Noyabrın 30-da Fransa parlamentinin aşağı palatasında (Milli Assambleya) Azərbaycan əleyhinə qəbul edilmiş “qətnamə” heç bir hüquqi əsasa malik deyil. Bu cür absurd qərarların qəbul edilməsi Fransanın bütövlükdə erməni lobbisinin girovuna çevrildiyinin açıq nümunəsidir. Xəritədə Azərbaycanın və Ermənistanın harada olduğunu göstərə bilməyən fransalı senatorlar birtərəfli qaydada ittihamlarla dolu sənədə səs verirlər. Ona görə də, bu açıq şəkildə beynəlxalq hüququn, dövlətlərin ərazi bütövlüyünün pozulması, Avropa məkanında separatizmə dəstək kimi izah oluna bilər.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
O hesab edir ki, Fransa əslində bu cür addımları və qərarları ilə Azərbaycanla Ermənistan arasındakı münasibətlərin normallaşması prosesinə, sülh və təhlükəsizliyə yönələn təşviqedici xəttə zərbə vurur: “Fransa bu reputasiya ilə danışıqlarda vasitəçi kimi bitərəf və ədalətli vola bilməyəcəyini ortaya qoyur II Qarabağ müharibəsindən əvvəl, müharibənin gedişində və ondan sonrakı dövrdə Fransa açıq şəkildə ermənipərəst mövqe sərgiləyib”.
Deputat bildirib ki, bu qərar layihəsinin qəbul edilməsi prosesində Fransa hökumətinin nümayəndəsinin iştirakı da faktiki olaraq buna dəstək verməsi diqqətdən yayına bilməz: “Bu fakt Avropa və digər məkanlarda anti-Azərbaycan ritorikasının arxasında məhz Fransa hökumətinin dayandığını sübut etmiş oldu”.
Tamam Cəfərovaya görə, Fransa qanunverici orqanlarının qəbul etmiş olduğu hər iki qərar Azərbaycan tərəfindən böyük narazılıqla və etirazla qarşılanıb: “Cəmiyyətimizin bu cür qərarlara reaksiyası çox sərtdir. Bunu qətiyyətlə rədd edirik. Belə selektiv yanaşmalarla Azərbaycanı tutmuş olduğu haqq, ədalət yolundan heç bir qüvvə döndərə bilməyəcək. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə günü-gündən özünün regional və qlobal miqyasda mövqelərini gücləndirir”.