Xocalı faciəsi XX əsrin sonunda Azərbaycan xalqına qarşı ermənilər tərəfindən həyata keçirilmiş ən qanlı soyqırım aktıdır. I Qarabağ müharibəsinin gedişində erməni cəlladları Azərbaycan xalqının mübarizə əzmini qırmaq, torpaqlarımızın işğalını daha asan və müqavimətə rast gəlmədən reallaşdırmaq üçün bu cür qanlı qırğınlar törədib. Bunu sonrakı dönəmlərdə Ermənistana rəhbərlik etmiş qaniçən, cəllad Serj Sarkisyan da etiraf edib. Bu baxımdan da erməni cəlladları və şovinistləri 90-cı illərin əvvəllərindən başlayaraq xalqımıza qarşı qanlı qətliamlar, terror və soyqırım aktlarını həyata keçirib.
Bunu Siyasetinfoya Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, ermənilərin Xocalıda törətdikləri soyqırımı indiyədək bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri hesab edilir: “Xocalı faciəsi tarixdə baş vermiş ən qanlı Xatın, Liditsa, Oradur, Holokost, Sonqmi, Srebrenitsa kimi dəhşətli soyqırımlarla müqayisə olunur. Bu mənada XX əsrin faciəsi olan Xocalı soyqırımı işğalçı və cinayətkar erməni siyasətinin nəticəsidir. Bu faciə təkcə Azərbaycan xalqına deyil, insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətdir”.
Deputat deyib ki, Xocalı soyqırımın üzərində 31 il keçməsinə baxmayaraq bu qanlı faciəni xalqımız unutmur: “1992-ci ilin fevralın 25-dən, 26-a keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum edərək, dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutub. Hücum başladıqdan sonra şəhərdə qalan 2500-ə yaxın əhali azərbaycanlıların nəzarətində olan ən yaxın məkana çatmaq məqsədilə şəhəri tərk etməyə cəhd etsələr də, şəhəri tərk edən əhali pusquya salınıb, Naxçıvanlı və Pircamal kəndləri yaxınlığında erməni hərbi postları tərəfindən dinc əhali atəşə tutularaq amansızlıqla qətlə yetirilib, sağ qalanlar isə əsir götürülüb. Bu soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70-i yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qaldı. Şəhər yerlə-yeksan edildi. Həmin faciəvi gecə zamanı 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edildi, onlardan 76 nəfəri uşaqlardan ibarət idi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini və 130 uşaq isə valideynlərindən birini itirib. Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla – diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürülüb. Bütün bu qəddarlıqlar isə ermənilərin Azərbaycan xalqına qarşı XX sərdə törətmiş ən qanlı soyqırım aktı idi”.
Millət vəkili Xocalı soyqırımına ulu öndər Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verildiyini söyləyib: “Bu qanlı faciənin əsl mahiyyəti yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra açılıb. 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət verib. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət xalqımıza qarşı erməni şovinizminin ağır nəticələrinin dünya ictimaiyyətinə çatdırılması istiqamtində də ciddi addımlar atılıb. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevinin təşəbbüsü ilə Xocalı soyqırımı ilə bağlı həqiqətlər daimi olaraq təbliğ edilir. Eyni zamanda Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, bu soyqırıma obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq addımlar atılıb. Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması prosesi uğurla davam etdirilir. Bu işdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya Ədalət” kampaniyası əvəzolunmaz əhəmiyyətə malikdir. “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilib”.
Aqil Məmmədov II Qarabağ müharibəsində döyüş meydanında erməni cəlladlarına layiqli dərs verildiyini Xocalı cəlladlarının məhv edildiyini bildirib: “2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad edi. 44 günlük Vətən Müharibəsində qəhrəman Ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı”.