olduğunu bildirən Prezident İlham Əliyev üzv dövlətləri öz səylərini birləşdirməyə səsləyib”.
Deputat görüşdə Azərbaycan Prezidenti tərəfindən BMT Təhlükəsizlik Şurasının üzvü Fransanın misalında güc sahibi olan dövlətlərin hələ də digər xalqları öz asılılığında saxlamaq, onların təbii resurslarını talamaq və fundamental haqlarını əlindən almaq cəhdlərini qətiyyətlə pislənildiyini söyləyib: “Prezident İlham Əliyev Fransanın vaxtilə müstəmləkə ölkələrində apardığı soyqırımı cinayətlərinə görə zərərçəkmiş xalqlardan üzr istəməyə və xalqların azadlıq və müstəqillik arzusuna qarşı hərəkətlərdən çəkinməyə çağırıb. Azərbaycan Prezidentinin Fransanın timsalında dünyada neokolonializm meyillərinin artması haqqında fikirləri də dünyanın diqqət mərkəzində olub. Çünki bu gün də Fransa neokolonializmi davam edir. Bu ölkə müstəqil dövlətlərin daxili işlərinə kobud surətdə qarışmaqla ənənəvi vərdişindən əl çəkmir. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Fransa Qəmər adalarının Mayot adası üzərində suverenliyinə, həmçinin Yeni Kaledoniya xalqının, o cümlədən özünün digər dənizaşırı icma və ərazilərində yaşayan xalqların hüquqlarına hörmət etmir. Fransa öz müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən və digər ölkələrdən üzr istəməlidir. Fransa hətta Korsika dilinə qadağa qoyur və etnik azlıqlar konsepsiyasını qəbul etmir. Amma buna baxmayaraq Fransa özünü Azərbaycandakı erməni milli azlığının müdafiəçisi kimi göstərir. Fransa Azərbaycan torpaqlarında münaqişə yaranan gündən erməni separatizmini dəstəkləyir”.
Professor hesab edir ki, Fransa hakimiyyəti başqalarına mühazirə oxumağa cəhd etmək əvəzinə, öz ölkəsində narahatedici meyillərlə mübarizə aparmalıdır: “Fakt odur ki, Fransanın Azərbaycanla bağlı məkrli planları fiaskoya uğrayıb. Ölkə Prezidenti İlham Əliyevin apardığı uğurlu xarici və daxili siyasət nəticəsində işğaldan azad edilən ərazilərimizdə yenidənqurma işləri planlı şəkildə davam edir. Onu da qeyd edək ki, Qoşulmama Hərəkatına üzv olan ölkələr işğal zamanı və işğaldan sonra Azərbaycanın ədalətli mövqeyini dəstək göstərib. 2020-2022-ci illərdə Qoşulmama Hərəkatı ölkələri BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə olan birtərəfli və qərəzli bəyanatların qəbul edilməsinin qarşısını qətiyyətlə almağa nail olub. Bu əslində Qoşulmama Hərəkatının qətiyyətli, ədalətli, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan adekvat reaksiyası idi”.