II Qarabağ müharibəsindən sonra regionda qalıcı sülh üçün münbit şərait yaranıb. Bölgədə sülhə, təhlükəsizliyə başlıca təhdid olan Ermənistanın işğal faktına son qoyulub. Azərbaycan özünün beynəlxalq birlik tərəfindən tanınan, qəbul eidlən ərazi bütövlüyünü təmin edib. Məhz 44 günlük müharibədən sonra Azərbaycan tərəfindən Ermənistana 5 baza prinsipinə əsaslanan sülh konsepsiyasının təklif edilməsi də bu məqsədlərə xidmət edir.
Bunu Siyasətinfoya YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, Azərbaycan hər zaman olduğu kimi sülhə sadiqdir: “Ölkəmiz bu regionda inkişafa, tərəqqiyə ancaq sülh müstəvisində nail olmağın mümkün olduğu qənaətindədir. Ona görə də, Azərbaycan dövləti davamlı olaraq bu istiqamətdə təşəbbüslərlə çıxış edir, vacib olan mövqe sərgiləyir”.
Deputat hesab edir ki, Ermənistan isə özünün ənənəvi “iddialarından” imtina etməkdə çətinlik çəkir: “Bu ölkə 30 ilə yaxın Azərbaycan ərazilərinin 20 faizini işğalda saxlayıb. Azərbaycan xalqına qarşı soyqırım, etnik təmizləmə və ərazilərdə vandallıq, barabarlıq aktları icra edib. Görünən odur ki, II Qarabağ müharibəsindən və 2023-cü ilin bir günlük antiterror tədbirlərində güclü Azərbaycan Ordusunun verdiyi dərsdən nəticə çıxarmaq onlar üçün elə də asan deyil”.
Millət vəkili son günlər sülh müstəvisində Azərbaycan və Ermənistan tərəfindən verilən müsbət mesajlar fonunda Naxçıvan daha sonra isə Kəlbəcər istiqamətində hərbi təxribatların baş verməsinin qarşı tərəfin növbəti riyakarlığının bariz nümunəsi olduğunu söyləyib: “Qazaxın işğal altında olan 7 kəndindən anklav olmayan 4 kəndin təhvil verilməsindən sonra Ermənistanda kilsə təmsilçilərinin iştirakı ilə başladılan şou da bunun tərkib hissəsi idi”.
Sevinc Hüseynova hesab edir ki, Ermənistanın bütün təxribatlarına, revanşistlərin “iddialarına” baxmayaraq bu ölkənin sülhdən başqa çıxış yolu yoxdur: “Cənab Prezidentin də vurğuladığı kimi Ermənistan özünün qanunvericiliyində Azərbaycana və qardaş Türkiyəyə qarşı olan ərazi iddialarını əks etdirən əsassız iddialardan imtina etməklə sülh istiqamətində addım atmalıdır. Bu regionda sülhün, təhlükəsizliyin təminatçısı qalib Azərbaycan və onun Ordusudur”.