Xocalıda erməni faşistlərinin dinc azərbaycanlılara qarşı amansızlıqla həyata keçirdiyi qanlı soyqırım aktından 31 il keçir. Amansızlığına və xüsusi qəddarlıqla icra edilməsinə görə, Xocalı soyqırımı insanlığa qarşı ən ağır cinayətlərdən biri hesab edilir. Azərbaycanlı olduqlarına görə, yaş fərqi qoyulmadan insanlıqdan uzaq davranışlarla, vəhşiliklə müşayiət olunan bu qanlı akt soyqırım cinayətidir. Bu mənada Xocalı qətliamı Azərbaycan xalqının tarixində erməni faşistlərinin insan təfəkkürünə sığmayan vəhşiliklərinin acı nümunələrindən biridir.
Bunu Siyasetinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Xocalıda törədilmiş soyqırım miqyasına və qeyri-insani cəza üsullarına görə tarixə ən dəhşətli cinayət aktı kimi daxil olub: “XX əsrin sonlarında dünyanın gözü qarşısında baş vermiş belə kütləvi qırğın hadisəsi öz qəddarlığına görə təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə, insanlığa qarşı törədilmiş cinayət idi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə aylarla blokada şəraitində yaşayan Xocalı şəhəri erməni faşistləri və onların havadarları tərəfindən yerlə yeksan edilib. Dinc əhaliyə amansızlıqla divan tutulub: 613 nəfər qətlə yetirilib, 1275 nəfər girov götürülüb, 150 nəfərin isə taleyi bu günə kimi məlum deyil. Qətlə yetirilənlərin 63-ü uşaq, 106-sı qadın, 70-i ahıl və qocalar idi. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 132 uşaq isə valideynlərindən birini itirib. Soyqırımı zamanı 56 nəfər xüsusi amansızlıqla qətlə yetirilib”.
Deputat deyib ki, xalqımızın başına gətirilən digər hadisələr və müsibətlər kimi Xocalı faciəsinə də Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra hüquqi-siyasi qiymət verilib. “Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdi. BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini çatdıraraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırış edildi. Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və ədalətin bərpa olunması istiqamətində Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasət Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Hər il Azərbaycanda və dünyanın müxtəlif ölkələrində Xocalı faciəsi qurbanlarının əziz xatirəsi anılır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində görülən işlər nəticəsində dünyanın bir sıra dövlətləri Xocalı soyqırımını rəsmən tanıyıb, bu soyqırımını pisləyən qətnamə qəbul edib”.
Məlahət İbrahimqızı 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi döyüş meydanında Xocalı şəhidlərinin də qisasının alındığını söyləyib: “Şanlı Zəfər nəticəsində torpaqlarımız Ermənistanın işğalından azad olundu. 30 ilə yaxın davam edən Qarabağ münaqişəsi başa çatdı. Azərbaycan dünya birliyi tərəfindən tanınan qəbul edilən ərazi bütövlüyünü bərpa etdi. Prezident İlham Əliyevin göstərdiyi prinsipiallıq və qətiyyət, milli maraqlarımızı cəsarətlə müdafiə etməsi, böyük diplomatik məharəti, dəqiq, məqsədyönlü, ardıcıl siyasət aparması qazanılmış tarixi qələbənin məntiqi nəticəsi kimi səciyyələndirilir. Məhz Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Güclü Ordumuz xalqımıza şanlı qələbəni bəxş etdi. On illiklər boyu erməni faşitləri tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən etnik təmizləmə siyasətinə son qoyulmaqla yanaşı bütün günahsız qurbanların qisası alındı və düşmən döyüş meydanında məğlub edildi. Tarixi qələbə nəticəsində şəhidlərimizin ruhu şaddır. Xalqımız Xocalı şəhidlərinin əziz xatirəsini hər zaman böyük ehtiram və hörmətlə yad edir. Allah şəhidlərimizə rəhmət etsin”.