Fevralın 6-da qardaş Türkiyədə baş verən dəhşətli zəlzələ hər birimizi dərindən sarsıtdı. Faciənin baş verdiyi ilk andan etibarən Azərbaycan qardaş Türkiyəyə dəstəyini nümayiş etdirdi. Azərbaycan xalqı qardaş Türkiyənin bu çətin günündə öz dəstəyini mümkün olan bütün formalarda həyata keçirir. Prezident İlham Əliyevin dediyi kimi, “Azərbaycan xalqı könüllü olaraq öz doğma qardaşlarına dəstək olmaq üçün kimin əlində nə var onu gətirir. Kimi yorğan gətirir, kimi döşək gətirir, kimi gödəkcə gətirir. Kimin imkanı nəyə çatırsa, onu da əsirgəmir”. Çünki bu gün dünyada eyni dilə və soykökə mənsub xalqlar çoxdur. Lakin dünya tarixinə nəzər saldıqda Azərbaycan və Türkiyə kimi bir-birinə yaxın dostluq, qardaşlıq münasibətlərinə əsaslanan ölkə görmək mümkün deyil.
Siyasetinfo xəbər verir ki, Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
Deputat bildirib ki, II Qarabağ Müharibəsindən sonra Azərbaycan və Türkiyə arasındakı dostluq, qardaşlıq münasibətləri yeni bir mərhələyə qədəm qoyub: “Xüsusilə də, müharibənin ilk günlərindən Türkiyənin Azərbaycanın yanında olduğunu bütün dünyaya açıq şəkildə bəyan edərək, mənəvi, siyasi dəstək verməsi bu münasibətlərin yeni və ən yüksək mərhələsinin başlanğıcı oldu. Türkiyə kimi güclü bir dövlətin ölkəmizə mənəvi və siyasi dəstək verməsi hər bir azərbaycanlını daha da ruhlandırmış, ölkəmizi daha da gücləndirmişdir. Fevralın 6-da baş verən zəlzələdə Azərbaycan xalqının qardaş Türkiyəyə göstərdiyi dəstək dövlətlərimiz arasında birliyin, həmrəyliyin ən yüksək səviyyədə olduğunun bariz nümunəsidir. Azərbaycan dövlətinin və millətinin Türkiyəyə göstərdiyi dəstək bir daha onu deməyə əsas verir ki, iki dövlət arasında birlik, bərabərlik əbədi və sarsılmazdır”.
Millət vəkili qeyd edib ki, Azərbaycanla Türkiyə hər zaman bir-birinin yanındadır. Zəlzələnin baş verdiyi andan etibarən davamlı olaraq Azərbaycandan Türkiyəyə müxtəlif yardımlar göndərilməyə davam edir: “Ümumilikdə faciə baş verdiyi saatdan 8 fevraladək dövlət başçısının tapşırığına əsasən FHN-in 725 nəfərlik şəxsi heyəti Türkiyəyə göndərilib. Onlardan 34 nəfəri həkim və 7 nəfəri texniki işçi olmaqla tibbi heyətə aiddir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərişinə uyğun olaraq Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım aparan xüsusi təyyarə 9-10 fevral tarixində Qaziantep hava limanına uçub. Zəlzələdən zərər çəkmiş şəxslər üçün Heydər Əliyev Fondu tərəfindən humanitar yardım göndərilib. Yardım xilasetmə işlərində iştirak edən şəxsi heyət və tibbi personaldan başqa, xilasetmə işlərində istifadə olunan ləvazimatlar, generatorlar, nasos stansiyaları, avtomobillər, həmçinin modul səhra hospitalları, tibbi avadanlıq, dərman preparatları, təxirəsalınmaz yardım vasitələri, çadırlar, yataq dəstləri və sair, habelə zərər çəkmiş əhali üçün humanitar yardımı əhatə edir. Eləcə də, dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər, çadırlar da yardım ləvazimatlarına daxildir. Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən də qardaş ölkəyə humanitar yardım kampaniyasına start verilib”.
Tamam Cəfərova deyib ki, hər iki ölkəni tarixi, milli, dini və mədəni köklər bir-birinə bağlayır: “Bu gün iki dövlət arasında olan sarsılmaz birlik böyük öndər Mustafa Kamal Atatürkün dediyi “Azərbaycanın kədəri – kədərimiz, sevinci – sevincimizdir” və Ümummilli liderimiz Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” fəlsəfəsinin real təzahürüdür. Türkiyədə baş vermiş güclü zəlzələnin nəticələrinin aradan qaldırılmasında, xilasetmə işlərində dövlətimizin dəstəyi, zəlzələdən zərərçəkmiş insanlara yardım üçün vətəndaşlarımızın fədakarlığı birliyimizin sarsılmazlığını bir daha bütün dünyaya nümayiş etdirdi”.