Türkiyədə baş vermiş zəlzələnin ilk saatlarından Prezident İlham Əliyev başda olmaqla, Azərbaycan xalqı qardaş ölkənin yanında olduğunu bəyan etdi və ilk təcili yardımlar həyata keçirildi”.
Siyasetinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
Millət vəkili qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev zəlzələ baş verən günü Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb, öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib. Həmin gün həmçinin, cənab Prezident Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon əlaqəsi saxlayıb və bildirib ki, bu böyük fəlakət qarşısnda Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyev fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olub, Türkiyədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verib və çıxış edib. Azərbaycan zəlzələdən sonra ilk dəqiqələrdən öz yardımlarını göndərməyə başlayıb. Preizdent Əliyevin səfirlikdə görüş zamanı söylədiyi fikirlər qardaş ölkədə də əks-səda doğurub: “Prezidentin çıxışı təsirli idi. O, bildirdi ki, “Azərbaycan xalqı könüllü olaraq qardaşlara, öz doğma qardaşlarına dəstək olmaq üçün kimin əlində nə var onu gətirir. Kimi yorğan gətirir, kimi döşək gətirir, kimi gödəkcə gətirir. Kimin imkanı nəyə çatırsa, onu da əsirgəmir. Biz bütün dünyaya bir daha nümayiş etdiririk ki, təkcə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur”.
Millət vəkilinin sözlərinə görə hazırda Azərbaycan cəmiyyətinin ən müxtəlif kəsimləri qardaş ölkəyə yardım kampaniyasında iştirak edirlər: “Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə böyük yardım kampaniyası başlayıb. Həmçinin, Milli Məclisin rəhbərliyi və deputatlar əməkhaqlarının bir hissəsini ianə edib. Azərbaycanın ən böyük şirkəti SOCAR öz dəstəyini verir. Bütün dövlət qurumları da bu gün qardaş türk xalqının yanındadır. Bu gün Azərbaycan dövləti, Azərbaycan xalqı qardaş Türkiyə ilə birlikdə tarixin acı sınağından keçir. İnanıram ki, Türkiyə dövləti bu imtahandan güclənərək çıxacaq, yaralarını sarıyacaq. Bütün bu işlərdə Azərbaycan qardaş dövlətin yanında olacaq”.