Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycana qarşı münasibətdə son ədalətsiz, beynəlxalq hüququn norma və prinsiplərinə zidd davranışları istər -istəməz yaxın tarixə, daha dəqiq desək, ölkəmizin bu quruma üzv qəbul olunduğu dövrə qısa ekskurs etmək zərurəti yaradır. Məlum olduğu kimi, həmin dövrdə beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizi Ermənistanın işğalı altında olan Azərbaycan öz haqq səsini dünya ictimaiyyətinə çatdırmaq üçün dayanıqlı və etibarlı platforma axtarışında idi. Belə bir həlledici məqamda, yəni 2001-ci ildə yarandığı gündən insan haqlarını və qanunun aliliyini qorumağı özünün əsas məram və məqsədi elan edən Avropa Şurasına üzv qəbul olunanda Azərbaycan dövlətinin və xalqının nəhayət ədalətin öz yerini tutacağına, bu beynəlxalq qurumun nəinki 1988-ci ildə Ermənistanın hərbi təcavüzü nəticəsində hüquqları pozulmuş yüz minlərlə azərbaycanlının, o cümlədən, 1936-cı ildə Qərbi Azərbaycandan, indiki Ermənistan SSR-inin Əştərək rayonunun Cadqıran kəndinin ağası olan ulu babamın aldadılaraq bütün kənd əhalisi ilə Gəncəyə köçürülmüş, Gəncəyə çatan kimi varidatı müsadirə olunmuş bir nəslin nümayəndəsi kimi mənim və mənim kimi müxtəlif illərdə Qərbi Azərbaycandan didərgin düşmüş bütün azərbaycanlıların öz dədə-baba yurduna qayıtmaq kimi hüquqlarının bərpasında ölkəmizə kömək edəcəyinə, beləliklə də regionda davamlı sülhün əldə olunacağına səmimi bir ümidi, gözləntisi var idi.
Lakin çox təəssüflər olsun ki, ötən 23 ildə xalqımızın və dövlətimizin bu gözləntiləri özünü doğrultmadı. Bütün bunlardan sonra bu gün ortaya haqlı sual çıxır: Necə oldu ki, Azərbaycan Avropa Şurasına üzv qəbul olunduğu 2001-ci ildən 2020-ci ilin sentyabr ayına, yəni İkinci Qarabağ müharibəsi başlayanədək Ermənistanın davam edən hərbi təcavüzünün qarşısını almaq üçün heç bir əməli tədbir görməyən, xüsusilə bu müddətdə 300 minə yaxın Qərbi Azərbaycanlılar da daxil olmaqla 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün məşəqqətli, əzab-əziyyətli həyatını görməzdən gələn Avropa Şurası və onun parlament qolu olan AŞPA birdən-birə təcavüzkarın, yəni 30 il Azərbaycan torpaqlarını işğalda saxlamış Ermənistanın, artıq tarixin zibilxanasına atılmış Qarabağdakı separatçı rejimin müdafiəsinə qalxdı? Axı, Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin yanvarın 24-də qurumun zalındakı bəyanatında deyildiyi kimi, 2001-ci ildən 2020-ci ilə qədər olan 19 il ərzində AŞPA heç vaxt işğalçı dövlət olan Ermənistandan Avropa Şurasının əsas dəyər və prinsiplərinə zidd hərəkətlərinə görə cavab verməyi tələb etməyib. Amma indi- təcavüz, işğal və zorakı separatizm üzərində tarixi Qələbəmizdən, xüsusilə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası ilə nəticələnmiş 2023-cü ilin 19 sentyabrında Qarabağda birgünlük lokal antiterror tədbirlərindən sonra xalqımız və dövlətimiz Azərbaycanı ləkələmək, ölkəmizin əldə etdiyi nailiyyətlərə kölgə salmaq məqsədilə AŞPA və digər Avropa sturukturları tərəfindən təşkil olunmuş qarayaxma kampaniyası ilə üz-üzə qalıb. Yeri gəlmişkən onu da xüsusi vurğulamaq gərəkdir ki, təxminən 20 ilə yaxın müddətdə Azərbaycan nümayəndə heyəti Assambleyanın sessiyalarında erməni işğalının ağır nəticələrini gündəmə gətirərkən avropalı parlamentarilər daş atıb başlarını tuturdular ki, AŞPA münaqişə ilə bağlı məsələlərin müzakirəsi üçün düzgün format deyil. İndi isə həmin AŞPA və həmin deputatlar utanıb-qızarmadan, abır-həya etmədən bunun əksini deyirlər. Dünya erməni lobbisinin əlində alət olan AŞPA-nın bu üzdəniraq deputatları Azərbaycanı qaralamaq üçün, necə deyərlər, heç bir fürsəti əldən vermir, həyasızcasına bizi Qarabağın erməni əhalisinin “etnik təmizləməsində” və onların buradan zor gücünə qovulmasında ittiham edirlər. Halbuki, Ermənistanın baş naziri Nikol Paşinyan, ermənilər Qarabağı könüllü surətdə tərk edən zaman bölgədə olmuş dünyanın ən böyük və nüfuzlu beynəlxalq təşkilatı olan BMT-nin müşahidə missiyası onların ərazini öz istəkləri ilə, heç bir zorakılıq halları olmadan köçmələrini bəyan etmişdilər.
Yenə də ortaya haqlı sual çıxır: Bəs belə bir reallıq şəraitində AŞPA-nın Azərbaycan nümayəndə heyətinin etimadnaməsini təsdiq etməməkdə məqsədi nədir? Əslində səbəb heç də bu ideyanın “müəllifi”, Almaniyadan olan deputat Frank Şvabenin iddia etdiyi kimi, Azərbaycanın AŞPA müşahidəçilərini fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərini izləməyə dəvət etməməsi və guya qurumun missiyasını Laçın nəzarət-buraxılış məntəqəsinə buraxmaması ilə bağlı deyil, tamamilə başqadır. Fikrimizcə, əsas səbəb odur ki, Azərbaycan son illərdə biri-birinin ardınca möhtəşəm qlobal və regional əhəmiyyətli uğurlar əldə edir, nəhəng layihələr reallaşdırır. Ən başlıcası isə dünyanın 5 güc mərkəzini birləşdirən BMT Təhlükəsizlik Şurası kimi nüfuzlu bir qurumun 30 ildə həll edə bilmədiyini 44 günlük İkinci Qarabağ müharibəsində yerinə yetirən Azərbaycanın bir qərinədən artıq müddətdə pozulmuş ərazi bütövlüyünün və suverenliyinin tam təmin edilməsi 2020-ci ilin noyabrından indiyədək Qərbin, xüsusilə ilanın zəhər verəni rolunda çıxış edən Fransanın, Almaniyanın, Avropa İttifaqının, onların ideoloji və qanunverici ruporu rolunu oynayan AŞPA-nın, Avropa Parlamentinin gözlərinə ox olub batmaqdadır. Bundan 3 il sonra isə Qarabağda birgünlük antiterror tədbirləri zamanı Azərbaycan 35 ilə yaxın bütün dünya üçün mənfi presedent olmuş Qarabağdakı separatizm ocağını birdəfəlik söndürdü. Bax, budur Fransa, Almaniya, AŞPA, Avropa Parlamenti kimi ağa qara deyən üzdəniraq “demokratları” qəzəbləndirən! Əlbəttə ki, qəzəblərinin bir səbəbi də onların ötən ildən Laçın yoluna, ümumilikdə Qarabağa monitorinq qrupu göndərmək cəhdlərinin alınmaması, Azərbaycan ərazisində ikinci erməni dövləti yaratmaq planlarının alt-üst olmasıdır.
Cəmi 32 illik müstəqillik tarixi olan gənc bir dövlətin siyasi, iqtisadi, hərbi və digər sahələrdəki sürətli inkişafını həzm edə bilməyən üzdəniraq avropalı ermənipərəst “demokratlar” bu tərəqqinin qarşısını almaqda aciz olduqlarını artıq gizlədə bilmirlər. Bu səbəbdən də vaxtaşırı yalana, böhtana, saxtakarlığa, riyakarlığa, əsas sılahları olan ikili standartlar siyasətinə əl atırlar. Bədnam AŞPA-nın Azərbaycan nümayəndə heyətinin bu qurumun zalında bəyanat verib Assambleyada fəaliyyətini qeyri-müəyyən müddətə dayandırmasını bildirdikdən sonra ölkəmizin təmsilçiliyinin məhdudlaşdırılması barədə qəbul edilən qətnamə “arxadan atılan daş” effektli belə uğursuz addımlarından biridir. Şübhəsiz, bu da heç bir fayda vermədi və verməyəcək də. Çünki qürurlu, müstəqil, suveren, demokratik və multikultural dövlət olan Azərbaycan Respublikası belə riyakarlıqlarla, qərəzli qətnamələrlə, təhdid və təzyiqlərlə çox qarşılaşıb və hamısından da qalib çıxıb. Möhtərəm Prezidentimiz İlham Əliyevin bildirdiyi kimi, “Bizim siyasətimizə ancaq Azərbaycan xalqı, onun iradəsi təsir edə bilər”. Biz döyüş meydanında qalib gəldik, siyasi və diplomatik mübarizəmiz davam edir və inşallah xalqımızın birliyi və həmrəyliyi ilə bu mübarizədən də qalib çıxacağıq!
Afət Musa Abbasova
Qərbi Azərbaycanlılar İcmasının Qadınlar Şurasının üzvü f.e.d.prof.