Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin doğum günündə Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüşməsi o bölgədən olan soydaşlarımız, xalqımız üçün olduqca əlamətdar, mühüm bir hadisə idi. Ölkə başçısının bu görüşdə söylədiyi fikirlər onu deməyə əsas verir ki, gün gələcək Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. “Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar.” Dövlət başçısı İlham Əliyevin görüşdə böyük əminliklə söylədiyi bu fikirləri şərtləndirən amillər aydındır. Bu ilin avqust ayında Azərbaycan Qaçqınlar Cəmiyyətinin Qərbi Azərbaycan İcmasına çevrildiyini, burada vaxtilə yerləşmiş Qarabağın məcburi köçkünlər icmasının artıq öz torpaqlarına qayıtdığını önə çəkən Prezident İlham Əliyev onu da əlavə etdi ki, xalqın tarixi yaddaşı doğma torpaqlarımıza olan sevgini hər zaman qoruyub.
Siyasetinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
Deputat qeyd edib ki, ölkə Prezidenti xalqımıza yeni hədəfi göstərdi – Bu, Qərbi Azərbaycandır: “44 günlük Vətən müharibəsində qazandığımız Zəfər xalqımız qarısında yeni vəzifələr və yeni hədəflər qoyur. Bu vəzifə və hədəflər isə ölkə Prezidenti tərəfindən müəyyənləşdirilir. Ordumuzun qəhrəmanlığı və xalqımızın milli birliyi ilə 30 il düşmən tapdağında olan torpaqlarımız azad olundu. Ötən illər ərzində Prezident ən mötəbər kürsülərdə İrəvanın, Zəngəzurun və Göyçənin Azərbaycanın tarixi torpaqları olduğunu və Azərbaycan xalqının bu tarixi ədalətsizliklə heç vaxt barışmayacağını dünyaya bəyan etdi. Bu gün isə Qərbi Azərbaycan məsələsi dövlət və cəmiyyət olaraq prioritet məsələ kimi qarşımızda dayanır. “Nəyi, necə və nə vaxt etmək lazımdır… bunu mən bilirəm” deyən ölkə başçısı, artıq, bu məsələ ilə bağlı öz çağrışını etdi. Cənab Prezidentin həyata keçirdiyini məqsədyönlü siyasətin nəticəsidir ki, Qarabağın azad olunması uğrunda bir yumruq olan dünya azərbaycanlıları növbəti dövrdə istər Qərbu Azərbaycan, istərsə, Güney Azərbaycan olsun, böyük millət olaraq üzərinə düşən missiyanı qəbul edirlər. Biz inanırıq ki, dövlətimizin gücü və milli birliyimizlə xalqımız Qərbi Azərbaycan ellərimizə də qovuşacağıq.
Qarabağ və Şərqi Zəngəzur kimi Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Əfsuslar olsun ki, Ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb Bu baxımdan Qərbi Azərbaycan İcmasının fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Cənab Prezidentin dediyi kimi “Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılmalıdır. Qərbi Azərbaycan İcması bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaqdır”. XX əsrdə xalqımızın çəkdiyi əzablar haqqında dünya ictimaiyyətinə daha geniş məlumat verilməlidir. Şübhəsiz ki, bu missiyanın reallaşmasında Qərbi Azərbaycan İcmasının sistemli şəkildə fəaliyyəti xüsusilə vacibdir”.
Millət vəkili bildirib ki, Qərbi Azərbaycana qayıdış xalqımızın erməni faşizmi üzərində növbəti zəfəri və tarixi ədalətin bir daha bərpası olacaq: “Bu, Azərbaycan xalqının qarşıda duran ən mühüm missiyalarından biridir. Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində bu vəzifəni sülh yolu ilə yerinə yetirəcəyimizə inanırıq. Çünki, Qərbi Azərbaycan tarixi ərazilərimizin ayrılmaz bir parçasıdır. Bu gün yüzminlərlə soydaşımız mənəvi olaraq o torpaqlara bağlıdır və dədə-baba yurdlarına qayıtmağın ümidi ilə yaşayıb-yaradırlar. İndi əsas hədəf Qərbi Azərbaycana qayıtmaqdır. Prezident İlham Əliyev sözügedən görüşdə Qərbi Azərbaycan İcmasının qarşısında dayanan vəzifələri açıqladı. “On iki il bundan əvvəl binanın açılışında iştirak etmişəm. Onu da bildirməliyəm ki, bu bina mənim göstərişimlə inşa edilmişdir və ovaxtkı məcburi köçkünlər üçün nəzərdə tutulmuşdur, Qarabağdan olan məcburi köçkünlərin təşkilatı bu binada yerləşmişdi. İkinci dəfədir ki, buradayam və artıq bu binada Qərbi Azərbaycan İcması yerləşibdir. Bu gün biz bu binanın Qərbi Azərbaycan İcmasına verilməsini qeyd edirik” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, avqust ayında Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan İcmasına çevrilmişdi. Ən düzgün yer, qərargah məhz bu bina olmalıdır: “Təkcə ona görə yox ki, bu, çox gözəl binadır, dördmərtəbəlidir və burada fəaliyyət göstərmək üçün bütün imkanlar var, Heydər Əliyev Mərkəzi ilə demək olar ki, üzbəüz yerləşir. Əsas səbəb o idi ki, burada vaxtilə yerləşmiş Qarabağın məcburi köçkünlər icması artıq öz torpaqlarına qayıdır. Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar.” Belə bir əminlik ifadə edildi ki, bu mənzil-qərargah Qərbi Azərbaycanın tarixini və azərbaycanlıların üzləşdiyi ədalətsizlikləri və fəlakətləri dünya ictimaiyyətinə çatdırmaq baxımından mərkəz rolunu oynayacaq. Qərbi Azərbaycanda ermənilərin tarixi, dini və mədəni abidələri necə məhv etdiyini dünya ictimaiyyəti bilməlidir. Ədalətə və beynəlxalq hüquqa əsaslanan mövqeyimizi dünyaya çatdırmaqla Qərbi Azərbaycana qayıdışımızı təmin edəcəyik. Gündəlikdə dayanan əsas məsələ Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanmasıdır”.