Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 22-də Özbəkistan Respublikasına dövlət səfəri tarixi əhəmiyyət kəsb edir. Bu səfər növbəti dəfə iki qardaş ölkə arasında münasibətlərin xarakterini göstərən mühüm amildir. Reallıq odur ki, güclü və qalib Azərbaycan II Qarabağ müharibəsindən sonra yaranmış yeni reallığın müəllifidir. Prezident İlham Əliyevin rəhbərliyi həyata keçirilən uğurlu siyasət Azərbaycanın regional və qlobal miqyasda rolunu günü-gündən gücləndirir. Bu mənada Azərbaycan ölkələrlə və tərəfdaşlarla sıx münasibətlər qurur. Mərkəzi Asiya ölkələri bu xüsusda mühüm yer tutur. Məhz bu kontekstdə ölkəmizin xarici siyasət kursunda Özbəkistanla əlaqələri xüsusi ilə qeyd etmək olar.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Özbəkistan prezidenti Şavkat Mirziyoyevin qarşılıqlı səfərləri türk dövlətləri arasında əlaqələrin və strateji tərəfdaşlığın inkişaf etdirilməsi baxımından tarixi hadisə hesab olunur: “Bu eyni zamanda Azərbaycan və özbək xalqları arasında tarixi əlaqələrin, mənəvi bağlılığın, dostluğun və qardaşlığın əyani təzahürüdür. Ortaq tarix, din və mədəniyyəti bölüşən ölkələrimizin əlaqələri günü-gündən inkişaf edir. Keçmiş sovet dövründə də iki xalq arasında olan mənəvi bağlar üzərində olan münasibətlər davam edib. Azərbaycan və Özbəkistan dövlət müstəqilliklərini bərpa etdikdən sonra iki ölkə arasında tarixin sınaqlarından çıxmış bağlar daha da möhkəmlənib. Müstəqillik illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında və dövlətlərarası münasibətlərin formalaşmasında Ulu Öndər Heydər Əliyevin və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri xüsusi ilə qeyd edilməlidir. Özbəkistan ölkəmizin ərazi bütövlüyünü hər zaman dəstəkləyib. Azərbaycan xalqı ən ağır dövrdə belə özbək xalqının qardaşlıq dəstəyini hiss edib. Postsovet məkanında Özbəkistan Azərbaycan torpaqlarının işğalına faktına görə Ermənistanla diplomatik əlaqə qurmayan yeganə dövlətdir. Təbii ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Özbəkistanla dövlətlərarası münasibətlərin siyasi xəttində Mərkəzi Asiya dövlətləri ilə əlaqələrin inkişafı mühüm yer tutub. 1996-cı ildə Özbəkistan prezidentinin Azərbaycana dəvət olunması və Ulu Öndərin 1997-ci ildə bu ölkəyə səfəri, imzalanmış sənədlər dövlətlərarası dostluğumuzda vacib dönəm idi. Bu gün hər iki ölkənin Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyəti, vahid dini dəyərlər münasibətlərə müsbət təsir göstərir. Prezident İlham Əliyevin və Şavkat Mirziyoyevin timsalında hər iki ölkə başçılarının qarşılıqlı səfərləri, keçirilən görüşlər dövlətlərarası münasibətlərin inkişafına mühüm töhfə verir”.
Millət vəkili hesab edir ki, Prezident İlham Əliyevin Özbəkistana ardıcıl səfər etməsi, bu dost ölkənin Prezidenti seçilmiş Şavkat Mirziyoyevin ilk xarici səfərini ölkəmizə etməsi xüsusi ilə qeyd edilən amillər sırasındadır: “Bu səfərlər zamanı vacib sənədlərin, sazişlərin imzalanması münasibətlərin xarakterində yeni zirvə hesab olunur. Prezidentlər təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə görüşlər çərçivəsində qarşılıqlı fəaliyyətin möhkəmlənməsi istiqamətində vacib məsələləri müzakirə edib. Məhz səfər çərçivəsində iki qardaş ölkə arasında imzalanan sənədlər əslində müzakirələrin əhatə dairəsi bütövlükdə aparılan danışıqların spektorunu göstərir. Bu xüsusda Ali Dövlətlərarası Şuranın yaradılmasının sonrakı iclası, 500 milyon dollar nizamnamə kapitalı olan Birgə İnvestisya Fondunun fəaliyyətinin hazırkı səviyyəsi iki qardaş ölkə arasında böyük hədəflərin olduğunun göstərir. Bu fakt eyni zamanda Azərbaycanın Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrlə həm ikitərəfli, həm də çoxtərəfli formatda güclü əməkdaşlıq imkanlarını nümayiş etdirir”.
Məlahət İbrahimqızı vurğulayıb ki, işğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan tərəfinin dəstəyi dahi mütəfəkkir Mirzə Uluqbəyin adını daşıyan məktəb tikilməsi qardaşlıq töhfəsi idi: “Mərkəzi Asiyanın ən sürətlə inkişaf edən dövləti olan Özbəkistanın Azərbaycanla olan sıx münasibətləri əldə olunan müsbət nəticələr hər iki ölkənin uğurudur Dövlətlərarası münasibətlərlə yanaşı, beynəlxalq təşkilatlarda üzvlük çərcivəsində qarşılıqlı fəaliyyət, hər iki ölkənin bir-birinin mövqeyini dəstəkləməsi dostluğun göstəricisidir. Sözsüz ki, hər iki ölkə başçısının ortaya qoymuş olduğu mövqe dövlətlərimizin və xalqlarımızın bundan sonra daha sıx münasibətlər forunda əlaqələrinin uğurla davam edəcəyinə əminlik yaradır”.