Tacikistan Respublikasının prezidenti Emoməli Rəhmonun Azərbaycana rəsmi səfəri mühüm önəm kəsb edir. Vətən Müharibəsindən sonra Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişlənməsi, Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi ölkəmizin Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevrilməsi kontekstində rolunu daha da gücləndirir. Çünki Mərkəzi Asiya, Çindən Avropaya gedən ən qısa və təhlükəsiz tranzit daşımalar məhz Azərbaycan ərazisindən həyata keçirilir. Bu amil də ölkəmizin rolunu və əhəmiyyətini bir daha gündəmə gətirmiş olur.
Bunu Siyasətinfoya YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, Tacikistan prezidenti Emoməli Rəhmonun ölkəmizə rəsmi səfəri ilə əlaqədar Prezident İlham Əliyevlə birgə mətbuata verdiyi bəyanatında olduqca vacib mesajlar səslənib: “Ölkəmizin başçısı sənaye kooperasiyası, humanitar sahədə əməkdaşlıq, habelə iqtisadi xarakterli bir çox layihənin reallaşdırılmasına dair konkret hədəflərdən bəhs edib. Vurğulanıb ki, bu gün dövlətlərarası münasibətlər ən yüksək səviyyəyə çatıb. Təbii ki, Strateji Tərəfdaşlıq Bəyannaməsinin imzalanması ilə bu amil açıq şəkildə ifadə edilir”.
Deputat Azərbaycanla Tacikistan arasında Strateji Tərəfdaşlıq Bəyannaməsi ilə paralel ümumilikdə 14 sənəd imzalanıb ki, bunun əlaqələrin daha sıx şəkildə inkişafına təminat yaradacağına zəmin formalaşdırdığını söyləyib: “Bu gün Azərbaycan-Tacikistan münasibətləri iki ölkə arasında əlaqələrin yüksəldilməsinə xidmət edir. Azərbaycanın Mərkəzi Asiya dövlətləri arasında Tacikistanla münasibətləri xüsusi əhəmiyyətə malikdir. Ölkələrimiz arasında əlaqələrin inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun şəxsi dostluq münasibətləri mühüm önəm kəsb edir”.
Millət vəkilinə görə, iki ölkə lideri arasında imzalanmış sənədlər münasibətlərin daha da möhkəmlənməsinə, hüquqi əsaslarda əlaqələrin güclənməsinə müsbət töhvə olacaq: “Azərbaycanda Tacikistanın Mədəniyyət Günlərinin keçirilməsi isə ikitərəfli münasibətlərdə yüksək qiymətləndirilir. Nəqliyyat sektorunda əməkdaşlıq, Orta Dəhliz və onun bir hissəsi olan Transxəzər Nəqliyyat Dəhlizi Tacikistandan yükgöndərənlər üçün cəlbedici logistik layihə kimi mühüm önəm kəsb edir. Bütün bunların məntiqi adavamı olaraq Azərbaycan ərazisində iri nəqliyyat və logistika layihələrinin inşası praktiki olaraq başa çatıb”.
Sevinc Hüseynova mövcud nəqliyyat şəbəkələrinin formalaşması Şərqdən Qərbə və əks istiqamətdə, Şimaldan Cənuba böyük həcmdə yüklərin daşınmasında vacib amil olduğunu bildirib: “Ölkə başçılarının bəyanatında da bu amil bir daha ifadə edildi. Bu bir reallıqdır ki, Azərbaycanla Tacikistan arasında münasibətlərin inkişaf etdirilməsi üçün dövlət başçıları səviyyəsində siyasi iradə mövcuddur. Bu cür yüksək səviyyəli münasibətlər xalqlarımın rifahının daha da yüksəldilməsinə xidmət edir”.