Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri mühüm əhəmiyyət kəsb edir. Ölkəmizə dövlət səfərinə gələn Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev səmimi söhbətləri, aparılan müzakirələr, qarşılıqlı münasibətlərə əsaslanan əlaqələrin bundan sonrakı müstəvidə inkişafı, qarşıda duran bir sıra məsələlərin həllinə böyük təkan olacaq. Sözsüz ki, bu gün Azərbaycanın regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmlənməsinə yönəlmiş siyasəti, bu kontekstdə qonşu ölkələrlə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi mühüm əhəmiyyətə malikdir. Rusiya məhz regionun böyük ölkələrindən biri kimi bu müstəvidə vacib rol oynayır.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Azərbaycanla Rusiya tarixən sıx iqtisadi-ticarət, siyasi, humanitar əlaqələrə malikdir: “Rusiya dünyanın aparıcı dövlətləri sırasına daxildir. BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olan Rusiya çoxqütblü dünya nizamında öz yerini qoruyub saxlayır. Bu kontekstdə Azərbaycan-Rusiya əlaqələri dövlətlərin müstəqilliyi, ərazi bütövlüyü, bərabərhüquqlu əsaslara söykənir. Münasibətlər bir-birinin daxili işlərinə müdaxilə etməmək prinsipləri əsasında qurulub və inkişaf edir”.
Millət vəkili hesab edir ki, Azərbaycanla Rusiya arasında yaxın dostluq münasibətlərinin, dövlətlərarası dialoqun yüksək səviyyədə olması bir çox sahələrdə əməkdaşlığa müsbət təsir edir: “Xüsusən də iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı bu istiqamətdə mühüm önəmə malikdir. Məhz bunun nəticəsidir ki, 2023-cü ilin nəticələrinə görə 2022-ci illə müqayisədə iki ölkə arasında ticarət dövriyyəsi 17 faiz artaraq 4.5 milyard dollar səviyyəsinə yüksəlib. Eyni zamanda 2024-cü ildə daha yüksək nəticənin olması da gözlənilir. Sənaye, kənd təsərrüfatı, turizm və tranzit axını, yük daşımalarının həcminin artması xüsusi əhəmiyyət kəsb edir. İqtisadi-ticarət əlaqələrinin yüksəlməsi isə iki ölkənin mövcud potensialına əsaslanır”.
Məlahət İbrahimqızı bildirib ki, Prezident İlham Əliyevin beynəlxalq arenada yürütdüyü siyasət, məharətli diplomatiya, həm də Rusiya ilə qurulmuş düzgün münasibətlər nəticəsində Azərbaycan qarşısında duran tarixi vəzifələrin həllinə nail olub: “Ölkəmiz öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Təsadüfi deyil ki, xarici ekspertlər də Azərbaycanın yürütdüyü müdrik siyasəti nümunə gətirir və Prezident İlham Əliyevin səyləri nəticəsində Azərbaycanın Qərblə Rusiya arasında münaqişə arenasına çevrilmədiyini və öz milli məqsədlərinə nail olduğunu qeyd etməklə bunu yüksək qiymətləndirirlər. Reallıq odur ki, Azərbaycan bu gün dünyada dialoq məkanı kimi tanınır. Ölkəmiz nəinki yerləşdiyi coğrafiyada eyni zamanda qlobal miqyasda açıq şəkildə bütün məsələlərin dialoq və təmaslar vasitəsi ilə həllinə tərəfdaş olduğunu bəyan edib. Azərbaycan eyni zamanda regional və qlobal miqyasda sülh, təhülkəsizlik sabitlik adası kimi istənilən mövzuda aparılacaq müzakirələr üçün ən ideal bir məkan kimi xarakterizə edilir. Bu Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi müdrik siyasət nəticəsində mümkün olub”.