Prezident İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycana rəsmi səfəri ilə bağlı mətbuata verdiyi bəyanatlarda vacib məsələlərə toxunulub. Rusiya Federasiyası Prezidentinin Azərbaycana dövlət səfəri xüsusi xarakter daşıyır. Dövlət səfərinin formatı və xarakteri xüsusi əhəmiyyət kəsb edir. Sözsüz ki, yüksək səviyyəli bu səfərin baş tutması dövlətlərarası münasibətlərin səviyyəsindən xəbər verir.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Rusiya prezidentinin səfəri tarixi xarakter daşımaqla yanaşı ölkələrimiz arasında dostluq və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi işinə mühüm töhfə olacaq: “İki ölkə arasındakı yüksək səviyyədə görüşlər müntəzəm xarakter daşıyır. Azərbaycan və Rusiya Prezidentlərinin qarşılıqlı səfərləri çərçivəsində qəbul edilən sənədlər münasibətlərin dostluq və müttəfiqlik xarakterini bir daha təsdiqləyir. Cənab Prezident İlham Əliyev də bəyanatında bildirdi ki, Azərbaycanla Rusiya müttəfiqlər, dostlar, yaxın tərəfdaşlar və qonşular kimi fəaliyyət göstərir. Bu mənada 2022-ci ilin fevralında imzalanmış qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamənin müddəaları uğurla həyata keçirilir. Həmçinin dövlətlərarası strukturların fəaliyyət sahəsi olduqca genişdir. Ölkələr arasında keçən il və bu ilin 6 ayında əmtəə dövriyyəsinin artımı əməkdaşlığın böyük potensialından xəbər verir”.
Millət vəkili bildirib ki, Azərbaycanla Rusiya arasında humanitar əməkdaşlıq sahəsinə də həmişə xüsusi önəm verilir: “Ölkəmizin başçısı da vurğulayıb ki, Azərbaycanda rus dilində tədris aparılan 324 məktəb var, onlarda 160 min şagird təhsil alır. 800 mindən çox şagird rus dilini ikinci dil kimi öyrənir. Azərbaycanın 26 ali təhsil müəssisəsində 15 mindən artıq tələbənin təhsil aldığı rus dili bölmələri mövcuddur. Həmçinin təhsil sahəsində münasibətlərin inkişafı məsələsi daim diqqət mərkəzindədir. Eyni zamanda Azərbaycanla Rusiya regional təhlükəsizlik məsələsinə də xüsusi önəm verir. Prezident İlham Əliyevin vurğuladığı kimi tən ilin sentyabrından sonra regionda tamamilə yeni şərait yaranıb. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa edib. Yeni şərait Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhün bərqərar olması üçün yeni imkanlar açır. Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır”.
Deputat hesab edir ki, Azərbaycanla Rusiya münasibətlərində nəqliyyat dəhlizləri mühüm önəm kəsb edir: “Regional nəqliyyat dəhlizləri, nəqliyyat yolları və “Şimal-Cənub” layihəsinin həyata keçirilməsi kimi məsələlər öz aktuallığını qoruyur. Azərbaycan ərazisində “Şimal-Cənub” dəhlizinin həm dəmir yolu, həm də avtomobil yolu seqmentləri tam şəkildə reallaşdırılıb və uğurla fəaliyyət göstərir. Hazırda bu dəhlizin ötürücülük qabiliyyətini yüksəltmək və onun dəmir yolu sahəsinin modernləşdirilməsi üçün lazımi işlər görülür. Cənab Prezidentin də vurğuladığı kimi hazırkı şəraitdə Rusiya və Azərbaycan, həmçinin bu dəhlizin digər iştirakçıları birgə səylərlə öz fəaliyyətini davam etdirəcəklərini söyləyib: “Cari il həmin dəmir yolu sahəsinin tələb edilən ötürücülük qabiliyyətinə malik olması üçün modernləşdirilməsi məqsədilə təxminən 120 milyon dollar ekvivalentində vəsait nəzərdə tutulub. Eyni zamanda Rusiya və Azərbaycanın müxtəlif şəhərləri arasında hər gün 20 reys həyata keçirilir. Hətta Sovet İttifaqı dövründə bu qədər qarşılıqlı reyslər mövcud olmayıb. Bu, məhz ondan xəbər verir ki, insanlar arasında təmaslar mütəmadi xarakter daşıyır. Bütün bunlarla yanaşı perspektiv əməkdaşlıq istiqamətləri də mövcuddur. Azərbaycanla Rusiya energetika sahəsində həm neft-qaz sektorunda, həm də elektrik enerjisi sahəsində fəal işlər aparır. Həmçinin tərəflər ekoloji problemlərə qarşı da birgə fəaliyyətin ortaya qoyulmasında maraqlıdır. Hər iki ölkə bu istiqamətdə mümkün ekoloji fəlakətin qarşısını almaq üçün birgə tədbirlərin görülməsini nəzərdə tutur”.
Məlahət İbrahimqızı vurğulayıb ki, Azərbaycanın COP29 iqlim konfransında ev sahibi qismində namizədliyinin Rusiya tərəfindən dəstəklənməsi xüsusi əhəmiyyətə malikdir: “Burada Rusiyanın dəstəyi müstəsna dərəcədə önəmlidir. Hazırda hər iki tərəf qarşılıqlı formatda iqlim konfransına hazırlıqla bağlı məsələlər üzərində işlər aparır. Bütün bunların fonunda Rusiya Federasiyasının prezidenti Vladimir Putinin Azərbaycana səfəri Prezident İlham Əliyevlə aparılan danışıqlar, səmimi görüşlər imzalanan sənədlər Azərbaycan-Rusiya münasibətlərinin bundan sonrakı inkişaf istiqamətlərinə müsbət təsir edəcək”.