Prezident İlham Əliyevin 26 fevral tarixində Xocalı şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü tarixi hadisə idi. 32 il öncə erməni cəlladlarının Xocalı şəhərində dinc azərbaycanlılara divan tutması tariximizin ən ağrılı-acılı səhifələrindən biridir. Ermənistanın işğalçı, terrorçu mahiyyəti məhz dinc insanların amansızlıqla qətlinə yol açdı. Tarixdə misli-bərabəri olmayan soyqırım, həyata keçirildi. Ancaq azərbaycanlı olduqları üçün uşaqlı, qadınlı, qocalı heç kəsə aman verilmədi. Qışın qarlı-çovğunlu gecəsində körpələr, hamilə qadınlar, ahıl qocalar erməni cəlladlarının amansızlığı ilə üzləşdi. Keçmiş sovet imperiyasının Xankəndidə yerləşən 366-cı moto-atcı diviziyasının köməyi ilə erməni cəlladları Xocalıda soyqırım, insanlıq faciəsi tərətdilər.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
Millət vəkili 32 ildən sonra ilk dəfədir ki, Xocalı soyqırımı gününün Xocalıda qeyd olunduğunu söyləyib: “Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə II Qarabağ müharibəsində əldə edilən tarixi qələbə, 2023-cü ilin 19-20 sentyabrında həyata keçirilən bir günlük lokal antiterror tədbirləri nəticəsində Azərbaycan özünün ərazi bütövlüyünü, suverenliyini, bütün torpaqları üzərində konstitusiya quruluşunu bərpa etdi. Məhz 32 ildən sonra Müzəffər Ali Baş Komandanın iştirakı ilə Xocalıda xocalıların iştirakı ilə soyqırım qurbanlarının xatirəsini əbədiləşdirmək üçün Memorial Kompleksin təməlinin qoyulması mühüm tarixi hadisə kimi yaddaşlara həkk olundu. Cənab Prezidentin də vurğuladığı kimi Azərbaycan xalqı inanırdı ki, biz Xocalıya qayıdacağıq. Çünki Xocalı soyqırımı heç vaxt xalqımızın yaddaşından silinməyəcək. Heç vaxt Azərbaycan xalqı bu qanlı cinayəti unutmayacaq. Otuz iki il bundan əvvəl Ermənistan dövləti bu qanlı faciəni törədərək günahsız insanları qətlə yetirib. Soyqırım nəticəsində 613 nəfər vəhşicəsinə qətlə yetirilib, 150 nəfər itkin düşüb, 1000-dən çox insan girov götürülub, 60-dan çox uşaq, 100-dən çox qadın, 70-dən çox ahıl yaşlı şəxs erməni vəhşiləri, faşistləri tərəfindən vəhşicəsinə bir gecənin içərisində qətlə yetirilib. Sözsüz ki, Xocalıda olanlar Azərbaycan xalqının qan yaddaşından heç vaxt silinməyəcək. Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən “Xocalıya ədalət! çağırışı bu gün də davam edir. Azərbaycan dövləti, dövlət qurumları, eyni zamanda, xaricdə yaşayan azərbaycanlılar, ictimai təşkilatlar bu işdə aktiv yer alıb. Məhz Heydər Əliyev Fondunun xətti ilə geniş vüsət almış “Xocalıya ədalət!” kampaniyası dünyanın müxtəlif yerlərində təbliğ edilir”.
Deputat qeyd edib ki, Xocalı soyqırımı cənab Prezident İlham Əliyevin də vurğuladığı kimi dünyanın gözü qarşısında baş vermiş qanlı cinayətdir: “Xocalı soyqırımını inkar etmək ədalətsizlik və vicdansızlıqdır “Ermənistan dövləti, o vaxt və bu gün onun arxasında duran eyni qüvvələr, eyni ölkələr əlindən gələni edirdilər ki, Xocalı soyqırımı ört-basdır edilsin, Ermənistan məsuliyyətə cəlb olunmasın, Ermənistana qarşı hər hansı bir sanksiya tətbiq edilməsin və onlar cəzasız qalsın” – deyə dövlət başçısı bu qanlı soyqırım aktına görə dünya birliyinin biganə yanaşmasına diqqət çəkib. Azərbaycan dövləti bu onilliklər ərzində çalışırdı ki, qanlı cinayəti törədənlər ədalət qarşısında cavab versin. Amma bu ədaləti ancaq Azərbaycanın özü təmin etdi. II Qarabağ müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyü təmin edildi. Təbii ki, 2023-cü ilin 19-20 sentyabrına qədər bu ərazilərdə hələ də özünün mövcudluğunu saxlamağa çalışan separatçı rejim tarixin arxivinə göndərildi. Cənab Prezident də qeyd edib ki, Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik. Xocalının Azərbaycan xalqının tarixində və şüurunda o qədər böyük yeri var ki, bu faciə qəlbimizdə o qədər böyük yaralar salıb ki, Xocalı azad olunmadan biz sakitləşə bilməzdik”. 2023-cü il oktyabrın 15-də Xocalıda Müzəffər Ali Baş Komandan tərəfindən şanlı üçrəngli bayrağımızın ucaldılması tarixi ədalətin təntəsəni idi. Bu ədaləti döyüş meydanında təmin etməyimiz beynəlxalq hüquqa və tarixi ədalətə tam uyğundur. Günahsız Xocalı qurbanlarının qisası döyüş meydanında alındı. Artıq Qarabağ və Şərqi Zəngəzurda böyük qayıdış konsepsiyasına uyğun olaraq sürətlə bərpa, quruculuq işləri icra edilir. Bu mənada 2023-cü ilin 20 sentyabrından sonra ilk növbədə, Xocalıda xocalılıların evləri bərpa edilməyə başlayıb. Qısa zamanda həyata keçirilən bərpa-quruculuq işləri keçmiş qaçqın və məcburi köçkünlərin öz tarixi ata-baba yurdlarına qayıdaraq, burada əbədi xoşbəxt, təhlükəsiz şəraitdə yaşayışı təmin olunacaq. Buna güclü, qalib Azərbaycan dövləti tam təminat verir”.
Məlahət İbrahimqızı vurğulayıb ki, Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi Ermənistan və ona havadarlıq edənlərin güclü Azərbaycanın yaratdığı yeni reallığı nəhayət qəbul etməlidir: “Ölkəmizin başçısı Xocalıda bir daha mesaj verdi ki, yeni yiyə axtarışında olan, onun-bunun qucağına sığınan Ermənistan üçün yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etmək və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməkdir. Bu gün bütün şəhidlərimizin ruhu şaddır. Qalib, güclü Azərbaycan Ordusu, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə II Qarabağ müharibəsində və bir günlük antiterror tədbirlərində bütün şəhidlərimizin, gühasız qurbanlarımızın qisasını döyüş meydanında aldı. Azərbaycan isə Ermənistandan fərqli olaraq bu hərbi əməliyyatlarda dinc əhali ilə heç vaxt müharibə aparmayıb”.