Abdallar kənd yaşayış məntəqəsi 1923-cü ildə Laçın adlandırılıb və şəhər statusu verilib. Laçın rayonu isə 1930-cu ildə inzibati ərazi vahidi kimi təşkil edilib. 1930-cu il avqustun 8-də təşkil edilən Laçın rayonunun mərkəzi Laçın şəhəridir. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayon 1 şəhər, 1 qəsəbə, 125 kənddən ibarətdir. Ümumi sahəsi 1835 kvadrat kilometri olan Laçın rayonu 72 min hektar yaylaq sahəsinə və 34 min hektar zəngin meşə massivinə malikdir. Böyük strateji əhəmiyyətə malik Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Laçın Ermənistanın işğalı nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qalıb: “300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Erməni təcavüzü nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə erməni vandalizmi nəticəsində məhz edilib. Sözsüz ki, 90-cı illərin əvvəllində Laçının ermənilərə təhvil verilməsinin arxasında məkirli siyasi niyyətlər var idi. O vaxt hakimiyyətə can atan AXC-Müsavat cütlüyü bu məqsədlərinə çatmaq üçün istənilən çirkin yollara əl atırdı. Həmin dövr Şuşa, Laçını demək olar ki, düşmənə təhvil verildi. Hakimiyyətə can atmış və hakimiyyəti zəbt etmiş o qüvvələrin xəyanəti nəticəsində 1993-cü ilin aprel ayında Kəlbəcər işğal altına düşdü. Laçının işğala məruz qalması laçınlılar və bütöv Azərbaycan xalqı üçün böyük faciə idi. Ermənistan tərəfindən Laçının işğalı strateji nöqteyi-nəzərdən məkirli planın bir hissəsi olub. Çünki bununla Ermənistanla keçmiş “Dağlıq Qarabağ Muxtar Vilayəti” arasında coğrafi əlaqə yaradılırdı. Əslində Azərbaycanın sonrakı itkiləri məhz Şuşa və Laçının itirilməsi başlamışdı. İşğal dövründə rəsmi İrəvan Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən, Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsinə çalışıb”.
Millət vəkili vurğulayıb ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsində əldə edilən qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu da Ermənistanın işğalından azad edildi: “2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Sözsüz ki, Laçının azad edilməsi böyük qürur və Azərbaycan oğullarının sücaətinin nəticəsi idi. Məhz Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Laçının azad olunmasına görə” medalı ilə təltif olunması bunun bariz nümunəsidir. Artıq öz azadlığına qovuşan Laçın rayonu yeni inkişaf dövrünü yaşayır. Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi Qarabağ və Şərqi Zəngəzur cənnətə çevrilir. Ölkəmizin başçısı vurğulayıb ki, Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurların göstəricisidir. Prezident İlham Əliyev tərəfindən 26 avqust – Laçın şəhəri gününün təsis edilməsi azadlığın təbliği və onun qorunması, bu tarixi günlərin əzəmətinin dərk edilməsi baxımından olduqca önəmlidir. Bu gün işğaldan azad olunmuş ərazilərdə, görülən zəruri işlərlə yanaşı Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaq vacib layihələrdən biridir. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir”.
Məlahət İbrahimqızı bildirib ki, 2023-cü ilin 28 may tarixindən başlayaraq laçınlıların doğma yurda qayıdışına start verilib: “Laçınlılar 31 ildən sonra öz doğma yurdlarına qayıdıblar və artıq burada yaşayırlar. Köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb. Böyük Qayıdışı təmin edəcək Dövlət Proqramına əsasən indiyədək Laçın şəhərinə 534 ailənin, yəni 1971 nəfərin daimi məskunlaşması təmin edilib. Hazırda da Laçında bütün lazımi şərait yaradılır. Hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun. Laçın şəhəri ilə yanaşı Zabux və Sus kəndində də artıq məskunlaşma həyata keçirilib”.