2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 104 saylı Gədəbəy seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Sevinc Hüseynovanın YAP Gədəbəy rayon təşkilatının qərargahında seçicilərlə növbəti görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev bildirib ki, Milli Məclisə keçiriləcək seçkilər xalqın Yeni Azərbaycan Partiyasına inamının növbəti ifadəsi olacaq. O, YAP-ın qazandığı nailiyyətlərə nəzər salıb, qarşıda duran hədəflərdən bəhs edib. Təşkilat sədri vurğulayıb ki, seçki prosesində fəal iştirak etməklə, YAP-ın namizədini dəstəkləməklə vətəndaşlarımız firavan gələcəyə imza atmış olacaqlar.
Çıxış edən deputatlığa namizəd Sevinc Hüseynova əvvəlcə YAP-ın seçki platforması haqqında məlumat verib. Namizəd bildirib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir Azərbaycan dövləti tarix yazır: “Əldə olunan böyük qələbələrin nəticəsidir ki, budəfəki parlament seçkiləri ilk dəfə olaraq ölkəmizin bütün ərazisində keçiriləcək”.
Deputatlığa namizəd seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.
Tədbir iştirakçılarından Baxış Nağıyev çıxış edərək vurğulayıb ki, yeni dövrə yeni Azərbaycanla birgə addımlamaq üçün seçkilərdə fəal iştirak edərək YAP-ın namizədinə səs verəcəklər.
Görüş zamanı seçicilərin təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.
Daha sonra S.Hüseynova rayonun Slavyanka kəndində Rus İcmasının nümayəndələri ilə fərdi görüşlər də keçirib.