Prezident İlham Əliyev “Euronews”ə müsahibəsində mühüm məsələlərdən bəhs edib. Ölkəmizin başçısı Azərbaycanın yaşıl gündəliyi ətrafında atdığı addımları xüsusi ilə qeyd edib. Ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün Azərbaycanın cəlbedici məkan olduğu bildirilib.
Siyasətinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
“Ölkəmizin bu istiqamətində prioritetləri, həmçinin əməkdaşlıq və tərəfdaşlıqla bağlı hədəfləri var. Eyni zamanda Azərbaycan bərpaolunan enerji strategiyası ilə bağlı olduqca vacib tərəfdaş ölkədir. Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti Azərbaycanın bərpaolunan enerji sahəsində strateji tərəfdaşlığı bunun bariz nümunəsidir”- deyə o əlavə edib.
Deputat bildirib ki, artıq bu istiqamətdə ilk addım atılıb: “Ötən ilin oktyabrında ölkəmizdə 230 meqavatlıq ilk Günəş enerjisi stansiyasının açılışı olub. Perspektivdə bu stansiyanın gücü və imkanları böyükdür. Təbii ki, bu cür nəhəng layihələr Azərbaycanda yaxşı sərmayə mühiti fonunda reallaşır. Ölkəmiz ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir. COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan yaşıl enerjiyə keçid prosesində daha praqmatik addımlar atır. Bu məsələdə Azərbaycan böyük tərəfdaşları ilə sıx şəkildə çalışır. Cənab Prezident də müsahibəsində ölkəmizin bu sahədə olan tərəfdaşlarının rolunu, əhəmiyyətini xüsusi olaraq qeyd edib. BƏƏ-nin “Masdar” şirkəti ilə yanaşı həmçinin “ACWA Power” və BP ilə də sərmayədarlar sırasındadır”.
Millət vəkili hesab edir ki, bu gün Azərbaycanla işləməyi planlaşdıran ölkələrin şirkətləri sayı çoxdur: “Azərbaycan özünün milli enerji şəbəkəsini gücləndirmək əzmindədir. Sərmayədarlarla bu istiqamətdə ölkəmizin atacağı birgə addımlar mövcuddur. Azərbaycanın bərpaolunan enerjinin ixracı ilə bağlı hədəfləri var. Sözsüz ki, bərpaolunan enerjidən istifadə düşünülmüş şəkildə həyata keçirilməlidir. Bu addımlarla maksimum dərəcədə elektrik istehsal olunması da realdır. Məhz bununla təbii qaza qənaət edilə bilər ki nəticədə Avropaya və digər ehtiyacı olan regionlara enerji tədarükü mümkün olsun”.
Məlahət İbrahimqızı bu yaxınlarda Bakıda keçirilmiş mühüm enerji həftəsinə də diqqət çəkib: “Cənab Prezident də müsahibəsində bu konfransın enerji sektorunda ölkəmizin qlobal liderliyini əks etdirdiyini vurğulayıb. Bakı Enerji Həftəsində 37-dən artıq ölkədən gəlmiş 300-dən çox nümayəndə iştirak edib. Artıq 30 ildir keçirilən bu tədbir bir ənənəyə çevrilib. İlk konfrans isə hələ 1994-cü ildə təşkil olunmuşdu. Sözsüz ki, Bakı Enerji Həftəsində diqqət çəkən məqam ABŞ prezidentinin konfrans iştirakçılarına müraciəti idi. Bu, əslində, onun unikal mahiyyətini və gücünü nümayiş etdirir. Artıq bu inklüziv platforma hesab edilir. Çünki bu tədbir ilk olaraq Xəzər Neft və Qaz Sərgisi və Konfransı adını alıb. Daha sonra bərpaolunan enerji sahəsində Azərbaycanın atdığı addımlar fərqli sektorları əhatə edən Bakı Enerji Həftəsinə çevrildi. Təbii ki, bu kimi mühüm tədbirlərə ev sahibliyi edən Azərbaycanın əsas məqsədlərindən biri birlik və həmrəylik yaratmaqdır. Cənab Prezident də müsahibəsində Azərbaycanın COP29-a sədrliyi dövründə ölkələr və şirkətlər arasında birlik və həmrəylik fonunda planetin qorunmasının əsas prioritet olduğunu bir daha qeyd edib”.