Dünən səhər saatlarında Azərbaycanın İrandakı səfirliyinə qanlı terror hücumu ilə bağlı məlumat aldıq. Oradakı görüntülər bizə insan kimi çox pis təsir etdi. Allah şəhidimizə rəhmət etsin, yaralılara şəfa arzulayırıq. Bu insanlığa qarşı qanlı bir hücum idi. Əli silahlı şəxsin səfirlik binasına daxil olub qarşısına çıxan hər kəsə atəş açması heç bir mənəviyyata və insanlığa sığmır. Eyni zamanda bu terror hücumunun qarşısını almayan İran dövləti, polisi bu qanlı olaya görə birbaşa məsuliyyət daşıyır.
Siyasetinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.
Professor bildirib ki, İrandakı səfirliyimizə hücum qanlı terror aktıdır: “Diplomatik nümayəndəliklərin qorunması, onların əməkdaşlarının təhlükəsizliyi ilə bağlı beynəlxalq qanunlar mövcuddur. Hər bir ölkə öz ərazisində fəaliyyət göstərən səfirliklərin, diplomatların təhlükəsizliyinə birbaşa cavabdehdir. Məhz bu baxımdan da Tehranda baş verən bu terror aktına görə, İran molla-rejimi məsuliyyət daşıyır”.
Deputat deyib ki, bu məsələlər səfirlik, konsulluq və başqa bu tip diplomatik nümayəndəliklərin fəaliyyəti haqqında 1961-ci il aprelin 18-də qəbul edilmiş “Diplomatik münasibətlər haqqında” Vyana Konvensiyası ilə tənzimlənir: “Beynəlxalq Konvensiyaya əsasən, hər bir dövlətin üzərində ərazisində olan səfirlik və konsulluq binalarını qorumaqla bağlı öhdəliyi var. Amma İran beynəlxalq hüquqla üzərinə düşən öhdəliyi yerinə yetirməyib. Səfirliyimizə terrorçunun hücumu zamanı İran polisinin qeyri-adekvat davranması, hücum edənin qarşısını almaqdansa, yerində dayanaraq əlindəki telefonla məşğul olması ciddi şübhələr yaradır. Necə ola bilər ki, səfirliyin təhlükəsizliyinə cavabdeh olan polis məsələyə heç bir halda müdaxilə etməsin? Bu gün Bakıda istənilən səfirliyin, o cümlədən İran səfirliyinin təhlükəsizliyi ən yüksək səviyyədə təmin edilir. Heç kəs səfirlik binasın yaxınlaşa hər hansı hərəkət edə bilməz. Çünki Azərbaycan dövləti öz ərazisində beynəlxalq Konvensiyalara uyğun olaraq bütün səfirliklərin və diplomatların təhlükəsizliyinə təminat verir”.
Millət vəkili vurğulayıb ki, törədilmiş terror aktı İranın həyata keçirdiyi anti-Azərbaycan təbliğatının və fəaliyyətin nəticəsidir: “Artıq bir ildən çoxdur ki, İranda Azərbaycan qarşı əks-təbliğat aparılır. Amma bu yanlış istiqamətdir. Ona görə də, bu qanlı terror aktına görə, İranın ali rəhbərliyi Azərbaycan xalqından üzr istəməlidir. Əvvəllər də İranın Azərbaycan şəhidlərinin qanında əli olduğu vurğulanıb. I Qarabağ müharibəsində və Vətən Müharibəsində İran tərəfinin Ermənistana kəşfiyyat materialları ötürməsi ilə bağlı kifayət qədər faktlar var. Azərbaycan Ordusunun irəliləməsindən narahat olan molla rejimi II Qarabağ müharibəsinin gedişində də öz çirkin əməllərindən çəkinməmişdi. Ona görə də, bu gün Azərbaycanın İrandakı səfirliyində baş verən terror aktında iki vətəndaşımızın yaralanması, zabitimizin ölümündə birbaşa İran dövlətinin əlinin olduğu şübhəsizdir”.