Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə iştirak etmək üçün Qazaxıstana səfər edib. Bu bir reallıqdır ki, Mərkəzi Asiya ilə Azərbaycan arasındakı əlaqələr yüksək inkişaf dinamikasına malikdir. Prezident İlham Əliyev də Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə çıxışında tarixi dəyərlər üzərində formalaşan əlaqələrin hazırkı səviyyəsindən və digər vacib məsələlərdən bəhs edib.
Bunu Siyasətinfoya YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, Mərkəzi Asiya Dövlət Başçılarının görüşündə fəxri qonaq qismində iştirak edən cənab Prezident İlham Əliyev də çıxışında Azərbaycanın bu görüşlərə dəvət olunmasının ölkələrimiz arasında mövcud dostluq, qardaşlıq münasibətlərindən və inkişaf etməkdə olan əməkdaşlığın mahiyyətindən xəbər verdiyini bildirib: “Prezident İlham Əliyevin son iki il ərzində Mərkəzi Asiya ölkələrinə 16 rəsmi səfəri olub. Həmin müddətdə Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın dövlət başçılarının Azərbaycana ümumilikdə 15 rəsmi səfəri reallaşıb. Sözsüz ki, xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir. Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi region kimi çıxış edir. Bu sözsüz ki, qardaşlıq münasibətlərinin təzahürüdür. Eyni zamanda Ermənistanın işğalından azad edilmiş Qarabağın bərpasına dəstək də qardaşlıq münasibətlərinin xarakterini göstərir. Ölkəmizin başçısı da vurğulayıb ki, Azərbaycan ərazisində Ermənistan tərəfindən təxminən 30 illik işğal dövründə 9 şəhər və yüzlərlə yaşayış məntəqəsi məhv edilib. Amma Azərbaycan ərazi bütövlüyünü və suverenlyini bərpa etdikdən dərhal sonra Ermənistanın işğalından azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa işləri aparılır ki, bunun fonunda keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı davam edir. Azad edilmiş ərazilərdə məhz qardaşlıq dəstəyinin göstəricisi olaraq ötən il Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan Mirzə Uluqbəy adına orta məktəbin, bu il isə Qazaxıstanın hədiyyəsi olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı olub. Həmçinin bu il Ağdam rayonunda Qırğızıstanın hədiyyəsi olan orta məktəb binasının təməlqoyma mərasimi baş tutub.
Təftiş Komissiyasının sədri Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında mövcud təhdidlərə qarşı atılan birgə addımların da dövlət başçısının gündəmində olduğunu söyləyib: “Məhz bu kontekstdə ötən ay Qazaxıstanda keçirilmiş və Azərbaycanın da iştirak etdiyi “Birləşdik-2024” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təliminin əhəmiyyəti önə çəkilib. Bu amil inkişaf edən münasibətlərin önəmli göstəricisi hesab edilir. Azərbaycanın hərbi təhsil müəssisələrində Mərkəzi Asiya ölkələrindən olan müdavimlərin təhsil almaları hərbi əməkdaşlıq sahəsində münasibətlərin inkişafının vacib göstəricisidir. Eyni zamanda Azərbaycan bərpaolunan enerji sahəsində Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıqda maraqlı olduğu qeyd edilib. Bu ilin may ayında imzalanmış “Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu” yaşıl enerji sahəsində əməkdaşlıq sahəsində atılan ilk mühüm addımdır. Bununla yanaşı qarşılıqlı fəaliyyətin mühüm istiqamətlərindən biri də nəqliyyat-tranzit sahəsində əməkdaşlığın daha da genişləndirilməsidir. Bakı-Tbilisi-Qars dəmir yolunun yükaşırma qabiliyyətinin 1 milyon tondan 5 milyon tonadək artırılması, Ələt Beynəlxalq Ticarət Limanının illik ötürücülük qabiliyyətinin 15 milyon tondan 25 milyon tonadək artırılması istiqamətində görülmüş işlər, Xəzər dənizində Azərbaycanın ticarət donanması üçün yeni gəmilərin sifariş edilməsi, eləcə də Mərkəzi Asiya ölkələrində infrastruktur layihələrinin həyata keçirilməsi Orta Dəhlizin praktiki cəhətdən önəmi xüsusi ilə vurğulanmalıdır. Paralel olaraq da Azərbaycanla Qazaxıstan, Qırğızıstan və Özbəkistan arasında fəal investisiya layihələri həyata keçirilir. Artıq Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan və Azərbaycan-Özbəkistan birgə investisiya fondları yaradılıb. Məhz bu məqsədlərə xidmət edən “Rəqəmsal İpək Yolu” layihəsi rəqəmsal infrastrukturun inkişafına və rəqəmsal təhlükəsizliyin vacib istiqaməti hesab edilir”.
Sevinc Hüseynova vurğulayıb ki, Azərbaycan və Mərkəzi Asiya ölkələrinin beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlığı da görüş iştirakçılarının diqqətinə çatdırılıb: “BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı – SPECA mütləq qeyd olunmalıdır. Ötən ilin noyabr ayında Bakıda keçirilmiş, SPECA-nın 25 illiyinə həsr olunmuş Zirvə görüşünün nəticələri də əməkdaşlın praktiki inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda COP29 iqlim konfransının Bakıda keçirilməsinin önəmi bir da vurğulanıb. Ölkəmizin başçısı bildirib ki, Azərbaycan beynəlxalq ictimaiyyətin yekdil dəstəyini qazanaraq bu ilin noyabr ayında COP29 iqlim konfransına ev sahibliyi edəcək. Bu ölkəmizin birgə təşəbbüsləri dəstəkləməyə hazır olduğunu göstərir. Azərbaycan COP29-a sədrliyi çərçivəsində regionda iqlim dəyişmələri ilə bağlı problemlərin həlli üçün Mərkəzi Asiya ölkələri ilə birgə təşəbbüsləri dəstəkləməyə hazır olduğu bir daha bəyan edilib”.