Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev ənənəvi olaraq yerli televiziya kanallarına verdiyi müsahibədə ictimaiyyəti maraqlandıran, beynəlxalq ictimaiyyətə ünvanlanmış vacib mesajlar verilib. Ölkəmizin başçısı Azərbaycanın prioritet sahələrdə qazandığı nəaliyyətlər, icra olunan layihələr barəsində əhatəli məlumat verdi. Eyni zamanda qarşıdan duran hədəflərlə əlaqədar prioritet istiqamətlər də ölkə ictimaiyyətinə açıqlandı. Cənab Prezident müsahibəsidə sözsüz ki, həm xarici, həm də daxili auditoriya üçün mühüm mesajlar ünvanladı.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, beynəlxalq münasibətlər sistemində olduqca mürəkkəb proseslərin getdiyi bir vaxtda Azərbaycan geopolitik proseslərlə yanaşı, qlobal siyasi proseslərə də təsir etmək imkanlarına malikdir: “Mürəkkəb proseslərin getdiyi vaxtda Azərbaycanda bütün sahələri əhatə edən, davamlı inkişafa hesablanmış addımlar atılır. Bu mənada cənab Prezident İlham Əliyevin qətiyyəti və liderliyi vacib amil kimi mühüm əhəmiyyət kəsb edir. Cənab Prezident müsahibə zamanı jurnalistlərin ötən müddətdə Azərbaycanda iqtisadi, sosial sahələrdə görülən işlər, növbədənkənar Prezident seçkiləri, Azərbaycanla Ermənistan arasındakı münasibətlərə, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işləri, ölkəmizin xarici siyasəti və digər vacib məsələlərlə dair suallarını tam əhatəli və dolğun bir şəkildə yüksək səviyyədə cavablandırıb. Ölkəmizin başçısı Prezident seçkiləri ilə əlaqədar olaraq, ilk dəfə suveren ərazilərimizdə keçiriləcək seçkilərin əhəmiyyətinə toxunub. Dövlət başçısının vurğuladığı kimi “Prezident seçkiləri bütün digər seçkilərlə müqayisədə ən vacib seçkilər olduğu üçün bütün ərazilərdə keçiriləcək birinci seçkilər prezident seçkiləri olmalıdır”. Azərbaycan öz suverenliyini tam bərpa edib və bu baxımdan seçkilər bir dövrə yekun vuran mühüm bir proses olacaq”.
Deputat hesab edir ki, Azərbaycanın 30 il işğal altında qalmış ərazilərini azad etməsi və suverenliyini tam bərpa etməsi, burada yaradılan infrastruktur, salınan müasir yaşayış məntəqələri möhtəşəm hadisədir: “Məhz bu kontekstdən fevralın 7-də baş tutacaq növbədənkənar prezident seçkiləri Azərbaycan üçün yeni bir dövrün başlanğıcı olacağı şübhəsizdir. Eyni zamanda dövlətimizin başçısının müsahibəsində xüsusilə vurğuladığı məqamlardan biri də Azərbaycanla Ermənistan arasında sülh, sərhədlərin delimitasiya və demarkasiya məsələsi ilə bağlı idi. Cənab Prezident bildirib ki, hələ də işğal altında olan səkkiz kənd daim gündəlikdədir. Ölkə başçısı vurğuladı ki, bu məsələ ətrafında davamlı olaraq müzakirələr aparılır. Həmçinin delimitasiya ilə bağlı komissiyaların gündəliyində də bu məsələnin olduğu qeyd edilib. Azərbaycan torpaqlarının XX əsrdə hissə-hissə Ermənistana verilməsi faktını önə çəkən ölkə başçısı 1918-ci ildə Azərbaycan Demokratik Respublikası yaranandan bir gün sonra, əfsuslar olsun ki, İrəvan şəhəri Ermənistana verildi. Halbuki bunun heç bir əsası yox idi. Bu, qədim Azərbaycan şəhəridir. Azərbaycan xalqı əsrlər boyu orada yaşayıb və İrəvanın tarixi, yəni, bu gün silinməkdə olan tarixi görkəmi Azərbaycan memarlıq abidəsinin mövcudluğunu, çoxəsrlik mövcudluğunu təsdiqləyir. İrəvan o şəhərlərdəndir ki, sanki orada köhnə şəhər yoxdur, sadəcə olaraq, Azərbaycan şəhəri olub, o da sökülüb, dağılıb”. Bununla bağlı danılmaz, inkarolunmaz faktlar, xəritələr mövcuddur. Çünki tarixi torpaqlarımız 1920-ci il xəritələrində Zəngəzur Azərbaycan ərazisi olduğunu öz əksini tapıb. Azərbaycandan Ermənistana keçmiş sovet dövründə sonuncu torpaq hədiyyəsi 1969-cu ilin may ayında olunub. Amma həmin vaxta qədər Azərbaycan torpaqları hissə-hissə Ermənistana verilirdi və təxminən 100 min kvadratkilometrdən 86,6 min kvadratkilometrə qədər düşmüş oldu. Tarix sübut edib ki, Azərbaycandan Ermənistana torpaq hədiyyə verilməsinə məhz Ulu Öndər Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra son qoyulub. Bu reallıqlar sübut edir ki, Azərbaycanın mövqeyi tamamilə ədalətlidir”.
Millət vəkili Prezident İlham Əliyevin müsahibəsində Azərbaycanın gələcək inkişaf trayektoriyası ilə yanaşı ölkəmizə qarşı çıxan, anti-Azərbaycan mövqeyi nümayiş etdirənlərə də vacib mesajlar ünvanladığnı söyləyib: “Cənab Prezidentin vermiş olduğu bu mesajlar sözsüz ki. vətəndaşın dövlət inamına, xalq-dövlət birliyinə, həmrəyliyinin sarsılmazlığına əsaslanır. Bu gün Azərbaycan öz tarixinin yeni dövrünü yaşayır. Təbii ki, müstəqil tariximizin ən həlledici məqamı məhz 2003-cü ildən başlanılıb. Çünki o vaxt ölkəmizin gələcəyi ilə bağlı konseptual yanaşma tam özünü təsdiqləmişdi, yəni, Heydər Əliyev siyasəti davam etdirildi. Əgər tarix başqa istiqamətdə getsəydi, bilmək olmaz, xalqımız, dövlətimiz hansı bəlalar, faciələrlə üzləşə bilərdi. Hər halda, müstəqilliyimizin ilk iki ili əyani şəkildə göstərir ki, güclü lider olmadan və düşünülmüş siyasət olmadan istənilən ölkə, xüsusilə gənc müstəqil ölkə çox ciddi təhlükələrlə üzləşə bilər. Məhz bu kontekstdə bugünkü Azərbaycan sözün əsl mənasında dünya miqyasında güclü ölkələr sırasındadır. Hesab edirəm ki, bu, həm beynəlxalq aləmdə, həm regionda, eyni zamanda, daxili siyasət prioritetlərinin düzgün seçilməsində bir çox ölkələr üçün nümunə ola bilər. Təbii ki, bu gün ölkə qarşısında duran yeni vəzifələr yeni dövrün vəzifələridir. Ölkəmizin suverenliyini tam bərpa edilib. Bu mənada sentyabr hadisələri, əlbəttə ki, ümumi kontekstdən çıxarıla bilməz. Ölkə başçısının da vurğuladığı kimi “Yəni, sentyabra qədər getdiyimiz yol məqsədyönlü yol idi, məqsədə hesablanmış yol idi, düzgün yol idi. İstər siyasi müstəvidə, istər hərbi müstəvidə, istər ölkəmizdə gedən proseslər nöqteyi-nəzərindən bu hadisə bütün işlərimizin, elə bil ki, son nidası idi. Bu gün biz 2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə kimi, xalq kimi başlayırıq. Hesab edirəm ki, müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən sonra başlayır”.
Məlahət İbrhimqızı Azərbaycanın bu gün özünün yaratdığı yeni reallıq fonunda beynəlxalq mexanizmin işlək olmadığını vurğulayıb: “Reallıq odur ki, bu gün beynəlxalq hüquq anlayışı işlək deyil. Bir çox böyük dövlətlər və güclər beynəlxalq hüquqa məhəl qoymur. Dövlət başçısının da qeyd etdiyi kimi “dünyada beynəlxalq hüquq işləmir. Bu mexanizmlər ancaq zəif ölkələr üçün işə salınır. Böyük dövlətlər buna məhəl qoymur. Onlar üçün sanki qanun qanun deyil, beynəlxalq hüquq hüquq deyil. Belə olan halda, ədaləti tələb edən, haqlı olaraq tələb edən ölkələr bu ədaləti özləri təmin etməlidir. Biz, məhz bu prinsipi rəhbər tutaraq son illər ərzində fəal işləmişik və ədaləti özümüz bərpa etmişik. Ona görə bu, o cümlədən bu nöqteyi-nəzərdən də önəmlidir, çünki ədalətə inam bərpa edildi. Yəni, biz hamımız gördük ki, bəli, ədalət zəfər çalıb, biz öz haqq işimizi yekunlaşdırmışıq və ədaləti özümüz bərpa etmişik”. Bütün bunlar ona dəlalət edir ki, Xankəndidə şanlı Bayrağımızın dalğalanması ədalətin tam bərpası oldu.
Digər reallıq ondan ibarətdir ki, bu gün Azərbaycan Şərq-Qərb, Şimal-Cənub dəhlizləri üzərində vacib strateji mövqeyə sahibdir. Məhz bu kontekstdə Cənubi Qafqaz regionunda reallaşdırıla biləcək bütün beynəlxalq nəqliyyat layihələrinin ən önəmli iştirakçısı Azərbaycandır. Ölkəmizin razılığı olmadan regionda heç bir layihə reallaşa bilməz. Sözsüz ki, Zəngəzur dəhlizinin açılması bölgə üçün yeni bir reallıq yaratmaqla yanaşı istisadi-siyasi canlanmaya səbəb olacaq. Ermənistan və ona havadarlıq edənlərin bu reallığı dərk etməməsi ucbatından bu qlobal layihə üç ildir ki, ləngiyir. Amma buna baxmayaraq Zəngəzur dəhlizinin açılması istiqamətində siyasi dialoq davam edir. Ölkəmizin başçısı da vurğulayıb ki, Ermənistan Zəngilanla Ordubad arasındakı ərazidə Azərbaycana maneəsiz keçid verməlidir. Çünki bu, onların öhdəliyidir. Azərbaycanın hər zaman Ermənistandan fərqli olaraq alternativ planları və imkanları da var. Azərbaycan qısa yolla əsas ərazisini Naxçıvanla birləşdirmək məqsədilə artıq İranla razılığa gəlib. Belə olan halda özünün məkirli siyasətinə görə cənab Prezidentin də söylədiyiki “Ermənistan yenə dalan olaraq qalacaq.
Eyni zamanda BMT-də, Avropa İttifaqında Ermənistanın xeyrinə hansısa addımların atılacağı ilə bağlı verilən vədlər özünün doğrultmadı. Fransa kimi məkirli siyasət yürüdən ölkələrin mahiyyəti bir daha ifşa oldu. Azərbaycanın gücülü, diplomatiyası və etibarlı dost və tərəfdaşlırının mövqeyi ilə erməni lobbisinin arzusu, Fransanın çirkin planları puç oldu.
Bütün bunların fonunda isə Azərbaycan özünün bildiyi doğru yolda qətiyyətlə addımlayır. Artıq “Böyük Qayıdış dövlət proqramının icrası uğurla icra olunur. Ölkəmizin başçısı da Laçın, Füzuli şəhərlərinin, Ağalı, Talış və Zabux kəndlərinin sürətlə dirçəldiyini bura artıq ilk sakinlərin qayıtdığını bildirib. Həmçinin 2024-cü il ərzində Qarabağda və Şərqi Zəngəzurda infrastruktur layihələrinin hamısının davam etdiriləcəyi vurğulanıb. Nəticədə bu il Şuşa, Cəbrayıl, Kəlbəcər, Xankəndi və Xocalı şəhərləri də öz keçmiş sakinlərini qarşılayacağını bəyan edən cənab Prezident bunun Azərbaycan xalqına verilmiş çox böyük bir müjdə olduğunu da qeyd edib. Bütün bunlar onu göstərir ki, Azərbaycan cənab Prezident İlham Əliyevin rəhbərliyi daha böyük hədəflərə nail olacaq”.