Noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və BMT-nin Baş katibi Antonio Quterreş Sammitdə iştirak edən dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini qarşılayıb. Qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyev Liderlər Sammitinin açılış mərasimində çıxış edərək ölkəmizin mötəbər tədbirə ev sahiliyinin yaratmış olduğu imkanlardan bəhs edib. Cənab Prezident Azərbaycana gəlmiş qonaqları salamlayaraq ölkəmizin enerji siyasətindən, eyni zamanda yaşıl enerji strategiyasından bəhs etdi. Dövlətimizin başçısı Azərbaycanın zəngin karbohidrogen ehtiyyatlarına sahib ölkə kimi bu gün qlobal miqyasda alternativ enerji mənbələrinin yaradılması, təşviq edilməsi istiqamətində qarşıya qoymuş olduğu məqsədlərə toxunub. Həmçinin ekoloji mühitin yaxşılaşdırılması, qlobal təhdidlərə qarşı Azərbaycanın ortaya qoymuş olduğu mövqenin bu gün bütün dünya dövlətləri tərəfindən təqdir edildiyini qeyd olundu.
COP29-a aparan yolda Azərbaycana verdiyi dəstəyə görə BMT-nin Baş katibi Antonio Quterreşə və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyinə təşəkkürlərini çatdıran cənab Prezident Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti, Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanı və onun bütün komandasını Dubayda COP28-də əldə olunmuş tarixi konsensus münasibətilə təbrik edərək Bakıda COP29 üçün hazırlıqlarda verdikləri dəstəyə görə minnətdarlığını bildirdi. Ötən ilin dekabrında təxminən 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək şərəfi verilib.
Azərbaycanın həyata keçirdiyi meqalayihələr artıq Avrasiyanın enerji siyasətində mühüm rol oynayır. Eyni zamanda bu amil çoxtərəfli əməkdaşlıq formatının qurulması baxımından da əhəmiyyətlidir. Ölkəmizin başçısı həmçinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin Ermənistan tərəfindən 30 illik işğalına, etnik təmizləməyə və bir milyon azərbaycanlının öz doğma torpaqlarından qovulması məsələsini də COP29 Konfransının iştirakçılarının diqqətinə çatdırdı. 4 il öncə Azərbaycan II Qarabağ müharibəsində tarixi Qələbə əldə edərək özünün beynəlxalq birlik tərəfindən tanınan və qəbul edilən ərazi bütövlüyünü təmin etməklə yanaşı BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsini də özü təkbaşına icra etməklə beynəlxalq hüquqa, BMT-nin çıxarmış olduğu qərarlara olan yüksək hömrət və ehtiramını nümayiş etdirdi. Sözsüz ki, hazırda COP29-un sədri kimi Azərbaycan inkişaf etmiş və inkişaf edən ölkələr, Qlobal Cənub və Qlobal Şimal arasında ümumi anlaşmaya nail olmaq üçün əlindən gələni etmək iqtidarındadır. Azərbaycan 120 ölkənin yekdil qərarı ilə dörd il ərzində, BMT-dən sonra ikinci beynəlxalq qurum olan Qoşulmama Hərəkatına uğurla sədrlik edib. Həmçinin ölkəmiz təxminən 60 ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür.
Avropa İttifaqının 10 üzvü ilə Azərbaycan sazişlər imzalayıb və Strateji tərəfdaşlıq haqqında bəyannamələr qəbul edib. Bütün bunlar imkan verir ki, Azərbaycan iqlim dəyişmələri məsələsində fərqli mühüm iştirakçılar arasında körpülərin salınmasında çox faydalı və yardımçı ola bilsin. Cənab Prezident də bəyan etdi ki, Azərbaycan çoxtərəfliliyin tərəfdarıdır. Eyni zamanda, ölkəmiz mədəniyyətlərarası dialoqda fəal rol oynayır. Bu xüsusda BMT-nin Sivilizasiyalar Alyansı ilə birlikdə Azərbaycan iki ildən bir Bakıda Mədəniyyətlərarası Forum təşkil edir. Multikulturalizm Azərbaycanda dövlət siyasəti və həyat tərzidir. Azərbaycan xalqı etnik və dini mənsubiyyətindən asılı olmayaraq sülh və razılıq şəraitində bir ailə kimi yaşayır.
Ölkəmizin başçısı Azərbaycanın neft və qazla bağlı siyasətini fonunda onun ekoloji siyasətinə qarşı aparılan çirkin kampaniyanın heç bir əhəmiyyət kəsb etmədiyini vurğulayıb. Dövlətimizin başçısı bildirib ki, “Azərbaycan COP29-a ev sahibi seçildikdən dərhal sonra biz əlaqələndirilmiş və yaxşıca təşkil olunmuş qarayaxma və böhtan kampaniyasının hədəfinə çevrildik. Qərbin yalan xəbər mediası, dırnaqarası müstəqil QHT-ləri və bəzi siyasətçiləri sanki ölkəmiz haqqında dezinformasiya və səhv məlumatın yayılmasında yarışa çıxıblar. Neftimizin olmasında bizi ittiham etmək bir növ Bakıda il ərzində 250-dən artıq günəşli günün olmasında bizi suçlamağa bənzəyir”. Bütün bu təhdidlərə baxmayaraq Azərbaycan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə özünün bütün hədəflərinə çatıb.
Nübar Ələkbərova
Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatı Novxanı 4 saylı ərazi partiya təşkilatının (Novxanı su bağlar idarəsi) sədri