Bu gün İranda səfirliyimizə silahlı basqının edilməsi sıradan bir hadisə olmadığını hesab edirəm. Çünki İranın xüsusi xidmət orqanları dünyada baş verən prosesləri izləmək iqtidarında olduğu halda öz ölkəsində baş verən bu hadisə haqqında xəbəri qabaqcadan bilməməsi heç də məntiqli görünmür.
Bunu Siyasetinfoya Milli Məclisin deputatı Azər Badamov deyib.
O hesab edir ki, səfirliyə hücum beynəlxalq konvensiyaları saymamaq deməkdir: “Ermənistan belə hücumları digər ölkələrimizdəki səfirliklərimizə qarşı da törətmişdi. Düşünürəm ki, bu hücumun arxasında yenə ermənilər dayanır. Ermənilər yerli orqanların dəstəyi olmadan nə isə bir şey edə biləcəyini düşünmürəm. Səfirliklərə hücumlar düşmənlərimizin acizliyin göstəricisidir. Əgər sizin o qədər cəsarətiniz və kişiliyiniz çatırsa bir neçə əməkdaşımızın yerləşdiyi səfirliklərimizə hücumun əvəzinə döyüş meydanında əsgərimizlə üz-üzə gəlin. Əgər sizdə elə cəsarət yoxdursa alçaqlıqlara əl atmağınızı dayandırın. Törətdiyiniz hər bir alçaqlığın cavabı olacaqdır”.
Deputat deyib ki. İranda bu hadisənin silahlı şəkildə baş verməsi çoxlu suallar yaradır: “Hesab edirəm ki, İranın rəsmi qurumları bu məsələ ilə bağlı Azərbaycana hesabat verməlidir.
Səfirliklər yerləşdiyi ölkənin dövlət orqanları tərəfindən qorunmalıdır. Ona görə də silahlı basqınla bağlı rəsmi Tehranın açıqlamasını gözləməliyik və ondan sonra nə etməli olduğumuzu düşünməliyik. Allah qəhrəmancasına həlak olmuş əməkdaşımıza rəhmət eləsin, xəsarət alanlara da tezliklə sağalmaqlarını diləyirəm”.