Prezident İlham Əliyev İtaliyaya səfəri çərçivəsində “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışında vacib məqamlara toxunub. Azərbaycan və İtaliyanın strateji tərəfdaşlar kimi fəaliyyəti və 10 il öncə əldə edilən ikitərəfli bəyannamənin mahiyyətindən bəhs edilib. Vurğulanıb ki, iki ölkə arasında əməkdaşlığın bir çox sahəni əhatə edir. Hazırda isə Azərbaycanla İtaliya arasında yüksək səviyyəli siyasi təmasların olduğu bildirilib.
Bunu Siyasətinfoya VI çağırış Milli Məclisin deputatı, YAP Təftiş Komissiyasının üzvü Məlahət İbrahimqızı deyib.
“Cənab Prezidentin də çıxışında vurğuladığı kimi Azərbaycan İtaliyanın bir nömrəli neft və ikinci ən böyük qaz təchizatçısıdır. İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır. Bu mənada milli təhlükəsizliyin ayrılmaz parçası olan enerji təhlükəsizliyi məsələsində hər iki ölkə sıx əməkdaşlığa malikdir. Ölkəmizin başçısı da çıxışında bildirib ki, Azərbaycandan İtaliyayadək uzanan, Cənub Qaz Dəhlizi adlanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir. Bu bir reallıqdır ki, hazırda 10 ölkə Azərbaycandan qaz alır və onlardan 7-si Avropa İttifaqının üzvüdür. Məhz bu kontekstdə Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır. Sözsüz ki, Azərbaycanla İtaliya arasında ikitərəfli əlaqələr enerji və ticarətlə məhdudlaşmır. Hazırda humanitar məsələlər üzərində fəal şəkildə iş aparılır. Artıq İtaliya-Azərbaycan Universiteti fəaliyyətə başlayıb. Bu amil əməkdaşlığın şaxələndirilməsinin bariz nümunəsidir. Eyni zamanda İtaliyanın beş aparıcı universiteti Azərbaycandan olan tərəf müqabilləri müştərək əməkdaşlıq edir ki, bu gələcək addımlar üçün mühüm əhəmiyyətə malikdir. Təbii ki, Azərbaycanla İtaliya arasında ikitərəfli münasibətlər qarşılıqlı etimad və hörmət əsasında qurulub. Cənab Prezident çıxışında Azərbaycanın ərazi bütövlüyü və suverenliyini bərpa etdiyini də diqqətə çatdırıb. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri 30 il ərzində Ermənistanın işğalı altında idi. Beynəlxalq təşkilatların çoxsaylı qərar və qətnamələrinə, o cümlədən Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından dərhal çıxarılmasını tələb edən və hüquqi öhdəlik yaradan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə baxmayaraq, işğal davam edirdi. ATƏT-in Minsk Qrupu isə 28 il ərzində bu məsələdə heç bir addım atmağa nail olmayıb. Əslində bu reallıq ədaləti və sülhü təmin etmək üçün təkcə beynəlxalq hüququn kifayət etmədiyini bir daha təsdiq edir”, – deyə o əlavə edib.
Təftiş Komissiyasının üzvü bildirib ki, 2020-ci ildə 44 günlük Vətən Müharibəsi və 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini tam təmin etdiyi ölkəmizin başçısı tərəfindən Beynəlxalq Forum iştirakçılarının diqqətinə çatdırıldı: “Bununla da Azərbaycanın suveren ərazisində separatizmə birdəfəlik son qoyuldu. Azərbaycanın hazırda regionda daimi sülhün əsas təşviqedici faktoru kimi çıxış etdiyi də Forumda önə çəkilib. Ölkəmizin başçısı bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh danışıqları çərçivəsində baş verən hadisələr, sülh müqaviləsinin bəndlərinin təqribən 80 faizinin razılaşdırılması, sərhədin delimitasiyası prosesinin başlanması və hətta kiçik addım hesab oluna bilən 13 kilometrlik hissəsinin demarkasiyası özü belə düzgün istiqamətdə atılan addımdır. Azərbaycanın COP29-a ev sahibliyinin mühüm önəmi İtaliyadakı Forumda vurğulanıb. Ölkəmizdə bu mötəbər tədbirin digər tədbirlər kimi yüksək səviyyədə təşkili ilə bağlı ardıcıl proqram xarakterli işlər uğurla davam edir. 200-yə yaxın ölkənin iştirak edəcəyi Bakı COP29 beynəlxalq tədbiri Azərbaycanın qlobal arenada müxtəlif aktorlar arasında körpülərin qurulmasında önəmini artırmış olur. Azərbaycan COP29 tədbirlərini də ən yüksək təşkilatçılıq və təhlükəsiz şəraitdə keçirəcəyinə əminlik mövcuddur”.
Məlahət İbrahimqızı vurğulayıb ki, Azərbaycan 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına 4 il uğurla sədrlik edib: “Bu təşkilat ölkəmizin sədrliyi dövründə olduqca mühüm nəticələr əldə edilib. Bütün bunlarla yanaşı Azərbaycan hər zaman sülh və əməkdaşlıq tərəfdarıdır. Bu xüsusda ölkəmiz hazırda davam edən Rusiya-Ukrayna müharibəsinin başa çatmasında da özünün sülh təşəbbüslərini ortaya qoymağa hazır olduğunu bəyan edib. Sözsüz ki, Azərbaycan dünyada aparıcı beynəlxalq təşkilatlarla qarşılıqlı maraqlara uyğun olaraq əməkdaşlıq edir. Azərbaycan 2001-ci ildə üzv olduğu Avropa Şurası ilə ötən dövrdə normal təmaslar qurub. Sözsüz ki, zaman-zaman Azərbaycana qarşı Avropa Şurası Parlament Assambleyasının qərəzli və birtərəfli yanaşmaları da olub. Ölkəmizin başçısı da Forum iştirakçılarının diqqətinə çatdırıb ki, Azərbaycan özünün suverenliyini tam şəkildə bərpa etdikdən bir neçə ay sonra Avropa Şurasının Parlament Assambleyası ölkəmizin nümayəndə heyətini səsvermə hüququndan məhrum etdi. Cənab Prezident açıq şəkildə bəyan edib ki, bu, suverenliyimizi bərpa etdiyimiz üçün bizə qarşı tətbiq edilən sanksiya idi: “Biz öz torpağımızda döyüşdük və hər hansı təcavüzə əl atmadıq. Azərbaycan isə münasibətləri yenidən bərpa etmək üçün ölkəmizin nümayəndə heyətinin Avropa Şurasının Parlament Assambleyasındakı fəaliyyətinin bərpa etməsini tələb edir”.