Azərbaycan-Ermənistan şərti dövlət sərhəddində və rus sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə erməni tərəfinin təxribatları artıq xroniki hal almağa başlayıb. II Qarabağ müharibəsində döyüş meydanında ağır məğlubiyyətə uğramış bir dövlətin yenidən hərbi avantüra ilə çıxış etməsi absurd görünür. Eyni zamanda müharibədən sonra Ermənistan tərəfindən edilən təxribatlara Azərbaycanın necə reaksiya verdiyini qarşı tərəf yəqin ki, unutmayıb. Bunu son sentyabr təxribat zamanı aldıqları cavab müqabilində Ermənistanın hərbi-siyasi rəhbərliyi və erməni cəmiyyəti anlamamış deyil.
Bunu Siyasetinfoya Milli Məclisin deputatı Cavid Osmanov deyib.
Deputat bildirib ki, müharibədən sonra Azərbaycan qarşı tərəfə beynəlxalq hüququn norma və prinsiplərinin yer aldığı 5 bəndlik sülh paketi təqdim edib: “Bu amil müharibə səhifəsinin artıq geridə qaldığını və yeni bir dövr üçün sülh və təhlükəsizliyin vacibliyinin önə çəkilməsi kimi izah olunur. Amma çox təəsüf ki, Ermənistan rəhbərliyi hələ də bu məsələdə konkret addım atmayıb. Bu ölkədə hələ də nəyəsə “ümid” edənlər, kimlərinsə gəlib onların əvəzinə hansısa bir “iş” görəcəyinə inananlar var. Amma unudurlar ki, indi yeni bir reallıq yaranıb. Bu reallığın müəllifi güclü və qalib Azərbaycandır. II Qarabağ müharibəsindən sonra Azərbaycanın yaratmış olduğu yeni geostrateji situasiya məhz bölgədə sülhü və təhlükəsizliyi təşviq edir. Bu baxımdan da bölgədə təhlükəsizliyə bundan sonra yaranacaq bütün təhdidlərə qarşı Azərbaycan sərt mövqeyi ortadadır. Hər kəs anlamalıdır ki, Dəmir Yumruq yerindədir”.
Deputat qeyd edib ki, Ermənistan və ona havadarlıq edənlər hərbi təxribatlarla heç nəyə nail ola bilməyəcək: “Çünki artıq sülh müstəvisində danışmaq üçün bütün imkanlar mövcuddur. Ermənistan və ona havadarlıq edən Fransa və İran kimi ölkələr də gec-tez bu reallığı dərk edəcək. Qarşı tərəfdə də anlamalıdırlar ki yeni bir hərbi qarşıdurma onlar üçün daha öldürücü olacaq”.